Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-87/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e-2-2(119)- 185/2025 nömrəli qərardadından iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(119)-185/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehndən 18592,19 manat məbləğində bоrc və 145,78 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18737,97 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə qarşı verilmiş “müqavilənin və protokolun etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən 23 may 2025-ci il tarixində Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamədən şikayətin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, vaxtında apellyasiya şikayəti ilə məhkəməyə müraciət edilsə də, həmin şikayət qanunvericiliyin müəyyənləşdirdiyi formaya uyğun olmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(119)- 185/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və e-2-2(119)-185/2025 nömrəli kommersiya işinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). İş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qərardaddan şikayət verərək sözügedən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş 30 gün ərzində realizə edə bilməməsinin üzrlü səbəbi olaraq maliyyə problemləri və hüquqi yardım olmamasını göstərmişdir. Sadalanan halların üzrlü səbəb olaraq göstərilməsi prosesin lüzumsuz yerə uzadılmasına, əlavə vaxt itkisinə, məhkəmə xərclərinin çoxalmasına, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) işgüzar nüfuzuna xələl gətirir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) dəfələrlə yanlış və gec təqdim edilmiş şikayətləri hüququn sabitliyinə ziddir. Bu, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə uyğun deyildir. Cavabdeh müddətin bərpa edilməsi hüququndan sui-istifadə edərək prosesin məqsədli uzadılmasına nail olur. Cavabdeh 24 sentyabr 2022-ci il tarixindən etibarən “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malik olmasına baxmayaraq, şikayəti poçtla göndərərək prosessual pozuntuya yol vermişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən uzun müddətdir istifadə edilməsinə baxmayaraq, ondan istifadə qaydalarının pozulmasının üzrlü səbəb hesab edilməsi ağlabatan deyildir. Məhkəmə Mülki Prosessual Məcəlləyə uyğun olaraq apellyasiya şikayətlərinin geri qaytarılması ilə bağlı müvafiq əsaslandırılmış qərardadlar qəbul etmişdir. Müvafiq qərardadlarda şikayətin geri qaytarılma səbəblərinin göstərilməsinə baxmayaraq, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin əsaslandırmalardan nəticə çıxarmayaraq səhlənkarlıq göstərmiş, Əlavə 2nin (Apellyasiya şikayətinin formasının) pozulması faktını 2 dəfə törətmişdir. Bütün sadalanan halların cavabdeh üçün üzrlü səbəb hesab edilməsi qeyri-obyektiv, qanunsuz və əsassız hesab olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2-2(119)- 185/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 185/2025 nömrəli kommersiya işi üzrə qəbul edilmiş 05 iyun 2025-ci il tarixli e-2-2(119)- 185/2025 nömrəli qərardaddan həmin iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-2(119)- 185/2025 nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi müddətin bərpa olunması barədə qərardadını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MMC tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı MMC-yə qarşı verilmiş “müqavilənin və protokolun etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2-2(119)- 185/2025 nömrəli kommersiya işi üzrə 19 fevral 2025-ci il tarixdə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(119)-185/2025 nömrəli qətnaməsinin tam mətni 04 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və həmin məhkəmə qətnaməsi elə həmin tarixdə elektron kabinetə yerləşdirilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla aydın olur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən etibarən həmin informasiya sistemində elektron kabinetə malikdir. İş materiallarına əsasən, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) 04 aprel 2025-ci il tarixində poçt vasitəsilə həmin qətnamədən apellyasiya şikayətləri ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 3-8/2-933/2025 nömrəli və 3-8/2-946/2025 nömrəli məktubları ilə həmin apellyasiya şikayətləri aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Şikayətlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməli olduğu halda, poçt vasitəsilə təqdim edildiyindən Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərardadı ilə həmin şikayətlər geri qaytarılmışdır. Daha sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) 02 may 2025-ci il tarixində yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlanan Mülki Prosessual Məcəlləyə Əlavə 2-də nəzərdə tutulmuş formaya uyğun tərtib edilmədiyindən məhkəmənin 05 may 2025-ci il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) 08 may 2025-ci il tarixində həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlanan Mülki Prosessual Məcəlləyə Əlavə 2-də nəzərdə tutulmuş formaya uyğun tərtib edilmədiyindən məhkəmənin 12 may 2025-ci il tarixli qərardadı ilə həmin şikayət yenidən geri qaytarılmış, həmçinin Mülki Prosesual Məcəllənin 133.3-cü maddəsinin tələbi nəzərə alınaraq buraxılmış müddətin bərpasına dair ərizəyə ayrıca baxılması qeyri-mümkün olduğundan həmin ərizə də geri qaytarılmışdır. Cavabdeh hazırkı apellyasiya şikayəti ilə apellyasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etsə də, müəyyən edilir ki, onun ilkin olaraq təqdim etdiyi apellyasiya şikayəti müddət ötürülmədən verilmişdir. Yəni cavabdehin apellyasiya şikayəti vermək niyyəti mövcud olmuş, bu niyyətini qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət daxilində realizə etmiş, lakin şikayət müvafiq tələblərə cavab vermədiyindən geri qaytarılmışdır. Bunu nəzərə alan məhkəmə hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməli və həmin müddətin bərpa edilməsi haqqında cavabdehin ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin: 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Lakin işin hallarına əsasən müəyyən edilir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilk dəfə apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində versə də, həmin şikayət elektron olmadığından geri qaytarılmışdır.Bundan sonra yenidən elektron qaydada şikayət verərkən Əlavə 2-ə uyğun şəkildə verməmiş, bununla yanaşı həmin şikayət geri qaytarılarkən cavabdehə qanunvericiliklə müəyyən edilmiş formalara və şərtlərə əməl edilməklə yenidən müraciət imkanı izah olunsa da, cavabdeh bundan sonra apellyasiya şikayətini yenidən formaya əməl etməyərək Əlavə 2-ə uyğun şəkildə verməmişdir. Qeyd olunan səbəblərin prosessual hüquqlara və vəzifələrə malik cavabdehin iradəsindən asılı olmayan, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan halların dairəsinə aid edilməsi yuxarıda qeyd edilənlərə əsasən ağlabatan olmamaqla ədalətli hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunmasına dair mahiyyətcə düzgün qərardad çıxarmamışdır. Ona görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e-2-2(119)- 185/2025 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli e-2-2(119)-185/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-87/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-87/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver