Məhkəmə qərarları › İş №2(105)-1241/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1241/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1241/2024 15.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(060)-1441/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021- ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********17116 “İphone 12 Pro Max” markalı telefon, “Apple 20w Usb-C” adapter üçün 3247.87 (üç min iki yüz qırx yeddi manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 324.13 (üç yüz iyirmi dörd manat on üç qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung Led TV” üçün 505.97(beş yüz beş manat doxsan yeddi qəpik) manat ödənilməmiş hissə, 50.03 (əlli manat üç qəpik ) manat cərimə olmaqla, ümumilikdə, 4128 manat borc və 61.28 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********17116 “İphone 12 Pro Max” markalı telefon, “Apple 20w Usb-C” adapter və “Samsung Led TV” almış və nəticədə 4128 (dörd min yüz iyirmi səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4437.6 (dörd min dörd yüz otuz yeddi manat altmış qəpik) manat (yəni 12 ay x 369.8 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********17116 “İphone 12 Pro Max” markalı telefon, “Apple 20w Usb-C” adapter üçün ümumilikdə, 3572 (üç min beş yüz yetmiş iki) manat olmaqla ondan 3247.87 (üç min iki yüz qırx yeddi manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 324.13 (üç yüz iyirmi dörd manat on üç qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1112.4 (min yüz on iki manat qırx qəpik) manat (3 ay x 360 manat + 32.4 manat ilkin ödəniş) “Samsung Led TV” üçün ümumilikdə, 556 (beş yüz əlli altı) manat olmaqla ondan, 505.97 (beş yüz beş manat doxsan yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.03 (əlli manat üç qəpik ) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1796.16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim” aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(060)-1441/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 3247,87 (üç min iki yüz qırx yeddi manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 505,97 (beş yüz beş manat doxsan yeddi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla ümumilikdə, 3823,84 (üç min səkkiz yüz iyirmi üç manat səksən dörd qəpik) manat borc və 61,28 (altmış bir manat iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün göndərilməsini və Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(060)-1441/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(060)-1441/2024 nömrəli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1441/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır(hakim Günel Tanrıverdiyeva). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin MPM-in 284-cü maddəsinin tələbləri baxımından səlahiyyətinin olmasına baxmayaraq, iş üzrə heç bir ətraflı araşdırma aparmamış, iddiaçı tərəfindən öz lehinə qərar çıxarılmasına əsas olan sübutları əsas götürmüş və qeyd olunan qətnaməni çıxarmışdır. Halbuki işin faktiki halları iddiaçının öz ərizəsində qeyd etdikləri kimi deyildir. Belə ki, həmin müqavilə üzrə müvafiq ödənişlər onun tərəfindən edilmiş, eləcə də cavabdeh orqanın əməkdaşları tərəfindən aldadılmışdır. Hesab edir ki, məhkəmə tərəfindən hazırki işə baxılan zaman tərəflər işə cəlb edilməli, izahatlar alınmalı və ona uyğun yekun qərar çıxarılmalı idi. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan prosesual hüquq normasının tələbləri kobud şəkildə pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23109038 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung Led TV” almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22455128 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMCdən İMEİ KOD **********17116 “İphone 12 Pro Max” markalı telefon, “Apple 20w Usb-C” adapter almışdır. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 4128 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, buna görə də borc məbləği cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə ödənişlər etdiyini bildirsə də, işə apellyasiya qaydasında baxılan zaman məhkəmə proseslərinin təxirə salınmasına baxmayaraq, iş üzrə əhəmiyyətli olan hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(060)-1441/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar