Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1261/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsulliyətli Cəmiyyəti, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsulliyətli Cəmiyyəti, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli, Y- 200 nömrəli hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında sonuncunun adına kredit xətti açılmışdır. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən həyat yoldaşı X3 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72B və X2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95 V ipoteka ilə yüklü edilmişdir. Devalvasiya ilə əlaqədar əsas o krediti ödəyə bilmədiyindən, "xxxx" ASC borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2/060/-820/2017saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 154158,94 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həyat yoldaşının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış 72 B saylı ev birgə nikah dövründə əldə edilmişdir. Bankla həyat yoldaşı arasında ipoteka müqaviləsi bağlanarkən, evin ipoteka edilməsinə nə onun, nə də evə istifadə hüququ olan yetkinlik yaşında olan 3 övladılarının razılığı alınmamışdır. Evləri dəyərindən bir neçə qat aşağı qiymətləndirilmişdir. Bank məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, evləri heç kimə xəbər vermədən "xxxx" tərəfindən açıq hərracdan 76500 manata satılmış və bank tərəfindən alınmışdır. Hərrac Mərkəzində olduqda, həqiqətən onların iştirakları təmin edilmədən, gizli 3 dəfə hərrac keçirilməsinin və xx.xx.2019-cu il tarixdə həyat yoldaşı A.M.Dadaşovanın adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev 76500 manata və Ə.İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95 V saylı ev 124313 manata "xxxx" ASC-yə satılması barədə məlumat almışdır. xx.xx.2020-ci il tarixdə ona hərracın nəticələri haqqında Y-200 N-li protokol verilmişdir. İcra sənədi icraata yönəldilənə qədər iddiaçıya məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı, icra sənədinin hərraca göndərilməsi, bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evin bankın aldığı qiymətə ona təklif edilməli idi. Mənzil ekspertiza tərəfindən dəyərindən aşağı qiymətləndirilmişdi. O, həmin qiymətləndirmədən sonra evi təmir etdirmişdir. Bank isə evini ondan gizlin keçirilən hərracda 76500 manata almışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Ona belə bir şərait yaradılmamışdır. Nəticədə məhkəmə tətqiq olunmamış sübutlara əsaslanaraq qərar qəbul edib. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(060)-1684/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, hərracın qanuna uyğun keçirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200 nömrəli yekun protokoluna əsasən A.M.Dadaşovaya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən ev 72B-nin ilkin satış qiyməti 120000 manat, satılmış son qiyməti 76500 manat məbləğində müəyyən edilmişdir. Həmin bağ evi keçirilən iki hərrac baş tutmadığı üçün ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən həmin ev "xxxx" MMC tərəfindən 76500 manata "xxxx" ASC-yə satılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018-ci il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. X2 məxsus Sumqavıi şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi 3 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kvadrat metr (115.3 kv.m-yardımçı sahəsi) olan, 25 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 195 000 manat, X4 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kvadrat metr (70,84 yaşayış sahəsi, 24,2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 120 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, iddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tərəf olmamışdır. xx.xx.2019-cu il tarixli hərrac nəticəsində satılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72B saylı evin mülkiyyətçisi isə A.M.Dadaşovadır. İddiaçı həmin evin A.Dadaşova ilə birgə nikah dövründə əldə edildiyini iddia ərizəsində göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllədə) əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir (307.1.). Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (319.4.). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi, A.M.Dadaşovanın adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95B təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçının qardaşı Cavanşir Dadaşov kredit borcunu ödəyə bilmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018-ci il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Qətnamədə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti 120 000 manat müəyyən edilmişdir. Qətnamə icraya yönəldilmiş və əmlaklar açıq hərraca çıxarılmışdır. Məhkəmə kollegiyası iddiaçının iş üzrə keçirilmiş hərracın düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir (42.1.). Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (43.2.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (43.3.). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (43.4.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.7.). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (43.8.). Göründüyü kimi, ipoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən keçirilmiş birinci və ikinci hərracda satılmamış bundan sonra isə "xxxx" ASC əmlakı 76500 manata almışdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının hərracın qanunsuzluğu ilə bağlı dəlillərini əsassız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 22 fevral 2022-ci il tarixli 2(060)- 1684/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1261/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1261/2022
18.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver