Məhkəmə qərarları › İş №2(105)-1244/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1244/2021

03.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1244/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3054/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3054/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin olunmuş, tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli borc (kredit) müqaviləsi ləğv edilmiş, Cavabdeh 22225 manat məbləğində borc pulun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında 02 mart 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 22225 manat məbləğində borc pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, tərəflər arasında 02 mart 2020ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 22225 manat məbləğində borc pul vermişdir. Tərəflərin arasında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu 2 il müddətinə, yəni 02.03.2021-ci il tarixədək hissəhissə qaytarmalı olduğu halda müqavilə üzrə götürdüyü öhdəliyi pozaraq iddiaçıya qaytarmalı olduğu borcdan heç bir məbləğ ödəməmişdir. O, dəfələrlə cavabdehdən borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsini tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən yayınır. Bununla da, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Çünki cavabdeh müqavilə üzrə öhdəliklərini hissə-hissə bu günədək ödəmiş olsaydı borcun böyük bir hissəsi ödənilmiş olacaqdı. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iddiaçı ona heç bir borc verməmişdir. Notarius depozitinə tamamilə başqa şəxs tərəfindən bu məbləğ qoyulmuş və yenidən götürülmüşdür. İddiaçı ilə onun arasında 2015-ci ildə ticarət sahəsində münasibətlər yaranıb, belə ki, paltar alışsatışı üçün hər ikisi şərik olaraq ümumilikdə 25000 (15000 manatı o, 10000 manatı isə iddiaçı verib) manat pul sərmayəyə qoymuşlar. Manat devalvasiyaya uğradığından hər ikisi ziyana düşmüşlər, sonra o, ziyandan çıxmaq üçün özünə məxsus olan 1 otaqlı evi satmağa məcbur olmuşdur. Buna baxmayaraq alver edə bilməmiş, daha da ziyana düşmüşlər. O, iddiaçıya bildirmişdir ki, artıq bu işlərdən kənara çəkilmək istəyir, iddiaçı isə onu inandırmışdır ki, “1-2 il də döz, yaxşı olacaq.” Buna baxmayaraq yenə də ziyana düşmüşdür, belə ki, dükanın aylıq icarə haqqı olaraq 1000 manat vermiş, əlavə olaraq vergi və digər ödənişləri də o, ödəmiş, iddiaçı isə hər hansı xərc çəkməmişdir. İddiaçı daha sonra ona bildirmişdir ki, “notariat kontoruna gedək, formal kredit müqaviləsi bağlayaq, çünki evdə ailə üzvlərim arxayın olsun.” O da iddiaçının sözünə aldanıb Sumqayıt şəhər 1 saylı notariat kontoruna getmişdir. Notarius pulun depozitə köçürülməsini tələb etdiyindən iddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən valyuta dəyişmə məntəqəsində işləyən şəxsdən 22225 manat pul götürmüş və notariusun depozitinə qoymuşdur. Daha sonra, həmin pulu elə valyuta dəyişmə məntəqəsinin əməkdaşı depozitdən götürmüşdür, yəni ona borca heç bir məbləğ verilməmişdir. Lakin bu hal məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Məhkəmə göstərmişdir ki, guya iddiaçı şifahi olaraq ondan borcun qaytarılmasını tələb edib. Onların arasındakı kredit müqaviləsi formal bağlandığından aydındır ki, iddiaçı kredit müqaviləsində göstərilən məbləği ondan tələb etməmişdir. O, bu mübahisədən məhkəmə tərəfindən ona bildiriş (çağırış vərəqəsi) gəldikdə xəbər tutmuşdur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ona borcun qaytarılması barədə xəbərdarlıq göndərməmişdir, buna görə də birbaşa onun məhkəməyə müraciət etməsi əsassızdır. Bundan əlavə, kredit müqaviləsinin 7-ci bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmalıdır. İddiaçı tərəf bu tələbə də riayət etməmiş, məhkəmə isə qətnamə qəbul edərkən bu qaydaları nəzərə almamışdır. Buna görə də qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı vəkili və nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 02 mart 2020-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 22225 manat məbləğində faizsiz borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu 2 il müddətinə, yəni 02.03.2021-ci il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında 02 mart 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 22225 manat məbləğində borc pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bunun üçün o, tərəflər arasında imzalanmış 02 mart 2020-ci il tarixli bağlanmış borc müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin 7-ci maddəsinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Yenə həmin müqavilənin 10-cu maddəsinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İşdən göründüyü kimi, İddiaçı müqavilə üzrə pulun qaytarılması, habelə müqavilənin ləğv edilməsilə bağlı Cavabdeh notarius vasitəsi ilə hər hansı bildiriş göndərməmiş, onlar arasında imzalanmış borc müqaviləsinin 7 və 10-cu maddəsinin tələblərinə əməl etmədən hazırkı iddia ərizəsilə birbaşa məhkəməyə müraciət etmiş, məhkəmə də işə ümumi qaydada baxaraq iddia ərizəsini təmin etmişdir. Halbuki, Mülki Məcəllənin 423.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Yenə həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi iddiaçı tərəf qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Mülki prosessual qanunvericiliyə əsasən bu tip mübahisələr üzrə iddiaçı hökmən mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməli, bu nəticə vermədikdə isə müvafiq iddia ərizəsilə məhkəməyə müraciət etməlidir. Bu qaydaya riayət etmədikdə isə cavabdehin hər hansı öhdəliyinin yaranmasından, bu öhdəliyin yerinə yetriliməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yenə həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3054/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ona yuxarıda sadalanan qaydalara əməl etdikdən sonra eyni əsaslarla iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 306, 384.0.4 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3054/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar