Məhkəmə qərarları › İş №2(105)-1292/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1292/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1292/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(012)-829/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İBnin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2540,16 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli, ******* saylı aktına əsasən hesablanmış 2177,28 manat, 29 iyul 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 362,88 manat məbləğində olmaqla, cəmi 2540,16 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(012)-829/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00017 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 iyun 2022-ci il tarixli, ******* saylı akt üzrə 1814,40 manat və 29 iyul 2022-ci il tarixli, ******* saylı akt üzrə 362,88 manat olmaqla, cəmi 2177,28 manat cərimənin silinməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsininə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(012)-829/2023 nömrəli qətnaməsi 31 mart 2023-cü il tarixli məktubla tərəflərə göndərilmiş, lakin qətnamənin rəsmi qaydada alınmasına dair hər hansı sənəd (qəbz, xəbərnamə) və yaxud qətnamənin Cavabdeh elektron kabinetinə yerləşdirilməsinə dair çıxarış işə əlavə edilməmişdir. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün deyildir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(012)-829/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(012)-829/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar