Məhkəmə qərarları › İş №2(105)-1237/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1237/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1237/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-832/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, N10490, Quşçuluq yaşayış massivi, Azbentonitin yanı ünvanında yerləşən evin olduğu ünvan üzrə qaz istifadəsinə görə əsassız olaraq yazılmış 1788.48 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi və Cavabdeh İB-yə vurulmuş 1788.48 manat zərərin və 37.89 manat dövlət rüsumunun İddiaçı məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, N10490, Quşçuluq yaşayış massivi, Azbentonitin yanı ünvanında yerləşən ev faktiki olaraq İddiaçı mülkiyyətindədir. Həmin ünvanda abonent kodu **********00020 olmaqla Cavabdeh İB təbii qaz enerjisi ilə təmin edir. İddiaçı tərəfindən vaxtlı-vaxtında ödənişlər olunmaqla mənzil təbii qaz enerjisi ilə təmin olunmuşdur. Sayğaclar evin çölə baxan fasadında yerləşdirilmiş və istifadə edilən aylıq sərfiyyatı Cavabdeh İB-nin əməkdaşları müəyyən edir. Yəni, İddiaçı haqqını ödəmədiyi 1 m3 qazı belə istifadə etməmişdir. Lakin xx.xx.2022ci il tarixdə Cavabdeh İB tərəfindən sözügedən ünvanda yerləşən Smart G-4 İtron Diafraqma №1402AZ**********91 nömrəli sayğac özünü qurumun əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən texniki problem olduğu bildirilərək yerindən çıxarılmış və aparılmışdır. Belə ki, sözügedən sayğac möhürlü və plomblu olmuş, ona müdaxilə edilməmişdir. Bu hal sayğacın çıxarıldığı zaman həmin şəxslər tərəfindən müşahidə edilmiş və plombu çıxarmışlar. xx.xx.2022-ci il tarixdə yenə özünü Cavabdeh İB-nin nümayəndələri kimi təqdim etmiş şəxslər tərəfindən nöqsan aşkarlanmış və xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib olunmuşdur. Bu zaman müddətində sayğac bərpa edilməmişdir. Daha sonra, “Azəriqaz İB”-nin əməkdaşları İddiaçı guya qəsdlə bunu etməsi səbəbilə sayğacın sökülməsini, artıq qaz sərfiyyatı üçün cəmi 14904 m3 olmaqla, 1788.48 manat borcun yarandığını və həmin borcun ödənilməsini bildirmişdir. Sonra cavabdeh qurum elektron sayğac qurmuş və həmin məbləği mənfi olaraq göstərərək İddiaçı haqsız tutulmalar etmişdir. Belə ki, cavabdeh əvvəlcə köhnə sayğacı çıxarmış, sonra özü yoxlama aparmışdır. Hansı ki, İddiaçı həmin yoxlamalarda iştirak etməmiş və aktlara imza atmamışdır. Ayrıca, sayğacda yaranmış nasazlıq həqiqəti əks etdirsə belə, bu hal İddiaçı deyil, cavabdehin qüsuru səbəbindən ortaya çıxmışdır ki, bu da cavabdehə bu qüsur nəticəsində yaranmış borcun İddiaçı tələb etməsinə haqq qazandırmır. Cavabdehin sayğacla bağlı problemləri həll etməsi onun vəzifəsidir və bu vəzifəni İddiaçı üzərinə qoya bilməz. Cavabdehin İddiaçı nöqsanı olsa idi belə, bu müddət ərzində sayğacı yeniləməməsi və göstərilən məbləğin borc olaraq qeyd edilərək tələb etməsi qanunsuzdur. Ona görə də hesab edir ki, əsassız olaraq yazılmış 1788.48 manat borc “Azəriqaz İB” tərəfindən silinməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.6, 2.1.8-2.1.10, 2.2.1, 2.2.3, 2.2.4, 2.2.5.4, 2.3.1 və 2.3.4-cü maddələrində bu hallar açıq-aşkar qeyd edilmişdir. Qeyd olunan müddəalara görə istehlakçı istifadə etdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən ödəyir. Qaz sayğacına yoxlamanın keçirilməsi, zədələnmiş qaz sayğacını dəyişmək və yenisi ilə əvəz etmək cavabdehin öhdəliyindədir. Həmçinin, paylayıcı o halda istehlakçıdan dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər ki, bu hal istehlakçının təqsirli hərəkətlərinin nəticəsində yaranmış olsun. Belə ki, istər sayğac çıxarıldığı zaman, istərsə də yeni sayğacın gətirilib qoşulduğu müddətdə özlərini cavabdehin əməkdaşları kimi təqdim edən şəxslər heç bir vəsiqə təqdim etməmişlər. Həm sayğacı sökən şəxslər, həm də akt tərtib edərək yenisi quraşdıranlar Cavabdeh İB-nin əməkdaşları formasında olmuş və özlərini əməkdaş kimi təqdim etmişlər. Bayır divarında duran sayğacın qüsuru varsa, bu sayğacın daxilində olan problemdir ki, İddiaçı bunu müəyyən edə bilməsi mümkün deyildir. Cavabdeh buna nəzarət etməli və vaxtlı-vaxtında bu halı müəyyən edib tədbir görməlidir. Həmçinin, maraqlı olan bir məqam yaz ayında kimin radiator istifadə etməsindədir. Aprel ayının sonu, may ayında Abşeron rayonunda radiator işlədilməsi mümkün deyildir. Lakin hal-hazırki vəziyyətdə İddiaçı normadan artıq və heç bir texniki əsaslandırma aparılmadan qaz enerjisi sərfiyyatı yazılmış və istehlakçı borclandırılmışdır.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB tərəfindən **********00020 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarının tələblərinə əməl etmək”) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1425.60 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla cəmi 1788.48 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda, ümumi olaraq 1788.48 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-832/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1019.52 (min on doqquz manat əlli iki qəpik) manat borcun abonent kodu **********00020 olan İddiaçı məxsus abunə hesabından silinməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə 768.96 (yeddi yüz altmış səkkiz manat doxsan altı qəpik) manat pul vəsaitinin alınaraq Cavabdeh İB-nin xeyrinə tutulması, Cavabdeh İB-dən dövlət rüsumuna görə 30.2 (otuz manat iyirmi qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı dövlət rüsumuna görə 30 (otuz) manatın alınaraq Cavabdeh İB-nin xeyrinə tutulması, ilkin və qarşılıqlı iddia ərizələrinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İlk iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq, 406.08 (1.2x24x30=864, 3.5x24x30=2520, 864+2520=3384, 3384x0.12=406.08) manat, xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat olmaqla, ümumilikdə, cəmi 768.96 (406.08+362.88=768.96) manat pul vəsaitinin silinməsi qənaətinə gəlir. Ona görə də, 1019.52 (1788.48- 768.96=1019.52) manat pul vəsaiti abonent İddiaçı məxsus abonə hesabından silinməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, abonentlə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən, abonentə məxsus evə quraşdırılmış qaz sayğacı kombi və 4 gözlü qaz plitəsi üçün quraşdırıldığı halda, xx.xx.2022-ci il tarixli tələbnamə əsasında isə radiatordan qeyri-qanuni istifadəyə görə cərimə hesablanmışdır. Halbuki, məhkəmə araşdırması zamanı radiator əşyasının olması öz təsdiqini tapmamış, Cavabdeh İB-nin nümayəndəsi isə qarşılıqlı iddia tələbini həmin hissədə sübuta yetirə bilməmişdir . Ona görə də Cavabdeh İB tərəfindən radiator üçün hesablanmış 1728 m3 borc məhkəmə tərəfindən nəzərə alınmır.

7. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi təsdiqini tapsa da, 1788.48 manat yazılmış borcdan 1019.52 manat borcun silinməsi müəyyən olunduğundan, qarşılıqlı iddia üzrə qalıq qalmış 768.96 manat pul vəsaiti İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1, Mülki Məcəllənin 425.1, 425.2, 430.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının 2.1.5, 2.1.10, 2.1.12-ci bəndlərinin, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217.4-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı təbii qazdan istifadəyə görə 1019,52 manat borcun silinməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda məhkəmə iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, məhkəmə əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçı aid olan **********00020 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, məhkəmənin gəldiyi səhv nəticə qaz paylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:

5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1019.52 manat borcun İddiaçı məxsus abunə hesabından silinməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Qaz paylayıcısı və istehlakçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

21. İş materiallarında olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir. Göstərilən müqavilənin 2.3.6-cı bəndinə əsasən istehlakçı müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. İşdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.

25. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3024 m3 ödənilməsi qərara alınmışdır. Əsas xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur.

26. Abonent kodu **********00020 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Quşçuluq massivi (Azbentonit) ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4 Smart **********189 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitəsi (PQ-4)(1/1), qənaətli su qızdırıcı (1/1), qızdırıcı radiator peçi (1/1). Aktlara əsasən hesablanmış abonentin 2022-ci ilə aid olan borcu 1788.48 manat göstərilmişdir.

27. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən 90 gün (3 ay) və xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən 30 gün (1 ay) müddəti üçün cərimə hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İBnin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə riyazi hesablama üsulu ilə xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 406.08 (1.2x24x30=864, 3.5x24x30=2520, 864+2520=3384, 3384x0.12=406.08) manat, xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat olmaqla, ümumilikdə, cəmi 768.96 (406.08+362.88=768.96) manat sərfiyyat olması, ona görə də 1019.52 (1788.48-768.96=1019.52) manat pul vəsaitinin abonent İddiaçı məxsus abonə hesabından silinməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, abonentlə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən, abonentə məxsus evə quraşdırılmış qaz sayğacı kombi və 4 gözlü qaz plitəsi üçün quraşdırıldığı halda, xx.xx.2022-ci il tarixli tələbnamə əsasında isə radiatordan qeyri-qanuni istifadəyə görə cərimə hesablanmışdır. Halbuki, məhkəmə araşdırması zamanı radiator əşyasının olması öz təsdiqini tapmamış, Cavabdeh İB-nin nümayəndəsi isə qarşılıqlı iddia tələbini həmin hissədə sübuta yetirə bilməmişdir. Ona görə də, Cavabdeh İB tərəfindən radiator üçün hesablanmış 1728 m3 borc məhkəmə tərəfindən nəzərə alınmamışdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

30. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-832/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar