Məhkəmə qərarları › İş №2(105)-1293/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1293/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1293/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi tələbinə dair” ilk iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin “qarşılıqlı iddiaya dair vəsatətin geri qaytarılması haqqında” 30 may 2024-cü il tarixli, 2(012)-186/2024 nömrəli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 blokİu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyriyaşayış sahəsinə dair sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 blokİu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə dair sərəncam vermə hüquqlarının bərpa edilməsi, həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi və X5 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında X5 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyriyaşayış sahəsinə dair bağlanmış 30 aprel 2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, X5 ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2014- cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa etdiyi 2 girişli 16 mərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.metr olan qeyri-yaşayış sahəsinin X4 təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh MTK İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan qeyriyaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh MTK MPM-in 51.3 və 53-cü maddələrinə əsasən məhkəməyə vəsatətlə (qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi barədə) müraciət etmiş və X3 da cavabdeh qismində işə cəlb edilməsini, X6 ilə Cavabdeh MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyriyaşayış sahəsinə dair tərtib edilmiş 20 aprel 2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, həmçinin İddiaçı ilə Cavabdeh MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının “A” bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş 30 aprel 2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-186/2024 nömrəli qərardadı ilə vəsatət geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Qərardaddan Cavabdeh MTK şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-186/2024 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında vəsatətin icraata qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-186/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Cavabdeh MTK tərəfindən qarşılıqlı iddia üzrə verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin “qarşılıqlı iddiaya dair vəsatətin geri qaytarılması haqqında” 30 may 2024-cü il tarixli, 2(012)-186/2024 nömrəli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya dair vəsatətin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın həmin vəsatəti qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi barədədir. İşdən görünür ki, ilk iddia üzrə tərəflər – iddiaçı və cavabdeh müvafiq olaraq İddiaçı və Cavabdeh MTK-dır. Cavabdeh MTK-nın qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi barədə vəsatətindən isə görünür ki, o, ilk iddia üzrə iddiaçı ilə yanaşı, digər bir şəxsə qarşı da tələb yönəltmişdir. Bu isə qarşılıqlı iddianın mahiyyətinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür... Göründüyü kimi, qarşılıqlı iddia tələbləri yalnız iddiaçıya qarşı və ilk iddianın həcmihəddində verilə bilər. Cavabdeh MTK isə qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi adı altında hazırkı iş üzrə iddiaçı olmayan başqa bir şəxsə qarşı da tələb irəli sürmüşdür. Bu hal işdə iştirak edən şəxslərin prosessual statusunu müəyyən etməkdə dolaşıqlıq yaratmaqla yanaşı, mübahisənin tez və düzgün həllini də təmin etməyəcək... Beləliklə, qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə vəsatət qarşılıqlı iddianın forma və məzmununa uyğun tərtib edilmədiyindən məhkəmə onun geri qaytarılması qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan Cavabdeh MTK şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə MPM-in 53-cü maddəsinə müvafiq olaraq İddiaçı tərəfindən verilmiş ərizəni icraata qəbul etsə də, Cavabdeh MTK tərəfindən verilmiş ərizəni icraata qəbul etməmişdir. Halbuki, Cavabdeh MTK qarşılıqlı iddia irəli sürdüyündən və bu iddia icraata qəbul edildiyindən MPM-in 53-cü maddəsində təsbit edilmiş hüquqlar ona da məxsusdur... Ona görə də Abşeron Rayon Məhkəməsinin 30 may 2024-cü il, 2(012)- 186/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin şikayətindən göründüyü kimi, o, qarşılıqlı iddia ərizəsi icraata qəbul edildiyindən hesab edir ki, qanunla iddiaçıya verilmiş bütün hüquqlardan onun da istifadə etməyə haqqı çatır. Cavabdehin bu arqumenti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi icraata qəbul ediləndən sonra o heç də iddiaçıya çevrilmir. Cavabdeh qarşılıqlı iddia irəli sürəndən və bu iddia icraata qəbul ediləndən sonra da öz prosessual statusunda qalır. Onun iddiası ona görə “qarşılıqlı iddia” adlanır ki, o, cavabdehdir və onun qarşılıqlı tələbi də məhz iddiaçıya qarşı irəli sürülə bilər. Ona görə də cavabdeh MPM-in 53-cü maddəsinin verdiyi imkanlardan yalnız ilk iddia tələblərinin həcmi hüdudlarında istifadə edə bilər. Bu baxımdan qarşılıqlı iddia tələblərinin iddiaçıdan savayı əlavə şəxsə (şəxslərə) qarşı, yaxud ilk iddianın həcmindən kənara çıxan həddə irəli sürülməsi yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh MTK-nın qarşılıqlı iddiaya dair (həmin iddianın həcminin artırılması barədə) vəsatətini icraata qəbul etməyib geri qaytarmaqda haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Bununla razılaşmayan cavabdehin mövqeyini və şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız kimi qiymətləndirir. Cavabdehin şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin “qarşılıqlı iddiaya dair vəsatətin geri qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, 2(012)-186/2024 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin, o cümlədən iddia ərizəsinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) ilə bağlı MPM-in 53-cü maddəsi qaydasında verilən vəsatətin (ərizənin) qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 152, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin “qarşılıqlı iddiaya dair vəsatətin geri qaytarılması haqqında” 30 may 2024-cü il tarixli, 2(012)-186/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar