Məhkəmə qərarları › İş №2(105)-147/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-147/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-147/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, 2018/00436-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kreditin əsas borcu üzrə 9547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7359 manat məbləğində dəbbə pulu, cəmi 24252.54 manat borcun, ekspertiza tədqiqatının dəyəri olan 450 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 485 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 9547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7359 manat məbləğində dəbbə pulu, cəmi 24252.54 manat borcun, ekspertiza tədqiqatının dəyəri olan 450 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, 2018/00436-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 11.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 485 nömrəli bağ evini ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə 29 noyabr 2018-ci il tarixli, 2018/00436-01 İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri cavabdeh tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 09 sentyabr 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 9 547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7359 manat məbləğində dəbbə pulu, cəmi 24252.54 manat məbləğində borc yaranmışdır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. 4.Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, 2018/00436-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kreditin əsas borcu üzrə 9547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 16993.54 manat kredit borcu, ekspertiza tədqiqatının dəyəri olan 450 manat pul və 30.40 dövlət rüsumunun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 485 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin likvid qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi, həmin bağ evinin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına 9547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 16993.54 manat kredit borcunun, ekspertiza tədqiqatının dəyəri olan 450 manat pul və 30.40 dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, Cavabdeh əşyaları ilə birlikdə çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Azər İsmayılov).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 739.1, 739.2, 425.1, 741, 742.1, 448.1, 448.2, 317.1, 319.1, 319.6, 467-cı maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33, 34.1.3, 39.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil, üzrlü səbəblə əlaqədar olaraq birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir. Hazırda məhkəmə tərəfindən ipoteka qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivi, 485 nömrəli bağ evinin likvid qiyməti olan 70000 manat məbləği ilə razı deyil. Məhkəmə həmin qiyməti iş materiallarında olan 01/614 nömrəli, xx.xx.2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəy əsasında müəyyən etmişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən Sumqayıt şəhəri, Novxanı ərazisində yerləşən 485 nömrəli bağ evinin hazırki orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Həmçinin onunla iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2018/00436-01 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu ilə razı deyil. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən xx.xx.2018-ci il tarixli, 2018/00436-01 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməlidir. Həmçinin Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsində üzrlü səbəblərdən iştirak edə bilmədiyinə görə hazırda apellyasiya şikayətində qeyd etdiyi halları mübahisələndirə bilməmişdir. Hesab edir ki, məhkəmə apellyasiya şikayətində qeyd etdiyi halları nəzərə alaraq ipoteka predmeti olan evin orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizasının, həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda qeyd edilmişdir ki, cavabdehdən tutulan borcun məbləği mülki iş üzrə məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir. Qətnamədə göstərilən ipoteka qoyulmuş əmlakın ilkin satış qiyməti həm tərəflər arasında bağlanmış ipoteka müqaviləsində razılaşdırılmış, həm də iş materiallarına əlavə edilmiş 01/614 nömrəli, xx.xx.2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəy ilə təsdiq edilmişdir. Əmlakın qiymətinin hər hansı formada dəyişməsini (artması və ya azalması) təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh apellyasiya şikayətinin rədd edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, şikayət verməkdə məqsədi borc ödəməyə vaxt əldə etmək olub. Belə ki, onu evdən çıxarırdılar. Borcu ödəməyə etiraz etmir. Amma bank onu heç danışıq üçün də qəbul etmir. İşləri dayandığı üçün ödəniş edə bilməyib. Ayda 400, 500, 1000 manat olmaqla ödəniş etməyə etiraz etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 462.1. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

12. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 1.0.9. İlkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.4. İpoteka haqqında” Qanunda göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

13. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apelllyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 384.0.1. Apelllyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, yalnız tələb edilmiş borc məbləğini və ipoteka predmetinin satış dəyərini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən tutulmuş borc məbləğinə və ipoteka predmetinin satış qiymətinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021ci il tarixli qətnaməsi Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kreditin əsas borca hesablanmış 7346.12 manat məbləğində faiz borcunun, cəmi 16993.54 manat borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcuna görə 5167,69 manat, cəmi 14815,11 manat məbləğində pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 19.İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, 2018/00436-01 nömrəlii kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 11.000 manat məbləğində kredit verilmişdir.

20. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 485 nömrəli bağ evini ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə 29 noyabr 2018-ci il tarixli, 2018/00436-01 İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır.

21. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə 9547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7359 manat məbləğində dəbbə pulu, cəmi 24252.54 manat kredit borcu vardır.

22. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Cavabdeh müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir.

23. İş materiallarına əlavə edilmiş 01/614 nömrəli, xx.xx.2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 485 nömrəli bağ evinin bazar dəyəri 82.000 manat, likvid dəyəri isə 70.000 manat müəyyən edilmişdir.

24. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə istinadən cavabdehdən kreditin əsas borcu üzrə 9547.42 manat məbləğində qalıq, ona hesablanmış 7346.12 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 16993.54 manat kredit borcun tutulması, eləcə də girov predmeti olan bağ evinin likvid qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən tələb olunan borc məbləği və ipoteka predmetinin likvid dəyəri mübahisələndirildiyindən iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

26. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 9/7261 nömrəli ekspert rəyindən görünür ki, müqavilə üzrə cavabdehin xx.xx.2020-ci il tarixinə olan borcu əsas borc üzrə 10294,21 manat, faiz borcu üzrə 5167,69 manat təşkil edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə əsas borc məbləği 10294,21 manat müəyyən edilsə də, iddia tələbində iddiaçı əsas borca görə 9547.42 manat məbləğində pul tələb etdiyindən iddia tələbinin həcmində əsas borca görə tutulan məbləğ 9547,42 manat müəyyən edilməlidir.

28. Bununla yanaşı tələb edilən faiz borcu ekspert rəyi ilə 5167,69 manat müəyyən edildiyindən qətnamə cavabdehdən tutulan faiz borcuna dair hissədə dəyişdirilməli, müqavilə üzrə əsas borca hesablanmış faizə görə 5167,69 manat pul tutulmalıdır.

29. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 9547.42 manat əsas borca görə cavabdehdən 7359 manat məbləğində dəbbə pulu tələb etmiş, birinci instansiya məhkəməsi həmin məbləğin yüksək olması qənaətinə gəlmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tələb olunan borc məbləği ekspert rəyi ilə də qismən təsdiqini tapmışdır.

32. Bundan başqa cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin satış qiymətini mübahisələndirmiş, bu halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsi baş tutmamışdır.

33. Belə ki, əmlakın qiymətləndirilməsi ilə əlaqədar xidmət haqqının ödənilməsi barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən qiymətləndirilmə üçün xidmət haqqı ödənilməmiş, bununla da evin qiymətləndirilməsi baş tutmamışdır.

34. Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

35. Hazırki işdən görünür ki, cavabdeh ekspertizanın keçirilməsi üçün xidmət haqqının ödənilməsi barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq ekspertizanın keçirilməsinə şərait yaratmamışdır.

36. Belə olan halda məhkəmə kollegiyası cavabdehin əmlakın qiymətləndirilməsi barədə vəsatət versə də ekspertizanın keçirilməsi üçün xidmət haqqını ödəməməsini qərəzli hesab edir və bu hal ekspertizanın keçirilməsinin zəruriliyini aradan qaldırır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehdən tutulan əsas borca hesablanmış borcu ekspert rəyi ilə təkzib edildiyindən, eləcə də ipoteka predmetinin qiymətləndirilməsi üçün zəruri tədbirlərin görülməməsi səbəbindən şikayətin dəlilləri əsassızdır və formal mülahizələr kimi qiymətləndirilməli, dəlillər cavabdehdən tutulan faiz borcuna dair hissədə qismən əsaslı hesab edlməlidir.

38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1ci maddəsində sadalanan əsaslar yoxdur.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kreditin əsas borca hesablanmış 7346.12 manat məbləğində faiz borcunun, cəmi 16993.54 manat borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcuna görə 5167,69 manat, cəmi 14815,11 manat məbləğində pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kreditin əsas borca hesablanmış 7346.12 manat məbləğində faiz borcunun, cəmi 16993.54 manat borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə faiz borcuna görə 5167,69 (beş min yüz altmış yeddi manat altmış doqquz qəpik) manat, cəmi 14815,11 (on dörd min səkkiz yüz on beş manat on bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar