Məhkəmə qərarları › İş №2(105)-1240/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1240/2022

28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1240/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndələri X5 və X1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona hesablanmış 5339,9 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, həmin yaşayış evi ona məxsusdur. Bu ünvana cavabdeh ‘’Azəriqaz’’ İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və sayğac qoyulmuşdur. 2021-ci ilin sentyabr ayında onun 734 kub.metr, yəni 73 manat 40 qəpik qaz sərfiyyatı olmuş, 2021-ci ilin oktyabr ayında isə o, 764 kubmetr qazdan istifadə etmişdir. Lakin oktyabr ayında ona əlavə olaraq 21.480 kubmetr qaz həcmi yüklənmiş və 5339,9 manat əlavə borc yazılmışdır. Dəfələrlə şifahi müraciətinə baxmayaraq ona yaranan borcu ödəməli olması bildirilmiş, bununla bağlı ona izah verilməmişdir. Cavabdeh onu əlavə təbii qazdan istifadə etməkdə təqsirləndirərək, ona əsassız borc hesablasa da, etdiyi ödənişlərə fikir verməmişdir. O, sayğac vasitəsi ilə 1498 kubmetr qazdan istifadə etmiş, əlavə xətti olmamış, sayğaca müdaxilə etməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evindən bağ evi kimi istifadə etmiş və müəyyən vaxtlarda orada yaşamışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və sayğac qoyulmuşdur. Belə ki, 2021-ci ilin sentyabr ayında o, 734 kub.metr, yəni 73 manat 40 qəpik dəyərində qaz sərfiyyatı etdiyi təqdirdə, birdən-birə oktyabr ayında ona 21.480 kub.metr qaz sərfiyyatının olması, yəni 5339 manat 90 qəpik dəyərində borc yazılmışdır. Bundan sonra o, dəfələrlə aidiyyatı quruma müraciət etsə də, ona borcu ödəməli olması bildirilmişdir. Evinin qazla təchiz olunması ilə bağlı onun bu günə qədər cavabdehə qarşı heç bir pretenziyası olmamışdır. Həmçinin cavabdehin də ona qarşı aralarında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi barədə heç bir pretenziyası olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, onun tərəfindən məhkəməyə iddianın əsası və sübutu olaraq cavabdeh tərəfindən tərtib olunmuş abonent saldosu təqdim edilmişdir. Həmin sənədə baxdıqda onun qaz təchizatına görə 2021-ci ilin iyuluna qədər borcu olmadığı aydın olur. Lakin birdən-birə bir ay ərzində qeyd olunan 5399 manat 90 qəpik məbləğində borc ortaya çıxır. Cavabdeh isə bunun məntiqi izahını məhkəməyə təqdim edə bilmir. Keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi bildirmişdir ki, qeyd olunan halı izah etməyə xüsusi biliyi olmadığına görə mütəxəssis dəvət edəcəkdir. Məhkəmə də buna görə iclası təxirə salsa da, cavabdehin nümayəndəsi növbəti məhkəmə iclasına həmin mütəxəssisi gətirməmişdir. Buna baxmayaraq tərəfindən iddia tələbində istinad etdiyi halları təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid X3 məhkəmə iclasına buraxılmamışdır. Halbuki həmin şəxs borcun yarandığı və ondan əvvəlki illərdə ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi evə və onun ətrafında olan evlərə verilən qaz təchizatının nəzarətçisi kimi cavabdehin rəsmi işçisi olmuşdur. Bununla da məhkəmə onun sübütlar təqdim etmək hüququnu məhdudlaşdırmış, qətnamədə isə onun yaranmış borcunun əsassız olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini qeyd etmişdir. Həmçinin məhkəmənin qətnaməsində qeyd etdiyi xx.xx.2021-ci il tarixli, ******* saylı akt da onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin aktdan da görünür ki, ona məxsus olan fərdi yaşayış evinə cavabdeh tərəfindən quraşdırılmış qaz sayğacı istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. Belə ki, tədim olunmuş abonent saldosundan da görünür ki, sayğac dəyişdirildikdən sonra, yəni 2021-ci ilin iyulunda qazın sərf olunması, bununla bağlı ödənişin yaranması və ayın sonuna olan borc qrafası tamamilə "0" göstəricisindədir. Qeyd olunan borcun nədən qaynaqlandığı və həmin borcun yaranmasına səbəb olmuş sərfiyyatın necə yarandığı barədə cavabdeh tərəfindən heç bir akt və yaxud da üzləşmə kitabçası məhkəməyə təqdim edilməmişdir. Ona məxsus olan fərdi yaşayış evinə cavabdeh tərəfindən qazın verilməsi ilə bağlı quraşdırılmış sayğac mexaniki sayğac olduğu üçün, qeyd olunan borcun hesablanmasının necə və hansı qaydalar əsasında aparıldığı və cavabdeh tərəfindən yeni quraşdırılmış sayğacda olan göstəricilərdə bu borcun necə əks olunması barədə mütəxəssis tərəfindən rəy alınmalıdır. Buna görə də məhkəmə qanunvericiliyin ona verdiyi səlahiyyətlərə əsasən işin tam ədalətli araşdırılması üçün iş üzrə müvafiq ekspertiza təyin edə bilərdi. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 02 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcdur. Həmin borc qaz sayğacı çıxarılarkən sayğacın göstəricisinə əsasən hesablanmışdır. Cavabdeh nümayəndəsi X4 da məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, eyni məzmunlu izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evə quraşdırılmış qaz sayğacı dəyişdirilmək üçün çıxarılarkən sayğacın göstəricisi 33.280 kub.metr olmuşdur. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında (abonent kodu **********14750) abonentin borcu oktyabr 2021-ci il tarixinə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-ci və 9-cu hissələrinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan abonent saldosundan müəyyən edilir ki, iddiaçının evinə quraşdırılmış sayğac üzrə oktyabr 2021-ci il tarixinə istifadə olunmuş təbii qaza görə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat ödənilməmiş borc hesablanmışdır. Həmçinin abonent saldosundan görünür ki, İddiaçı 2015-ci ildən sonra təbii qazdan istifadəyə görə ödəniş etməmişdir. Halbuki İddiaçı iddia ərizəsində Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar