Məhkəmə qərarları › İş №2(105)-1248/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1248/2024

24.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1248/2024 24.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2003-cü ildə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən “A” nömrəli qeyriyaşayış binası (anbar) İddiaçı (bundan sonra iddiaçı) adına 01 saylı reyestr kitabında 430 reyestr nömrəsi ilə qeydə alınmışdır. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən qeyri-yaşayış sahəsi olan anbar İddiaçı mülkiyyətində olmaqla, buna əsas Abşeron rayonu 2 nömrəli sovxozun Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.1999-cu il tarixli aktı olmuşdur. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AA № 027625 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05/05/9 saylı bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarından çıxarış və xx.xx.2011-ci il tarixli 690/11 saylı bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddiaçının həyətinə gələn yolun, eyni zamanda, cavabdeh tərəfindən iddiaçının həyətinin bağlanmış giriş qapısının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. Qonşusu olan cavabdeh 2021-ci ildə iddiaçının mülkiyyətində olan anbarın küçəyə çıxış hissəsini qanunsuz olaraq bağlayaraq zəbt etdiyi ərazidə (yolda) özbaşına tikinti işləri aparmışdır. Nəticədə, iddiaçı mülkiyyətində olan anbar sahəsindən istifadə edə bilmir. Dəfələrlə, iddiaçı etirazını bildirsə də, cavabdeh bu iradlara məhəl qoymur. Həmçinin, mülkiyyətdə olan torpaq sahəsində və üzərindəki tikililərdə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh iddia tələbinə qarşı etiraz bildirərək qeyd etmişdir ki, o və qardaşı kiçik bir sahibkar kimi fəaliyyət göstərir və hazırda, onların 20-25 nəfər işçisi vardır. O, özü 14 yaşından ticarətlə məşğuldur. Yeni tikili olaraq inşa edildiyi iddia edilən tikili əslində köhnə tikili olmuş və onun tərəfindən təmir etdirilmişdir. Bina yararsız vəziyyətdə olmuş, təmir üçün o, icra başçısından icazə almış və bu barədə sənədləri də vardır. Həmin tikili yeni tikili deyildir. 1988-ci ildə mövcud olmuş daşlar hələ də həmin yerdə mövcuddur ki, bunu ekspert özü də həmin daşların keyfiyyətini müəyyən etməklə aşkara çıxara bilər. Ona məxsus olan sənəd 1988-ci ilə aid olan sənəddir. Sözügedən tikili birmərtəbəli olmaqla qəzalı şəraitində olmuş, binaya yoldan gələn su yığıldığından divarlar çatlamışdır. Həmin tikili iki ildir ki, yeni təmirdən çıxmışdır. Hazırda, onda olan sənəd əsasında “Nemət” adlı çörək zavodu kimi tikili fəaliyyət göstərmiş, həmin tikilini o vaxt onlar alanda yol olmamış, tikiliyə dair çıxarış olmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsinin sədri Nümayəndə1 qeyd etmişdir ki, hazırki mülki iş üzrə tərəfləri tanıyır və tərəflər qonşu olmaqla qonşuluq münasibətləri vardır. Uzun illərdir ki, təxminən 1988- 1990-cı illərdən etibarən mübahisəli torpaq sahəsi mövcuddur. Başqa sözlə, iddiaçı bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə, o, iddiaçının müavini olmuş, sözügedən torpaq sahəsi də həmin vəziyyətdə iddiaçının bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdən mövcud olmuşdur. İddiaçı vaxtında torpaq mübahisəsini həll etmiş olsaydı, cavabdeh həmin yerdə tikili inşa etməmiş olardı. İddiaçı sözügedən torpaq sahəsini sovxozun vaxtında özəlləşdirib almışdır. Əgər inşa edilmiş tikilinin ön və arxa hissədən giriş-çıxış qapıları varsa artıq kənar hissədən giriş-çıxış yolunun açılmasına ehtiyac yoxdur. İnşa edilmiş tikili təxminən iki il, il yarım müddətdir ki, inşa edilmiş və layihədə həmin tikili tərəfdən yola çıxış qeyd olunmamışdır. İddiaçı 2004-cü ildən 2014-cü ilə qədər bələdiyyə sədri olmuşdur. Torpaq sahəsi iddiaçının adına 2011-ci ildə qeydə alınmış və həmin müddətdən etibarən iddiaçı cavabdehlərə qarşı tikililərin sökülməsi ilə bağlı hər hansı bir iddiada olmamışdır. 2003-cü ildə torpaq komitəsindən torpaq sahələrinin mülkiyyətçilərinin qeydiyyata alınması ilə bağlı kitabça və xəritə verilmişdir. Xəritədə də həmin yer göstərilmişdir ki, tikintialtıdır və həmin ifadə qurumda məsələn, “BB843” nömrəsi ilə qeydiyyata alınmış, başqa sözlə, vətəndaşın istifadəsindədir. Ümumilikdə, həmin torpaqlar bələdiyyənin mülkiyyətindədir. Həmin ərəfədə iddiaçı bələdiyyə sədri olduğundan çox yaxşı bilirdi ki, torpaq sahələrinin onun torpaq sahəsindən çölə nə çıxışı olmuş, nə istifadə etmiş və cavabdehin istifadəsində olduğunu bildiyi halda həmin vaxt iddia etməmişdir. Artıq üzərindən uzun illər keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda, qeyd olunan torpaq sahəsi uzun müddətdir ki, təxminən 30-32 ildir ki, cavabdehin istifadəsindədir. Həmin torpaq sahəsindən kənar iddiaçıya torpaq sahəsi barəsində verilmiş texniki pasport ikinci sənəd kimi nəzərdən keçirilməklə, həmin sənəddə torpaq sahəsinə dair çertyoj görünür. İddiaçı 2011-ci ildə torpaq sahəsinə dair çıxarış almışdır. Torpaq sahəsinin həm baş, həm ön tərəfdən yolu vardır. Hesab edir ki, torpaq sahəsinin iki tərəfdən yolu varsa, üçüncü hissədən yola ehtiyacı olmamalıdır. Eyni zamanda, iddiaçının tikilisi sadəcə hasar olmaqla, damı yoxdur. Bu səbəbdən də tikili sayıla bilməz. İddiaçıya icazə verilmiş olsa belə, Fatmayı Bələdiyyəsi buna icazə verməyəcəkdir. Çünki torpaq sahəsi hazırki gün bələdiyyə mülkiyyətindədir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi mühəndis X3 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********36 saylı mütəxəssis rəyini müdafiə etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə çıxarış verilən zaman həmin torpaq sahəsində tikili olub-olmadığını bilmir, belə ki, o, həmin müddətdə sözügedən Ərazi İdarəsində mütəxəssis qismində çalışmamışdır. Torpaq sahəsində tikili varsa həmin torpağa çıxarış verilə bilər. Məsələn, bələdiyyə sənədi, hərracın nəticəsi barədə qəbul edilmiş qərar və sair sənədlər əsasında bu mümkündür. Belə ki, ilkin növbədə, torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəməyə təqdim edilmiş plan ölçüsündə torpaq sahəsinin koordinatları və ölçüləri göstərilmişdir. Mülkiyyət hüququ yalnız torpaq sahəsi barəsində qeydə alınmışdırsa, sadəcə olaraq koordinatlar göstərilir, tikili varsa isə giriş-çıxış nöqtələri qeyd olunur. Yerli baxışda mütəxəssis qismində o da iştirak etmiş və müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində olan tikili tamamilə dağıdılmış, sadəcə olaraq, qalıq divar hissələri, pəncərə və qapı qalmışdır. Lakin həmin tikilinin əvvəldən və ya sonradan inşa edilib-edilməməsi barədə bir rəy verə bilmir. 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********36 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinə baxış keçirilmişdir. İddiaçı məxsus 0.0453 ha torpaq sahəsində inşa edilmiş tikilinin damının söküldüyü və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinin faktiki koordinatları **********10 reyestr nömrəli çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş koordinatlarla uyğunluq təşkil edir. İstifadəyə yararsız tikili plan və ölçü sənədinin koordinatları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsi şimal və qərb tərəfdən yol ilə, şərq tərəfdən Cavabdeh məxsus qeyri-yaşayış binası ilə, cənub tərəfdən isə başqa vətəndaşa məxsus olan torpaq sahəsi ilə sərhəd təşkil edir. Müxətəssis rəyinə əlavə edilmiş kadastrdan çıxarışdan görünür ki, həmin sənəddə inşa edilmiş tikili şimal və qərb hissəyə yola çıxışı mövcud olmaqla, şərq və qərb hissədən isə yaşayış sahələri ilə əhatə olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən və İddiaçı məxsus olan torpaq sahəsində yarımtikili şəklində hasar qalmış, həmin hasarın arxa hissəsində isə Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsi inşa edilmişdir. Hasarın qalıq divarları qalmış və həmin hissədə qapı və pəncərələr mövcud olmuşdur. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2(012)-2495/2022 nömrəli iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun xüsusi mülkiyyətində olan anbarın əsas yola çıxışının olmadığını və həmin hissədə cavabdeh tərəfindən özbaşına tikilinin inşa edildiyini əsas gətirərək tikilinin sökülməsi və əsas yola çıxışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı, mütəxəssis rəyi və yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0453 ha torpaq sahəsində yarımtikili şəklində istinad divarları olan hasar, həmin tikili ilə üzbəüz isə qeyri-yaşayış sahəsi inşa edilmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına, həmçinin, tikiliyə münasibətdə texniki pasportun verilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin tikili inşası başa çatdırılmamaqla, əksinə sökülmüş, hazırda, həmin ünvan üzrə sadəcə olaraq hasar və istinad divarlarının qalması iş üzrə yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı həmin tikilinin ətrafında əsas yola açılan qapıların qoyulduğunu qeyd etsə də, onun cavabdehin istifadəsində olan tikilidən əvvəl qoyulduğunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə araşdırması zamanı sökülməsi tələb olunan tikilinin cavabdehin faktiki istifadəsində və sahibliyində olması öz təsdiqini tapsa da, həmin tikilinin cavabdehə məxsus olduğunu sübuta yetirəcək hüquqmüəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindəki tikili ilə üzbəüz inşa edilmiş cavabdehə məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin sökülməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, həmin tikilinin həqiqətən də cavabdehə məxsus olduğunu sübuta yetirən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, layihədə mübahisəli torpaq sahəsinin giriş-çıxışı nəzərdə tutulmasa da, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin layihəsindən göründüyü kimi, həmin sahənin yola tərəf girişçıxışı yoxdur, yalnız şimal-qərb tərəfdən yolu müəyyən olunur. Məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsinə dair məhkəməyə mütəxəssis rəyi təqdim olunmuş, həmin mütəxəssis rəyi və məhkəmə iclasında dindirilmiş mütəxəssisin ifadəsi əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunmuş koordinatlar əsasında uyğunluq təşkil etdiyi müəyyən olunsa da, həmin torpaq sahəsindəki tikilinin damının söküldüyü, istifadəyə yararsız olduğu təsdiqini tapmış, həmçinin, sözügedən tikilinin şimal və qərb tərəfdən yol ilə, şərq tərəfdən cavabdehə məxsus qeyri-yaşayış binası, cənub tərəfdən isə torpaq sahəsi ilə sərhəd təşkil etməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə mütəxəssis rəyini Mülki Prosessual Məcəllənin 88- ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi dəyərləndirib nəzərə alır. Belə ki, iddiaçıya məxsus olan tikilinin əsas giriş-çıxış yolunun şimal və qərb tərəfdən həyətə doğru yolunun açılması həmçinin, üçüncü şəxs bələdiyyə sədrinin izahatı, yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Bu səbəbdən də, iddia tələbləri əsaslı olmadığndan təımin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2, 29.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1.1, 146, 152.1, 152.2, 180.1, 180.2-ci,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamədən apellyasiya şikayəti verərək mübahisəli qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin və onun tərəfini tutan Fatmayı Bələdiyyəsinin sədri onun əmlakından yol tərəfə iddia olunan torpaq sahəsinə dair mülkiyyət, istifadə hüququnu verən sənəd (sərəncam, qərar, icarə müqaviləsi) cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan ərazi zəbt olunmuş ərazi hesab edilir. Cavabdeh qanunsuz olaraq iddiaçının daşınmaz əmlakının avtomobil yoluna baxan hissədə olan torpaq sahəsini zəbt etmiş, həmin torpağın bir hissəsində müvafiq icra hakimiyyətinin icazəsi olmadan qanunsuz olaraq qeyri-yaşayış sahəsi (mağaza) inşa etmişdir. Hazırkı işlə bağlı xx.xx.2022-ci ildə Fatmayi kəndi, N.Nərimanov küçəsi-1, ev 8 ünvanında yerləşən sözügedən qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olmuşdur ki, qeyri-yaşayış binasının (anbarın) tavanı uçmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 2014-cü ildən başlayaraq zəbt etdiyi ərazidə tikdiyi bina ara məsafəsi qoyulmadan iddiaçının anbarının divarına bitişdirilmiş, anbarın pəncərələrini və yola olan çıxış yolunu bağlamışdır. Məhkəməyə təqdim etdikləri 2011-ci il tarixdə verilmiş anbara aid olan çıxarışa əlavə edilmiş texniki pasportda anbarın situasiv planda yerləşdiyi yerdən görmək olur ki, anbarın avtomobil yoluna olan hissədəki torpaq ərazisində heç bir tikili olmamışdır. Bunun özü onu göstərir ki, cavabdehin bildirdiyi kimi, yəni sahibliyində olan özbaşına tikili 2000-ci ildən, hətta 90-cı illərdə deyil 2011-ci ildən sonra inşa olunmuşdur. İddiaçıya mülkiyyətində olan daşınmaz əmlakın yola tərəf olan hissədə yola çıxışın bağlanılması, anbarın hissəsi olan daş divara bitişik qanunsuz olaraq mağazanın tikilməsi iddiaçının maraqlarına toxunur, zəbt olunmuş ərazinin boşaldılması və mağazanın sökülməsi tələbi iddiaçının subyektiv hüququdur. Bundan başqa anbarın divarı hesab olunan tikili eyni zamanda anbarın altında olan torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar hesab olunur ki, cavabdehin qanunsuz tikilinin həmin hasara bitişik olması qeyd olunan maddədə tikililər arasında olan məsafəyə dair olan tələbi pozur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 10/3649 nömrəli ekspert rəyinə əsasən cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 160№li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 2-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun olmadığı, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin inşa edilməsi ilə İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinə olan girişin bağlanmadığı, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdehin faktiki istifadəsində olan tikili(lər) sökülmədən iddiaçıya məxsus torpaq sahəsinə texniki pasporta əsasən giriş-çıxış qapısı qoyulmaqla iddiaçının asfalt yola çıxışının mümkün olmadığı müəyyən olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(105)-839/2023 nömrəli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov sədrliyi və məruzəsi ilə, hakimlər Fuad Məmmədov və Lalə Rəhimli ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilərək ,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. İddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən A nömrəli qeyri-yaşayış binasının çöl hissəsində cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi, həmin qeyri-yaşayış sahəsinə gedən yola və bağlanmış giriş qapısının (yəni iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda göstərilən giriş-çıxış qapısı) cavabdeh tərəfindən açılması qət edilmişdir. Kollegiya qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. İddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri qeyri-yaşayış binası olan anbarı onun texniki pasportuna uyğun bərpa edib onun təyinatına uyğun istifadə etmək istəsə də, cavabdeh tərəfindən tikilmiş özbaşına tikili buna mane olur. İddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasına aid texniki pasporta, işdəki fotoşəkillərə və ekspert rəyinə əsasən müəyyən olunub ki, cavabdehin özbaşına zəbt etdiyi ərazidə özbaşına tikdiyi bina bir tərəfdən 0,4 metr (40sm), digər tərəfdən isə 0,1 metr (10 sm) olmaqla ara demək olar ki, iddiaçının qeyri-yaşayış sahəsinin divarına bitişik tikilmiş, bununla anbarın texniki pasportda qeyd olunan pəncərələri və piyada daxil olmaq üçün nəzərdə tutulan giriş-çıxış yolu bağlanmışdır. Kollegiyası hesab etmişdir ki, idiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etdiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi barədə iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki,birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apelyasiya qaydasında ləğv yeni qətnamə üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası 13.1, Mülki Məcəllənin 152.1,152.5,157.4,180.1,180.4-cü,Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69,69.5,69.5.1,69.2-1,80,MPM-in 14.2,77.1,88,217.4- cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün təkrar apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(102)-958/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-839/2023 nömrəli, 12 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası qərarında qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun . Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (Giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və.s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. Həmçinin ekspert rəyindən, ekspert tərəfindən şəkilmiş fotoşəkillərdən və mütəxəssis rəyinə əlavə edilmiş ərazinin ortofoto görüntüsündən (1-ci ild, iş v 116) görünür ki, iddiaçının torpaq sahəsinin asfalt yol tərəfə olan çöl yan sərhədi boyunca yaxın məsafədə inşa edilmiş bir yox, bir neçə tikili, həmin tikililərə paralel olaraq isə iddiaçının birbaşa çıxış əldə etmək istədiyi asfalt yol boyunca da (iddiaçının torpaq sahəsinin sərhədindən kənar məsafədə) ayrı-ayrı tikililər mövcuddur. Apellyasiya məhkəməsi isə ara məsafəsinin gözlənilməməsi əsası ilə iddianı təmin edərkən cavabdehin inşa etdiyi konkret olaraq hansı tikilinin iddiaçının hüquq və mənafelərini pozması və buna görə də hansı tikilinin sökülməli olduğu istiqamətində hər hansı araşdırma aparmamış, “İddiaçı məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən A nömrəli qeyri-yaşayış binasının çöl hissəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili sökülsün, həmin qeyri-yaşayış sahəsinə gedən yol və bağlanmış giriş qapısı (yəni iddiaçıya məxsus qeyri- yaşayış sahəsinə aid texniki pasportda göstərilən giriş-çıxış qapısı) cavabdeh tərəfindən açılsın” məzmunda qətnamə qəbul etməklə, həmin torpaq sahəsi ilə asfalt yol arasında mövcud olan bütün tikililərin sökülməli olmasına əsas verəcək qeyri-müəyyən nəticəyə gəlmiş, həmçinin yuxarıda ( bax 77-ci paraqrafa) qeyd edildiyi kimi texniki pasportda mövcud olmayan qeyri-yaşayış sahəsinə gedən yol və bağlanmış giriş qapısının (yəni iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda göstərilən giriş-çıxış qapısı) açılması barədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları İşə yenidən apellyasiya qaydasında baxılarkən əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 172.3. əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi Maddə 69.5.1 divar hündürlüyünün 0,6 hissəsi Maddə 69.5.2-1 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Maddə 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Maddə 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən “A” nömrəli qeyriyaşayış binası İddiaçı adına 01 saylı reyestr kitabında 430 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən qeyri-yaşayış sahəsi olan anbar İddiaçı mülkiyyətində olmaqla, əsas olaraq Abşeron rayonu 2 nömrəli sovxozun Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.1999-cu il tarixli aktı olmuşdur. İş materiallarında olan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AA № 027625 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05/05/9 saylı bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarından çıxarış və xx.xx.2011-ci il tarixli 690/11 saylı bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********36 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinə baxış keçirilmişdir. İddiaçı məxsus 0.0453 ha torpaq sahəsində inşa edilmiş tikilinin damının söküldüyü və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinin faktiki koordinatları **********10 reyestr nömrəli çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş koordinatlarla uyğunluq təşkil edir. İstifadəyə yararsız tikili plan və ölçü sənədinin koordinatları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsi şimal və qərb tərəfdən yol ilə, şərq tərəfdən Cavabdeh məxsus qeyri-yaşayış binası ilə, cənub tərəfdən isə başqa vətəndaşa məxsus olan torpaq sahəsi ilə sərhəd təşkil edir. Müxətəssis rəyinə əlavə edilmiş kadastrdan çıxarışdan görünür ki, həmin sənəddə inşa edilmiş tikili şimal və qərb hissəyə yola çıxışı mövcud olmaqla, şərq və qərb hissədən isə yaşayış sahələri ilə əhatə olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən və İddiaçı məxsus olan torpaq sahəsində yarımtikili şəklində yalnız hasar qalmış, həmin hasarın arxa hissəsində isə bir neçə qeyri-yaşayış sahələri inşa edilmiş və yerli baxış zamanı da həmin sahələrin cavabdehin sahibliyində olduğu, iddiaçıya məxsus torpaq sahəsinə isə sərbəst şəkildə keçmək üçün yolun mövcud olduğu müəyyən edilmişdir. İşdə olan sənədlərdən və işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı Abşeron rayonu 2 nömrəli sovxozun Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.1999-cu il tarixli aktı ilə sahəsi 379 kv m olan anbar sahəsini pay kimi almış və ona dair 2003-cü ildə qeydiyyat vəsiqəsi və texniki pasport almış, sonradan həmin anbarınaltında yerləşən 453 kv.m torpaq sahəsini Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı və xx.xx.2011-ci il tarixli 690/11 saylı bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktla almış və həmin torpaq sahəsi üzrəində mülkiyyət hüquqlarına dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərindəki anbar tikilisi artıq mövcud deyildir, həmin tikilinin yalnız kənar divarları qalmışdır ki, onlar da 453 kv.m torpaq sahəsini 3 tərəfdən əhatə edir. İddiaçının hazırda mövcud olmayan anbarının texniki pasportunda cavabdehin inşa etdiyi tikililərə tərəf hissədə yalnız 6 ədəd pəncərə boşluğu göstərilmiş, həmin hissədə piyada daxil olmaq üçün nəzərdə tutulan giriş-çıxış yolu nəzərdə tutulmamışdır. Ekspert rəyində də iddiaçının mülkiyyətində olan anbarın texniki pasportuna əsasən iddiaçının mülkiyyətində olan sahəyə cavabdehin faktiki istifadəsində olan sahə tərəfdən yol nəzərdə tutulmadığından cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin inşa edilməsi ilə iddiaçının mülkiyyətində olan 453 kv.m torpaq sahəsinə olan girişin bağlanmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (Giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və.s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. Bundan başqa iddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi və iddiaçının həyətinə gələn yolun, eyni zamanda, cavabdeh tərəfindən iddiaçının həyətinin bağlanmış giriş qapısının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ekspert rəyindən, ekspert tərəfindən çəkilmiş fotoşəkillərdən və mütəxəssis rəyinə əlavə edilmiş ərazinin ortofoto görüntüsündən (1-ci ild, iş v 116) görünür ki, iddiaçının torpaq sahəsinin asfalt yol tərəfə olan çöl yan sərhədi boyunca yaxın məsafədə inşa edilmiş bir yox, bir neçə tikili, həmin tikililərə paralel olaraq isə iddiaçının birbaşa çıxış əldə etmək istədiyi asfalt yol boyunca da (iddiaçının torpaq sahəsinin sərhədindən kənar məsafədə) ayrı-ayrı tikililər mövcuddur. Belə olan halda iddiaçı məhz hansı tikililərin onun hüquq və mənafeyini pozduğunu iddia ərizəsində göstərməmiş, bütün tikililərin sökülməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar