Məhkəmə qərarları › İş №2(105)-1298/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1298/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1298/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1736/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 42 ünvanında yerləşən 45 kv.metrlik qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması və dəymiş maddi ziyanın əvəzi kimi 30 000 manatın, habelə ödənilmiş dövlət rüsumu üçün 10 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 42 ünvanında yerləşən 45 kv.metrlik qeyri-yaşayış sahəsinin satılması ilə bağlı şifahi razılığa gəlmişlər. Cavabdeh razılığı pozmuş və ona vermiş olduğu pulun qaytarılması barədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ondan cəmi 13 040 manat pulun alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsi cavabdehin faktiki istifadəsindədir, halbuki əmlak onun vəsaiti hesabına inşa edilmişdir. Bu səbəbdən də cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və istifadəsində olduğu müddətdə iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və iddia təmin edilməlidir. Məhkəmə gedişatında cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək onun qeydiyyat yerinin Göygöl rayonu olduğunu əsas gətirərək, mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1736/2020 saylı qərardadı ilə cavabdehin aidyyatla bağlı vəsatəti təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qərardaddan narazı qalan Cavabdeh ondan şikayət verərək onun ləğv edilməsini və işə Göygöl Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-200/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin vəsatətin rədd edilməsi barədə qərardadı əsassızdır. Əvvəla, işə baxan Abşeron Rayon Məhkəməsi mübahisənin iddiaçının xeyrinə həllində maraqlıdır. Digər tərəfdən hazırkı tələb MPM-nin müstəsna aidiyyətlə bağlı 39.1-ci maddəsinin təsir dairəsinə düşmür. Daşınmaz əmlak dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçı qanuni sahib hesab edilə bilməz. Bundan başqa, 1 ildən artıqdır ki, obyekt onun istifadəsində deyildir, K.Ağayev 1 il öncə gecə vaxtı obyektin qapısını qıraraq oraya girmişdir. Bu barədə bir sıra qurumlara şikayət edilmişdir. O, Göygöl rayonunda qohumlarının evində müvəqqəti qeydiyyatdadır. Artıq xeyli vaxtdır ki, o, Saray qəsəbəsində yaşamır. Onun hər prosesdə Göygöldən Abşeron rayonuna gedib gəlməsi çətinlik törədir. İddiaçı onun yaşadığı rayon məhkəməsinə gəlib iddianı burada qaldırmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv olunmalı, mübahisə Göygöl Rayon Məhkəməsində araşdırılmalıdır. İş üzrə İddiaçı məhkəmə iclasında qərardadın qanuni olduğunu göstərib şikayətin rədd olunamsını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək, maddi imkanının məhdud olması və yolların çətin vəziyyətilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayon Saray Bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 42 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Tikinri obyektinə dair İddiaçı adına eskiz layihə işlənmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1736/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini cavabdehin Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 42 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması təşkil edir. Bu daşınmaz əmlak iddiaçının mülkiyyətində olmasa da (müvafiq reyestrdən çıxarış verilməmişdir), obyektin iddiaçının sahibliyində olması barədə işdə sənəd vardır. Bu fakt işdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-2062\2017 saylı qətnaməsilə də təsdiqlənir. Digər tərəfdən həmin qeyriyaşayış sahəsinin Abşeron rayonu ərazisində yerləşməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edildiyi kimi, iddiaçının əsas tələbi onun sahibliyində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, yəni cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi barədədir və belə olan halda, bu mübahisəyə müstəsna aidiyyət qaydalarını nəzərədə tutan MPM-nin 39.1-ci maddəsinin tələbinə əsasən mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılamlıdır. Abşeron rayon Saray Bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli arayışından isə görünür ki, bu əmlak Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 42 ünvanında yerləşir. Digər tərəfdən, işdən görünür ki, cavabdehin özü də Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Cavabdeh özünün yaşadığı yer üzrə mübahisəyə başqa məhkəmədə baxılması barədə vəsatət verərkən aidiyyət qaydalarını pozduğundan bu vəsatətin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(012)-1736/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1736/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar