Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1256/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Qusar rayon notariat ofisinə qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması” tələbinə mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Rəfail oğlunun iştirakı ilə Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qusar rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, torpaq sahəsinin satılmasına dair Qusar rayon notariat kontorunda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli, Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, Seriya RX № ******* saylı çıxarışların ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə ona və ailə üzvlərinə Qusar rayonunun Gündüzqala kəndi ərazisindən 4,04 hektar torpaq sahəsi verilmiş, lakin onlar maliyyə cəhətdən imkanları məhdud olduğundan həmin torpaqdan istifadə etməmişlər. 2006-cı ildə qeyd edilmiş torpaq sahələrinə çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar o, həmin dövrdə Gündüzqala bələdiyyəsinin sədri vəzifəsində işləmiş X11 müraciət etmiş, torpağa dair Dövlət aktının əslini ona vermişdir. Uzun müddət keçməsinə baxmayaraq X18 aktını qaytarmaq istəməmiş və yaxın gələcəkdə çıxarış alıb ona verəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayında torpaq sahəsini satmaq məqsədilə Gündüzqala bələdiyyəsinin sədri X12 müraciət edərək torpağa mülkiyyət hüququna dair Dövlət aktının qaytarılmasını xahiş etdikdə, sonuncu torpaq sahəsinin kənar şəxslərə satıldığını bildirmişdir. Məlum olmuşdur ki, JN0003 KOD 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı torpaq sahəsinə dair Dövlət reyestrindən Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixdə Seriya MH № ******* saylı çıxarış verilmiş, Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Sözü gedən alqı-satqı müqaviləsi saxtadır və etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş çıxarışlar isə ləğv edilməlidir. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız və çıxarışların ləğv olunması tələbinə dair iddiası qismən təmin edilib, 3,13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin 2,65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli, Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, Seriya RX № ******* saylı çıxarışların 2,65 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 149.2, 337.1, 337.2, 337.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçıya və ailəsinə məxsus torpaq sahəsinin 2,65 hektar hissəsinə Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixli, Seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi, Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satması və Cavabdeh1 adına Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi iddiaçı X7 və ailəsinin özlərinə məxsus 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.65 hektar hissəsi üzərində mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyətlərindən əsassız olaraq məhrum olmalarına səbəb olmuşdur. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ona qarşı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X10 Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(102)-1374/2022 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş iddia tələbinin Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli RX ******* saylı çıxarışın ləğv edilməsi hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Mübahisəli torpaq sahəsinə dair onunla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və bu zaman mülki qanunvericiliyin hər hansı norması pozulmamışdır. Əqd bağlanarkən torpaq sahəsinə dair Cavabdeh2 adına olan reyestrdən çıxarışın həqiqiliyi və tamlığı prezumpsiyası pozulmamışdır. Bu əməliyyatdan öncə əmlakın Cavabdeh2 tərəfindən hansı qaydada əldə edilməsindən onun məlumatı olmadığından və əmlakın dəyərini alıcıya tam ödədiyindən o, vicdanlı əldə edəndir. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Mülki Məcəllənin 140 və 149.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Yazılı etirazda göstərilir ki, mübahisələndirilən torpaq sahəsi daxil olmaqla Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qətnaməsi ilə Cavabdeh2 adına Qusar rayonunun Gedezeyxur kənd ərazisindən 68.43 hektaratlı torpaq sahəsi verilmişdir. Qusar Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, G(029)-440/2020 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan mübahisə ilə əlaqədardır və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs deyildir. Ona görə də, 11 aprel 2006-cı il tarixli, 2-158 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin sürətinin təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi saxta qətnaməyə əsasən iddiaçının mülkiyyət hüquqları pozulmudur. Cavabdeh2 həbs olması ilə əlaqədar olaraq şəxsi mülkiyyətində olub Qusar rayon ərazisində yeləşən 68.43 hektaratlı torpaq sahəsini saxta məhkəmə qətnamələrinə əsasən əldə etdiyi torpaq sahələrini yaxın adamı Cavabdeh1 adına notariat qaydasında rəsmləşdirmişdir. Həmin torpaq sahələri Cavabdeh2 tərəfindən notariat qaydasında Cavabdeh1 adına rəsimləşdirilməsəydi həmin torpaq sahələri dövlət nəfinə müsadirə edilməli idi. Azərbaycan Respublikasında Mülkiyyət Haqqında Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinin mənasına görə Mülkiyyətçinin başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır. “ Əgər əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən satın alınmışdırsa, alıcı həmin şəxsin əmlakı özgəninkiləşdirmək hüququna malik olmadığını bilməmişdirsə və ya bilə də bilməzdisə (vicdanlı əldə edən), mülkiyyətçi bu əmlakı əldə edəndən o halda geri tələb etmək ixtiyarına malikdir ki, əmlak mülkiyyətçinin özü və ya sahiblik etmək üçün verdiyi şəxs tərəfindən itirilmiş olsun, yaxud onların birindən oğurlanmış olsun, yaxud onların iradəsindən asılı olmayaraq başqa bir yolla onların sahibliyindən çıxmış olsun”. Tərəfindən mübahisələndirilən torpaq sahəsi qanunvericiliyin tələblərinə zidd olaraq satılsaydı cavabdeh vicdanlı alıcı hesab edilə bilərdi. Mülkiyyət Haqqında Azərbaycan Respublikası Qanunun 22-ci maddəsi cavabdehin vicdanlı alıcı olmasını rədd edir. Daha doğrusu belə bir vəziyyətdə vıcdanlı alıcıdan söz gedə bilməz, faktiki olaraq o, mübahisələndirilən torpaq sahəsindən 2019-cu ilə kimi cır fındıq ağacları əkərək istifadə etmişdir. Qeyd edilmiş sözü gedən Qusar Rayon Məhkəməsinin saxta qətnaməsindən bixəbər olmuşdur. Onun xəbəri olmadan ona və ailə üzvlərinə əmlak payı kimi verilmiş torpaq sahəsinin saxta məhkəmə qətnaməsinə əsasən başqa şəxsin adına keçirilməsini ədalətsiz hesab etməklə yanaşı qanunlarımıza qarşı hörmətsizlik kimi qiymətləndirir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Rəfail oğlu apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon notariat ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Madə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak dən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunaraq iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə X2, X5, X3, X1 və X4 mülkiyyətlərinə Qusar rayonunun Gündüzqla kəndi ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-0352 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən Cavabdeh2 mülkiyyətinə Qusar rayonu, Gündüzqala kəndi ərazisindən 68,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* saylı, ********* qeydiyyat nömrəli, 04 iyun 2007-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən **********01 reyestr nömrəli, 3,134336 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. Onun adına xx.xx.2007ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qusar rayon notariat kontoru tərəfindən 31 iyul 2018-ci il tarixdə, 4Ə-1369 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 (onun adından etibarnamə əsasında Cəlilov Asim) tam mülkiyyət hüququ ilə özünə məxsus olan 3,13434 hektar torpaq sahəsini 19720 manata Cavabdeh1 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********01 reyestr nömrəli 3,1343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Onun adına xx.xx.2018-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qusar Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, G(029)-440/2020 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan mübahisə ilə əlaqədardır və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs deyildir. Ona görə də, 11 aprel 2006-cı il tarixli, 2-158 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin surətinin təqdim edilməsi mümkün olmamışdır. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə iddiaçı X7 və onun ailə üzvləri X9, X8, X6 və X4 mülkiyyətlərinə Qusar rayonunun Gündüzqla kəndi ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, daha sonra isə Cavabdeh1 adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən həmin sahə üzərindəki mülkiyyət hüququ RX ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən **********01 reyestr nömrəli 3,1343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçı istinad etdikləri halları sübuta yetirməlidirlər. Baxılan işdə iddiaçı mübahisəli sahənin cavabdehin adına qeydə alınmasına əsas olmuş Qusar rayon notariat kontoru tərəfindən 31 iyul 2018-ci il tarixdə, 4Ə-1369 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli, Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, Seriya RX № ******* saylı çıxarışların ləğv olunmasını tələb edir. Buna əsas kimi torpaq sahəsinin alqı-satqısına dair Qusar rayon notariat kontorunda 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli müqavilənin onların razılığı olmadan bağlandığını bildirir. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Çünki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsası olan müqavilə ilə bağlı mübahisə yarandıqda, həmin müqavilə ilk növbədə təsdiqləndiyi notariat orqanından yoxlanılmalı, bu mümkün olmadıqda ən azı həmin dövr üzrə müqavilələrin müvafiq qaydada qeydiyyatının aparıldığı reyestr kitablarındakı məlumatlarla eyniləşdirmə aparılmalıdır. Məhz həmin arxiv sənədləri, kitabları və digər məlumatlarla müqavilənin bağlanmadığı şübhəyə yer qalmayacaq şəkildə təsdiqləndikdə iddia olunan hal sübuta yetirilmiş sayıla bilər. Əks halda daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyası dəyişməz olaraq qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Göründüyü kimi, MM-nin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Mübahisəli torpaq sahəsi üzərində Cavabdeh2 hüquqlarının qanunsuz qeydə alınması yalnız hazırki iş üzrə qəbul olunmuş qətnamələrlə müəyyən olunmuşdur. Lakin, Cavabdeh2 və Cavabdeh1 arasında alqı-satqı müqaviləsi 31 iyul 2018-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır. Həmin zaman isə Cavabdeh2 xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncunun hüquqları mübahisələndirilməmişdir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, suiistifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını iddia tələbinin «Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış ləğv edilsin» hissəsində tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin «Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış ləğv edilsin» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi qismən - iddia tələbinin «Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış ləğv edilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. İddia qismən təmin edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1256/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1256/2022
22.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver