Məhkəmə qərarları › İş №2(105)-1276/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1276/2024

17.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1276/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Xaçmaz Rayon Notariat Kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-160/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Notariat ofisi tərəfindən bacısı Cavabdeh1 adına verilmiş 15 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında adına verilmiş 15 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-160/2024 nömrəli qərardadı ilə Cavabdeh1 hüquqi varisləri müəyyən edilədək iş üzrə icraat dayandırılması qərara alınmışdır (hakim Vüsalə Qasımova). İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(067)-160/2024 saylı qərardadından şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(067)-160/2024 saylı qərardadının ləğv edilərək, icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərdən biri olan Cavabdeh1 xx.xx.2023-cü ildə vəfat etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, iş üzrə icraat dayandırılmışdır. Belə ki, Cavabdeh1 xx.xx.2023-cü ildə vəfat etdiyindən onun hüquqi varisləri müəyyən edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı qərara gəlmişdir ki, Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmalıdır. Çünki, iş üzrə tək cavabdeh Xaçmaz Rayon Notariat Kontorudur. Belə ki, Notariat Kontorunun vərəsəlik işini düzgün və qanuni aparmaması nəticəsində vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də iş üzrə tək cavabdeh Xaçmaz Rayon Notariat Kontoru olmalıdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 cavabdehlər siyahısından çıxarmağı xahiş edir. Hesab edir ki, Cavabdeh1 cavabdehlər siyahısından çıxarıldığı üçün icraatın dayandırlması əsassızdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-160/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə gönədirlməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 160/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan AZ-İİ seriyalı, 394459 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Beləliklə, hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Xaçmaz Rayon Notariat Kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair tələblə bağlı iddia qaldırmışdır ki, qeyd olunan mübahisəyə dair hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən, hazırkı mülki işə baxıb yekun məhkəmə aktı qəbul etmək mümkün deyildir. Şikayətin dəlillərində iddiaçının mərhum Cavabdeh1 cavabdehlər sırasından çıxarması, digər cavabdehə qarşı mülki mübahisəsinə baxılmasının davam etdirilməsi ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı Cavabdeh1 adına verilmiş 15 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında adına verilmiş 15 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab olunmasını tələb etmişdir. Kollegiya hesab edir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir və digər cavabdehin sıradan çıxması Xaçmaz Rayon Notariat Kontorunun yeganə cavabdeh kimi qəbul edib məhkəmə araşdırmasının aparılması iddia tələbinin həlli baxımından məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-160/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar