Məhkəmə qərarları › İş №2(105)-1281/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1281/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1281/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 411.000 manat məbləğində kredit borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 51.375 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)-832/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 411000 (dörd yüz on bir min) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Borclu Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)-832/2021 nömrəli qətnaməsinin surətinin borcluya rəsmi qaydada verilməsinin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli 2(067)-832/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)- 832/2021 nömrəli qətnaməsinin təqdim edilməsinə dair borclu Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ərizəsi təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)-832/2021 nömrəli qətnaməsinin surəti borclu Cavabdeh 10.12.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(067)-832/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(067)- 832/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Cavabdeh qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır (hakim Sərxan Səmədzadə). Həmin qərardaddan cavabdehin nümayəndəsi Nümayəndə2 şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadının ləğv edilməsini, qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 17.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti onunla əsaslandırmışdır ki, qətnamədən şikayəti qanunla müəyyən edilmiş müddəti buraxmamaqla vermiş, müddəti buraxmamışdır. Qanunla müəyyən edilmiş müddətin axırıncı günü 11.01.2022-ci il tarixdə şikayəti təqdim etmişdir. Bu fakt qərardadda da öz əksini tapmışdır. Məhkəmənin qətnaməsi 10.12.2021-ci il tarixdə təqdim edilmişdir. Qətnamə 10.12.2021-ci il tarixdə təqdim edildiyindən qətnamənin təqdim edildiyi günün sonrakı günü 11.12.2021-ci il tarixdən hesablanmalıdır. Müddət 11.01.2022-ci il tarixdə qurtarır. Bununla da qətnamədən müddəti buraxmamaqla apellyasiya şikayəti vermişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadının ləğv edilməsini, qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(067)-832/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qətnamənin surəti borcluya 10.12.2021- təqdim edilməsini, apellyasiya şikayətinin 11.01.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmasını, qətnamədən apelyasiya şikayəti vermə müddətini keçirməsini müəyyən edərək müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi 10.12.2021-ci il tarixdə cavabdehə təqdim edilmiş, apellyasiya şikayəti cavabdehin nümayəndəsi və vəkili tərəfindən 11.01.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilmişdir. Bununla da qətnamədən apellyasiya şikayəti vermə müddəti alındığı günün sonrakı gün, 11.12.2021-ci il tarixdən başlamış, müddətin sonu da 11.01.2022-ci ildir. Bununla da müəyyən edilir ki, cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmiş, bununla da verilmiş şikayət də vaxtında verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)- 832/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 14.01.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)-832/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar