Məhkəmə qərarları › İş №2(105)-1273/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1273/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1273/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya tələbi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndələri X1 və X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(012)-3053/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 641,92 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 15 aprel 2025-ci il xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota PRİUS (HİBRİD) minik markalı 77DZ862 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ə.Vəliyev küç. ərazisində 90PS165 dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Toyota Corolla markalı, 90PS165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 641,92 manat ödəniş verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir.

3. 15 aprel 2025-ci il xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən görünür ki, həmin şəhadətnamə üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minik markalı 77DZ862 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ə. Vəliyev küç. ərazisində 90PS165 dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobil ilə toqquşmuşdur.

4. Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə TP5648217 qərar qəbul edilmişdir.

5. Ödəniş tapşırığından görünür ki, Toyota Corolla markalı, 90PS165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 641,92 manat ödəniş edilmişdir.

6. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş və təqsirkar sürücü Cavabdeh barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün aidiyyəti orqana göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, yolnəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Abşeron Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(012)-3053/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ərizənin təmin edilməsi, Cavabdeh dəymiş zərərə görə 641,92 (altı yüz qırx bir manat doxsan iki qəpik) manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri, “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nun 25 və 63-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1, 1114.1 və 1096-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 88, 119.1, 14.2, 77, 217.4, 216- 220 və 222-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Abşeron Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(012)-3053/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı onun idarə etdiyi Toyota Prius markalı **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobil Toyota Corolla markalı **-PS-*** dövlət qeydiyyat nömrəli avtomobil ümumiyyətlə toxunmamış, onun avtomobili Opel Vectra markalı **-RP-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yol-Nəqliyyat hadisəsi sxemində olan imza onun deyil, sxem düzgün çəkilməmiş, onun avtomobili ümmiyyətlə Toyota Corolla markalı **-PS-*** dövlət qeydiyyat nömrəli avtomobillə dəyməmiş, avtomobili geriyə verərkən yalnız Opel Vectra markalı **-RP-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş, həmçinin sxemdə Toyota Corolla markalı 90 PS-165 dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sağ buferinin onun avtomobilinin sol arxa qapı tərəfi ilə toqquşduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəkillərdən də açıq-aşkar görünür ki, Toyota Corolla markalı **-PS-*** dövlət qeydiyyat nömrəli avtomobilin nə qabaq buferinin sağ tərəfində, nə də sol qabaq qapısında heç bir zədə, zərbə izi, çızıq, ümumiyyətlə avtomobildə heç bir zədə görsənmir. Sadəcə sol qapının dəstəyinin yanında açar yerinin üzərində olan plastmas qapaq yoxdur. Əgər qapaq sınmışsa onun sınığı yoxdur. Həmin qapaq rahat çıxardıla bilən detaldır, ola bilsin qapaq çıxardılıb, sonra avtomobilin şəkli çəkilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin yekun aktının surətindən görünür ki, Toyota Corolla markal 90PS165 dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol qapı dəstəyi balaca hissə üçün 74 manat, dəmirçi-armaturçu (qabaq sol qapı təmiri qabaq bufer aç bağla) 100 manat, plasmas təmiri (qabaq bufer təmiri) 30 manat, rəngsaz (qabaq bufer qabaq sol qapı boyamaq) 340 manat, cəmi 544 manat, ƏDV 97.92 manat, ümumilikdə 641.92 manat pul hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin Təmir işləri üzrə təhvil-təslim aktının surətindən görünür ki, Toyota Corolla markalı 90PS165 dövlət qeydiyyat nömrəli avtomobil tam saz vəziyyətdə xx.xx.2023-dü il tarixdə Xancarov Yaşara təqdim edilmişdir. İş materiallarında olan izahatda olan imzalar onun deyil, ümumiyyətlə o, hadisə ilə bağlı izahat yazmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sığorta ödənişi aktından və sığorta aktından Toyota Corolla markalı 90PS165 dövlət qeydiyyat nömrəli avtomobili ilə əlaqədar "xxxx" ASC-yə hansı tarixdə müraciət edildiyi müəyyən etmək mümkün deyildir. Sığorta şəhadətnaməsinin bitmə müddəti xx.xx.2023-cü il tarix göstərilmişdir. İş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2023-c il tarixli arayışında qeyd edilmişdir ki, Toyota Corolla markalı 90PS165 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Cavid Alıyevin bildirməsinə görə tərəfindən avtomobilin sol qabaq qapısını qəsdən təpiklə vuraraq zədələmişdir. Bildirir ki, Toyota Corolla markalı 90PS165 dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol qapısına tərəfindən təpiklə vurulmamış, heç bir zədə yetirilməmişdir. Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyət aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. İddiaçının nümayəndələri X1 və X4 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

16. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASCdə sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minik markalı 77DZ862 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ə.Vəliyev küçəsi ərazisində 90PS165 dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü Cavabdeh AR İXM-nin 327.6 və 327.1ci maddəsndə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Toyota Corolla markalı, 90PS165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 641,92 manat sığorta ödənişi verilmişdir. İddiaçı, sürücü Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yarandığını iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

24. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

25. Şikayətin dəlilindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğunu, baş verən qəzanın onun tərəfindən törədilmədiyini mübahisələndirmişdir. Kollegiya şikayətin dəlillərini əsassız hesab edir.

26. Şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh idarə etdiyi avtomobillə digər avtomobilə zərər vurması və hadisə yerindən yayınması, onun barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan əməli törətməsi barədə protokol və digər sənədlərlə təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Orxan Rustəmov həmin protokolla müəyyən edilmiş cəriməni ödəmişdir.

27. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdeh öz etirazına dair nə apellyasiya şikayətinə sübut əlavə etməmiş, nə də apellyasiya icraatı zamanı heç bir sübüt təqdim etməmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, həmin dəlillər formal mülahizəyə əsaslanmaqla, əsassızdır. Apellyasiya şikayətində qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(012)-3053/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar