Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1288/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(028)- 240/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 40009110 saylı xx.xx.2022-ci il tarixli saylı nisyə alqı-satqı müqaviləsindən satıcı "xxxx" MMC alıcı Cavabdeh siyahısı təhvil-təslim aktında göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
2. R-16/19 saylı xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əsasən faktor (İddiaçı MMC) borclu barəsində müştərinin ("xxxx" MMC) borcluya mallarının satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir.
3. R-16/19 saylı xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli R-xx/xx-0212 saylı sazişə əsasən "xxxx" MMC borclu Cavabdeh 40009110 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış 552 manat borcuna dair tələb etmək hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 40009110 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı QSC-yə 552 manat əsas borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh 40009110 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 552 manat borc, 0 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının xeyirlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40009110 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 552 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 552 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bu günə 552 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.
7. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(028)-240/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 40009110 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edildiyindən Cavabdeh İddiaçı QSC qarşısında heç bir öhdəliyi yarana bilməz.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 442, 445.2.1, 448.1, 600.1, 600.4, 600.5-ci, Mülki Prosessual Məcəllənin 218-6.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh tərəfindən alınan malın "xxxx" MMC-yə qaytarılması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı QSC tərəfindən qeyd olunan müqavilə üzrə "xxxx" MMC-yə pul məbləğinin ödənilməsinə baxmayaraq, müqavilə üzrə malın təhvil-təslim aktını imzaladıqdan sonra qaytarması və bu barədə nə borclu Cavabdeh, nə də "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə heç bir məlumat verilməməsi qeyd olunan müqavilənin yalnız görüntü üçün bağlandığı təəssüratı yaradır. Mülki Məcəlləsinin 657.4-cü maddəsinə əsasən, əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. 40009110 saylı xx.xx.2022 saylı müqavilə üzrə borclu Cavabdeh borcun güzəşti barədə bildiriş təqdim olunmuş və qeyd olunan bildirişdə borcun İddiaçı QSC-yə güzəşt olunduğu, ödənişlərin hansı formada həyata keçirilməsi aydın olaraq göstərilmişdir. Bu səbəbdən malın qaytarılması barədə məlumat da İddiaçı QSC-yə verilməli idi. Lakin Qubadlı Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman göstərilmiş normaların heç biri nəzərə alınmamışdır. "xxxx" MMC müqavilə üzrə tələbi güzəşt etdiyi üçün kreditor hesab olunmur. Bu səbəbdən qeyd olunan mülki iş üzrə heç bir maliyyə arayışı vermək səlahiyyətinə malik deyildir. Kreditor İddiaçı QSC olduğu üçün maliyyə arayışı və digər sənədlər İddiaçı QSC tərəfindən verilməlidir. Buna görə də, "xxxx" MMC tərəfindən verilmiş arayış qeyd olunan mübahisə üzrə sübut hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 394-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə baxılması 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinin tələbinə əsasən qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, işin hallarından görünür ki, xx.xx.2022-ci il tarixli saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh siyahısı təhvil-təslim aktında göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarxili R-xx/xx- 0212 saylı sazişə əsasən "xxxx" MMC borclu Cavabdeh 40009110 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış 552 manat borcuna dair tələb etmək hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir.
19. İddiaçı qeyd olunan müqavilələrə istinad edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 40009110 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 552 manat borcun onun xeyrinə tutulmasını xahiş etmişdir.
20. Cavabdeh iddia ərizəsinə etiraz edərək, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edildiyini və müqavilə üzrə götürməli olduğu malları geri qaytardığını bildirmişdir.
21. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizəyə əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 40009110 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi eyni model olan 2 ədəd məhsuldan (mobil cihaz Xiaomi Redmi 9A 2/32 green) imtina etmiş və məhsulları geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40009110 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir. İddiaçı-da 40009110 saylı müqavilə üzrə borcalanın adında olan 552 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyindədir.
22. Göründüyü kimi, təqdim edilmiş arayışa Cavabdeh xx.xx.2022-ci il tarixli 40009110 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcunun olmadığı müəyyən olunur.
23. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə nəzərdə tutulan faktorinq müqaviləsinin məzmunundan irəli gələn faktorinq əməliyyatının məqsədi pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə mal almış, malı geri qaytarmış və tərəflər arasındakı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Alğı-satqı predmetlərinin qaytarılmasına görə ləğv olunmuş müqavilə üzrə cavabdehdən həmin malların dəyərinin ödənilməsini tələb etmək əsassızdır.
24. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
25. Digər tərəfdən, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 40009110 saylı müqavilə üzrə borcalanın adında olan 552 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyindədir.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
27. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(028)-240/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.