Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-128/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2977/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,223 ha olan torpaq sahəsindən və onun üzərində olan 65,5 kv.metr fərdi yaşayış evindən cavabdehin və digər şəxslərin çıxarılması, torpaq sahəsini və evi özbaşına zəbt etməyin nəticəsində 6 ay müddətində istifadə etməklərinə görə kirayə haqqı olaraq 1500 manatın, fərdi yaşayış evinin qapısının qıfılının sındırılmasına, yerin döşəməsinin yararsız vəziyyətə gətirilməsinə görə 1200 manatın, 6 ay ərzində istifadə olunan elektrik enerjisinə görə 37,50 manatın, vurulan mənəvi zərərə görə 1500 manatın, cəmi 4337 manat 0.50 qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2977/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,223 ha torpaq sahəsindən və onun üzərində olan 65,5 kv.metr fərdi yaşayış evindən Cavabdeh çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasında iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırki tələb üzrə iqtisadi marağının itdiyini, mübahisəli evin artıq boşaldığını, orada özünün yaşadığını və Cavabdeh qarşı hazırkı iddiasından imtina etdiyini, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi və iddiaçının izahatını dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2977/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2977/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2977/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərin mülki mübahisə üzrə ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-128/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-128/2022
22.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver