Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1245/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 20 ədəd «Daewoo» markalı soyuducu almışdır.
2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* saylı müqavilənin predmeti olan əşyaları təhvil almışdır.
3. xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mallar üçün 11 oktyabr 2023cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək hər ay 10000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
4. "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 20000 manat əsas borc, 7600 manat dəbbə pulu olmaqla, cəmi 27600 manat borcu vardır
5. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilə üzrə yaranmış borc öhdəliyinin 3 gün müddətində icra edilməsi tələb edilmiş, əks təqdirdə borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. Cavabdeh məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə NTK2204/044 saylı əmrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə səyyar kredit mütəxəssisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən NTX2309/172 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödnilməmiş 20000 manat əsas borc, 7600 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 172,80 manat dövlət rüsumunun, cəmi 27772,80 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023cü il tarixdə ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 20000 manat olan iyirmi ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 2 ay ərzində ödəmək şərti ilə, alınan malların dəyərini tam ödəməli idi. Ancaq heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə xx.xx.2023-cü il tarixədək olan əsas borcu 20000 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00 faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixinə cərimə (dəbbə pulu) 7600 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə əsas borc qismində 20000 manat, cərimə borcu qismində 20 manat olmaqla, cəmi 20020 (iyirmi min iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 172 (yüz yetmiş iki) manat, 80 (səksən) qəpik pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 601.1, 600.4, 442, 443.1, 445.2.1, 448.1, 425.1, 462.1 və 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(060)-1229/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnamə qəbul edərkən mübahisəyə ədalətsiz, qərəzli və qanunazidd yanaşmışdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə onun arasında xx.xx.2023-cü il tarixində bağlanılan nisyə alqı-satqı müqaviləsi iddiaçının öz hakimiyyətindən sui-istifadəsi nəticəsində bağlanılmış və həmin müqavilə onun ağır vəziyyətə düşməyinə səbəb olmuşdur. Nəticə etibarilə bu müqavilə onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur edildiyi məqdsəd olmuşdur. Qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin rəhbəri vəzifəsini icra edən Üzeyir Baxşəliyev onu otağına çağıraraq iş fəaliyyəti dövründə işləri üzrə yeyinti hallarının olubolmadığını soruşmuş, mən isə cavabında bildirmişdir ki, iş fəaliyyəti dövründə heç bir yeyinti halı baş verməmişdir. Bundan sonra Üzeyir Baxşəliyev öz hakimiyyətindən (rəhbər vəzifəsindən) istifadə edərək onu məcbur etmişdir ki, yeyinti halının olmamasının təsdiqi kimi nisyə alqı-satqı müqaviləsini imzalasın və araşdırma zamanı yeyinti halı aşkar edilməsə imzalayacağı həmin müqaviləni ləğv edəcəklər. Ona hədə ilə bildirmişdir ki, müqaviləni imzalamadığı təqdirdə yeyinti halı ilə bağlı faktları onun üzərinə yükləyəcəklər. O da iş fəaliyyətində yeyinti halının olmamasına əmin olduğu və ona işində problem yaratmamaları üçün məcbur olaraq xx.xx.2023-cü il tarixində 2 ay müddətinə bağlanılan və üzərinə 20000 (iyirmi min) manat məbləğində öhdəlik qoyulan nisyə alqı-satqı müqaviləsini və müqavilənin əlavəsi olan təhvil-təslim aktını imzalamışdır. Araşdırma zamanı onun tərəfindən heç bir yeyinti halına rast gəlinməmişdir. Buna baxmayaraq onunla bağlanılan nisyə alqı-satqı müqaviləsi iddiaçı tərəfindən ləğv edilməmiş və o qeyd olunan əqdin bağlanılması məqsədilə aldadılmışdır. Eyni zamanda qeyd edir ki, müqavilə üzrə nəzərdə tutulan malların heç biri ona təhvil verilməmiş və bununla bağlı heç bir sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Çünki "xxxx" MMC-də olan təcrübəyə əsasən malların müştəriyə çatdırılmasını təsdiq edən sənəd yalnız təhvil-təslim aktı deyildir. Bildirir ki, malların müştəriyə çatdırılmasını təsdiq edən sənəd çatdırılma qəbzidir. Sumqayıt şəhər Məhkəməsində məhkəmə prosesi zamanı tərəfindən çatdırılma qəbzi ilə bağlı sübutlar təqdim edilsə də, malın onun tərəfindən real olaraq təhvil alınmaması ilə bağlı bütün hallar məhkəmənin diqqətinə çatdırılsa da Sumqayıt Şəhər Məhkəməsi heç birinə münasibət bildirməmiş, qanunvericiliyin nəzərdə tutduğu halları araşdırmamış və mübahisəyə düzgün qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.
37. Kollegiya qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır.
41. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan 20 ədəd «Daewoo» markalı soyuducunu Cavabdeh vermiş, lakin cavabdeh əşyaların dəyərini 11 oktyabr 2023cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək hər ay 10000 manat məbləğində pul vəsaitini ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
42. Cavabdeh apellyasiya şikayətinin dəlillərində "xxxx" MMC ilə onun arasında xx.xx.2023-cü il tarixində bağlanılan nisyə alqı-satqı müqaviləsinin iddiaçının öz hakimiyyətindən sui-istifadəsi nəticəsində məcbur edilərək bağlanılmasına və müqavilə üzrə nəzərdə tutulan malların heç birinin ona təhvil verilməməsinə istinad etsə də, həmin faktları sübuta yetirə bilməmişdir.
43. Belə ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh müqavilənin predmeti olan əşyaları - 20 ədəd «Daewoo» markalı soyuducunu təhvil almışdır.
44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
47. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
48. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1229/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.