Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1259/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borcun silinməsi” tələbinə dair (Açar sözlər: (elektrik enerjisi ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə1 Mehman oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1619/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC- tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli NDM 031196 saylı aktın surətindən görünür ki, **********18236 kodlu abonentə məxsus elektrik sayğacına baxış keçirilərkən, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin yan hissəsindən obyektin giriş naqilinin izolyasiyasını pozaraq budaqlama yolu ilə kənar sexi sahəsi S=210 mm 2 aliminium kabel xətti vasitəsilə çəkilmişdir.. Baxış zamanı ölçmə aparılmış, kənar xətt ləğv edilmişdir. Akt abonent tərəfindən imzalanmamışdır.
2. Mülki işin materiallarından olan **********18236 kodlu abonent İddiaçı saldosundan görünür ki, abonent İddiaçı məxsus sayğac oxunması 1675,96 manat, aktlar əsasında cərimə 2641,50 manat, ödəmələr 1448,98 manat, sayğac quraşdırma tarixə borc 204,78 manat, sayğac quraşdırmadan sonra ödəmə 920 manat, karta yüklənən məbləğ 715 manat, borcdan ödəmə 205 manat, Paud sayğaca yazılan akt 2909 manat, borc 2863,08 manat təşkil edir.
3. İşdə olan bildirişdən görünür ki, **********18236 kodlu abonent İddiaçı elektrik enerjisinə görə borcu 2863,08 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031196 saylı aktın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 23 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında ona məxsus olan evdə yerləşən elektrik sayğacına baxış keçirərək, 031196 saylı akt tərtib etmişlər. Akta görə evdə olan elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin yan hissəsindən obyektin giriş naqilinin izolyasiyasını pozaraq budaqlama yolu ilə kənar sexi sahəsi S=210 mm 2 aliminium kabel xətti vasitəsilə çəkilmişdir. Daha sonra sayğac enerji qidalanmasından ayrılmaqla fərdi yaşayış evinə elektrik verilişinə məhdudiyyət qoyulmuşdur. Lakin gündəlik tələbata görə elektrik verilişi onun tərəfindən bərpa olunmuşdur. 23 yanvar 2023-cü il tarixli 031196 saylı aktla (sayğac № **********0M, kod **********18236) ona məxsus enerji ödəniş sisteminə 2863,08 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə, aktın tərtibatında da qanunsuzluğa yol verilmişdir. Belə ki, qeyd olunan akt onun və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğaca müdaxilə və ya onun qəsdən dayandırılması ilə bağlı foto, video çəkiliş, hal şahidi və s. ümumiyyətlə pozuntunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. Abşeron Rayon Məhkəməsinin 2(012)-1619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, **********18236 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 031196 saylı akta əsasən abonent İddiaçı hesablanmış 2624,16 manat borcun silinməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı abonent İddiaçı məxsus elektrik sayğacının yaşayış sahəsindən kənarda quraşdırılması, habelə abonent tərəfindən elektrik xəttinə kənar qoşulma halı müəyyən edilmişdir. Abonent elektrik xəttinə sayğacdan kənar qoşulma ilə elektrik enerjisindən istifadə etmiş və dəyərini ödəməmişdir. Lakin istifadə edilmiş elektrik enerjisinin dəyərini mexaniki metodla müəyyən edərkən "xxxx" ASC səhvə yol vermişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli NDM 031196 saylı akta əsasən, cavabdeh şirkət tərəfindən 22176 kvt elektrik sərfiyyatının 2822,9 manat məbləğində hesablanması barədə mövqeyi ilə razılaşmır və hesab edir ki, qeyd edilən akt əsasında abonentə 258,72 ((3234 x 0,08 = 258,72); (11 kvt x (0,7) x 14 saat x 30 gün = 3234) manat cərimə hesablanması daha ədalətlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya istifadə etdiyi elektrik enerjisinə görə cavabdeh tərəfindən 258,72 manat cərimə tətbiq edilməli idi. Tətbiq edilən cərimənin 2882,88 manat olduğu nəzərə alınarsa, iddianın 2624,16 manat hissədə əsaslı olması (2882,88-258,72) müəyyən edilir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2, 5.3.2, 7.10, 7.11, 8.33-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 425.2-ci maddələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilməsi hissəsində tamamilə əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, təqdim edilmiş aktda göstərilən pozuntu təhrif edilmişdir. Belə ki, qətnamədə də qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilmiş NDM 031196 saylı aktın məhkəmə tərəfindən təhlili zamanı iddiaçının elektrik enerjisi qaydalarını pozmaqla kənar xətdən istifadə etməsi aydın görsənir. Bundan başqa iddiaçının özü ilə danışıq zamanı o, kənar xətdən istifadə etdiyini səmimi etiraf etmişdir. Qeyd edilən fakt məhkəməyə təqdim edilən invoysda (saldo) öz əksini tapmışdır. Lakin talanan elektrik enerjisinin dəyərinin ödənilməsinə məhkəmə əhəmiyyət verməmişdir. Göründüyü kimi məhkəmə akta əsasən hesablanmış (talama faktını) borc məbləğini lazımınca araşdırmamışdır. Məhkəmə qətnaməsi ilə birtərəfli mövqeyini nümayiş etdirərək, talama faktını yox kimi hesab etmiş, "xxxx" ASC-yə dəymiş ziyanı əhəmiyyətli dərəcədə kiçildərək, elektrik enerjisini talama müddətini 30 günə uyğun olaraq hesablamışdır. "xxxx" ASC-nin əməkdaşları qanuni akt tərtib etmiş və həmin akta əsasən haqlı olaraq dəymiş ziyan hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda (bundan sonra EEİQ) dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 155 nömrəli Qərarının 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi cavabdeh tərəfindən borc məbləği əsaslı və qanuni şəkildə hesablanmışdır. Lakin məhkəmə qeyd olunan normlara məhəl qoymamış, özlüyündə dəymiş ziyanı hesablamaq üçün düstur tərtib etmiş və öz düsturuna əsasən, iddiaçı tərəfindən elektrik enerjisinin talaması nəticəsində "xxxx" ASC-yə dəymiş ziyanın 258.72 manat olmalı olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, habelə qətnamə qanun pozan vətəndaşın islah edilməsi üçün maneə olduğundan apellyasiya qaydasında ləgv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İddiaçıya məxsus abonent koduna hesablanmış borc qanuni və əsaslıdır. Hesablanmış borc məbləğinin silinməsi barədə məhkəmənin mövqeyi yaranmış mübahisənin həllinə tətbiq edilməli normaların tələblərindən uzaqdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə1 Mehman oğlu apellyasiya şikayətinə etirz edərək bildirdi ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14 «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il 2 fevral tarixli 18 nömrəli)
Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarına əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8 .14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)-1619/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsini iddianın təmin olunmuş hissəsini mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.
21. Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, “tərəflər arasında “Enerji təchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır.
22. Araşdırılan işdən görünür ki, abonentə məxsus elektrik sayğacına baxış keçirilərkən, kənar xətt daxil olması səbəbi ilə xx.xx.2023-cü il tarixli NDM 031196 saylı akt tərtib edilmişdir. Baxış zamanı ölçmə aparılmış, kənar xətt ləğv edilmişdir. Akt abonent tərəfindən imzalanmamışdır. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır.
23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində istifadə olunan elektrik enerjisi ilə bağlı apardığı yoxlamanın nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır.
24. İddiaçının da tələbinin dəlili məhz həmin aktın əsassız olaraq tərtib olunması ilə bağlıdır.
25. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu mövqe ilə razılaşır və əlavə olaraq bildirir ki, "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanda yerləşən evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən, ərazidə kənar xəttin olması aşkar olunsa da, həmin xətdən iddiaçı, yaxud qeyri-yaşayış sahəsinin sahibinin istifadə etdiyini dəqiq müəyyən etmək mümkün deyil. Bundan əlavə göstərilənlərlə bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan tərəfindən vaxtında hərəkətsizlik edilərək pozuntunun davam etdirilməsinə şərait yaradılmışdır ki, bu da borc məbləğinin artmasına şərait yaratmışdır
26. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya işin obyektiv və tam araşdırılmasına nail olmaq məqsədilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskə tərəflərin iştirakı ilə baxış keçirmişdir. Bu zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan yaşayış evinə baxış keçirərkən həmin evin yaxınlığında olan qeyri-yaşayış sahəsinin (tərəflərin dediyinə görə mağazanın) dam hissəsindən əlavə xəttin olması müəyyən edilmiş, lakin aşkar olunmuş xəttin məhz iddiaçıya məxsus olan yaşayış sahəsinə keçdiyini, iddiaçı tərəfindən istifadə olunduğunu müəyyən etmək olmur. Bu barədə iddiaçının nümayəndəsi sorğu-sual edildikdə, sonuncu bu hala aydınlıq gətirə bilməmiş, çəkilişin natamam aparıldığını bildirmişdir.
27. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni fiziki şəxs olan iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Təqdim edilmiş video-disk isə natamam olmaqla iş üzrə iddia tələbini inkar etməyə kifayət qədər əsas vermir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
29. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
30. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)
32. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab verir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1619/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.