Məhkəmə qərarları › İş №2(105)-13/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-13/2023

28.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-13/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və Qobustan Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) X2 (sədrlik edən və məruzəçi), X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı1 nümayəndələri Nümayəndə1, Nümayəndə2, X5 Nümayəndə3, Cavabdeh iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(026)-157/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X16 Təsərrüfatı Mərkəzinin 15 aprel 2019-cu il tarixli 289 saylı məktubunun surətindən görünür ki, Qobustan rayonunun Nərimankənd kənd sakini X1 Şamaxı meşəbəylinin 9 saylı meşə dolayının 22 saylı kvartalında X18 torpaq sahəsində 20 m uzunluğu, 10 m eni və 1 m hündürlüyündə mişar daşından qanunsuz tikinti inşa etmişdir.

2. Qobustan rayon İHB-nın Memarlıq və Tikinti Şöbəsinin müdiri-baş memar Məzahir Əliyev, Qobustan rayon İHB-nın Memarlıq və Tikinti Şöbəsinin aparıcı-məsləhətçisi Nümayəndə1, X5 Nümayəndə3, Qobustan rayon İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəsi Məlikağa Əhədovun 04 dekabr 2018-ci il tarixdə tərtib etdikləri aktın surətindən görünür ki, Qobustan şəhər sakini X10 tərəfindən Qobustan şəhəri ərazisində Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində qanunsuz tikinti apardığı müəyyən edilmiş, vətəndaşdan tikinti aparmaq üçün lazımı sənəd təqdim etməsi tələb olunmuş, vətəndaş tikinti apardığı torpaq sahəsinə deyil, başqa əraziyə aid olan sənədləri təqdim etmişdir. Vətəndaş tərəfindən tikinti aparılan torpaq sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinə aid meşə fondu torpaqlarına məxsus olduğu bildirilərək ərazinin fotoşəkilləri çəkilərək akta əlavə olunmuşdur.

3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı1 Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinə ünvanlandığı 29 oktyabr 2018-ci il tarixli 1293 saylı məktubundan görünür ki, Qobustan rayonu, Nərimankənd sakini X7 “tikinti işləri gedən ərazinin meşə sahəsinə düşüb-düşmədiyinin araşdırılmasına köməklik göstərilməsi“ barədə X11 Departamentinə daxil olmuş şikayət ərizəsi idarə əməkdaşları tərəfindən araşdırılmışdır. Baxış keçirilərkən Qobustan rayonu, Nərimankəndi kəndi ərazisində Bakı-Qazax yolunun sağ tərəfində uzunluğu 20 metr, eni isə 10 metr olan sahədə 3 mişar daşı hündürlüyündə əsaslı daşdan tikinti işlərinin aparılması müəyyən edilmişdir. Araşdırma zamanı, təqdim olunmuş materiallar əsasındaməlum olmuşdur ki, vətəndaş X7 tikinti işlərini ona ayrılmış torpaq sahəsində deyil, qanunsuz olaraq meşə fonduna aid olan torpaq sahəsində aparmışdır. X7 tərəfindən meşə fonduna aid olan torpaq sahəsində qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması üçün müvafiq aidiyyatı tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh adına Qobustan şəhərində yerləşən 0,12 ha torpaq sahəsi qeydə alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 06 iyul 2018-ci il tarixdə tərtib etdiyi A №-li 280133 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qobustan rayonunun Qobustan şəhərində 0,12 ha sahədə yerləşən Cavabdeh məxsus torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, Dövlət Torpaq kadastrı kitabında 06 iyul 2018-ci il tarixdə 280133 nömrə ilə uçota alınmışdır.

6. İddiaçı1 başçısının 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü və 75-ci maddələrinə uyğun olaraq Qobustan şəhər sakini Sərkarov Hikmət Ayat oğlunun müraciəti nəzərə alınaraq Qobustan şəhərində yerləşən 192 kv.m ölçüdə olan torpaq sahəsində İddiaçı1 başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmişdir.

7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Cavabdeh ünvanlandığı 16 aprel 2019-cu il tarixli 27/S-228 saylı cavab məktubundan görünür ki, 25 fevral 2019-cu il tarixli Qobustan bələdiyyəsinin 05 avqust 2015-ci il tarixli 09 nömrəli qərarına əsasən Qobustan rayonu İcra Hakimiyyəti başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli sərəncamı ilə onun adına ayrılmış 0,0192 ha torpaq sahəsinin təqdim olunmuş cizgi xəritəsinə əsasən X16 X6 meşəbəyliyinin və Qobustan rayonu Nərimankənd bələdiyyəsinin plan və xəritə materialları əsasında aparılmış, araşdırmada sözügedən 0,0192 ha torpaq sahəsinin X18na aid olmadığı göstərilmişdir.

8. İddiaçı1 başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli sərəncamının ləğv edilməsi haqqında 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamından çıxarışda göstərilir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.13-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1; 95.1.1-ci maddələrinə uyğun olaraq, Qobustan rayonu İcra hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Məzahir Əliyevin məlumatını nəzərə alaraq Qobustan rayonu İcra hakimiyyəti başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli sərəncamı ləğv edilmişdir.

9. Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazininin boşaldılması məqsədilə həmin ərazidə Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi İddiaçı1 başçısının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Məzahir Əliyevə tapşırılmışdır.

10. Qobustan bələdiyyəsi ilə Qobustan şəhər sakini Cavabdeh arasında bağlanmış 20 aprel 2017-ci il tarixli icra müqaviləsinin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi idarəsi tərəfindən xx/xx/2016 tarixdə Qobustan rayon bələdiyyəsi adından verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövləreyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.12 ha torpaq sahəsi 20 aprel 2032-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir.

11. Qobustan bələdiyyəsinin 15 may 2006-cı il tarixli iclas protokolunun 05 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 120 kv.m torpaq sahəsi müsabiqə yolu ilə Qobustan şəhər sakini Cavabdeh sahibkarlıq məqsədilə satılmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2019-cu il tarixli 16165 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsində İddiaçı1 başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihəyə əsasən yarımçıq tikili mövcud olduğu müəyyən edilmişdir.

13. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 20 avqust 2019-cu il tarixli **********01 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Qobustan şəhəri ərazisində, Bakı-Şamaxı yolunun sağ tərəfində yerləşən mübahisəli torpaq sahəsinin mövcud xəritə materiallarına və mülki işdə olan sxemlərə əsasən Qobustan bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir.

14. Mütəxəssis rəyinə əsasən, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh Qobustan bələdiyyəsinin 15 may 2006-cı il tarixli 05 nömrəli qərarı ilə (sonradan 05 avqust 2015-ci il tarixli 09 nömrəli qərarı ilə icarəyə verilməsi) satılması nəzərdə tutulan qərarlara əlavə edilmiş və Qobustan bələdiyyəsi tərəfindən imzalanmış sxemlərə uyğun olduğu müəyyən edilmişdir (naturada yolların genişlənməsi ilə bağlı əvvəlki illərlə müqayisədə dəyişiklik mövcuddur). Tədqiq olunan torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsində İddiaçı1 başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihəyə əsasən yarımçıq tikili mövcud olduğu müəyyən edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-591/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı cavabdehin 18 iyun 2019-cu il tarixli, 047/1 saylı sərəncamının ləğv olunması barədə iddia tələbinə baxılıb-yekun məhkəmə aktı qəbul edilənədək, hazırkı iş üzrə icraat dayandırılmışdır.

16. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1888/2022 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı1nə qarşı cavabdehin 18 iyun 2019-cu il tarixli, 047/1 saylı sərəncamının ləğv olunması barədə iddiası təmin edilməmişdir. Həmin qərar bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(105)-13/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı1 və Qobustan bələdiyyəsi Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi və Qobustan şəhəri ərazisində yerləşən qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh ona ayrılmış yerdən 4 il müddətdə istifadə etmədiyinə görə Azərbaycan Respublikası Şəhərsalma Məcəlləsinin 77.1- maddəsinə əsasən 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncam ləğv edildiyi üçün tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı Qobustan Bələdiyyəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia predmetinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh ilə bələdiyyə arasında 20 aprel 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə ona ayrılmış 0,12 ha torpaq sahəsinin icarə haqqını ödəmədiyi və həmin ərazidə dövlət əhəmiyyətli avtovağzalın tikilməsi nəzərdə tutulduğu üçün icarə müqaviləsinin ləğv edilməsi və tikilinin sökülməsinə dair qətnamə çıxarılmasım xahiş etmişdir.

21. İddia onunla əsaslanıb ki, Qobustan şəhər sakini Cavabdeh Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti işləri aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq X18 torpaqlarında tikinti aparıldığı müəyyən edilmişdir. Cavabdehdən tikinti aparmaq üçün lazımı sənədləri təqdim etməsi tələb olunmuş, sonuncu tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədləri təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sənədlər tikinti aparılan ərazinin qarşı tərəfinə aid olmuşdur. Cavabdehə onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid X18 torpaqlarına məxsus olduğu, dərhal tikintinin saxlanması və ərazinin əvvəlki vəziyyətə gətirilməsi bildirilmişdir. Komissiya tərəfindən dəfələrlə cavabdehə zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi bildirilsə də, cavabdeh bu tələblərə məhəl qoymamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X16 Təsərrüfatı Mərkəzi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı1nə göndərilmiş məktubları və həmin tikilinin zəbt edilmiş torpaq sahəsində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, torpaqdan düzgün istifadə olunmamasını nəzərə alınaraq sərəncam ləğv edildiyi üçün tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmalıdır.

22. Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(026)-157/2019 saylı qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddia təmin edilərək, Qobustan bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2017-ci i tarixli icrarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Qobustan şəhəri ərazisində yerləşən 21,0 metr, eni 11,0 metr, hündürlüyü 1,0 metr (daş) olan yarımçıq tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 başçısının 27 oktyabr 2015-ci il tarixli, 099 nömrəli sərəncamı ilə Cavabdeh ayrılmış Qobustan şəhəri ərazisində 192 kv.m ölçüdə torpaq sahəsində müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş, Qobustan bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarı ilə Qobustan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan 120 kv.m torpaq sahəsi Cavabdeh sahibkarlıq məqsədi ilə satılmışdır. Sonuncu həmin tarixdən icarə haqqını ödəməmişdir. İddiaçı1 başçısının 18 iyun 2019-cu il tarixli 047/1 nömrəli sərəncamından çıxarışa əsasən Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədi ilə həmin ərazidə Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi İddiaçı1 başçısının Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar Məzahir Əliyevə tapşırılmışdır. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3, 180.4,-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 39.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

25. Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(026)-157/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, münbahisəli tikilinin inşa edildiyi 192 kv metr torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid X18 torpaqlarına məxsusdur. Bu hal cavabdehin məhkəməyə təqdim etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli məktubu ilə təkzib olunmuşdur. Belə ki, həmin departamentin nümayəndələri mübahisəli ərazidə olmuş və torpağın Qobustan Bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Bu fakt həmin məktub və müvafiq aktla təstiq olunmuşdur. Digər tərəfdən torpaq sahəsinin mülkiyyətçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi olsaydı, hazırkı iddianı irəli sürməkdə həmin qurum maraqlı olardı. Bundan başqa məhkəmə heç bir iddiası olmayan, tələbi bəlli olmayan Qobustan Bələdiyyəsini heç bir əsaslandırma olmadan iddiaçı qismində işə cəlb etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2019-cu il tarixli 16165 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsində İddiaçı1 başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihəyə əsasən yarımçıq tikili mövcud olduğu müəyyən edilmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin mövcud xəritə materiallarına və mülki işdə olan sxemlərə əsasən Qobustan bələdiyyəsinə məxsus olduğu və cavabdehə verilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhz həmin rəy məhkəməyə daxil olduqdan sonra iddiaçılar tərəfindən iddia ərizəsinə dəqiqləşmələr edimişdir. İddiada qeyd edilənlər əsassızdır. İddiaçı tərəf mübahisəli torpaq sahəsinin 4 il ərzində cavabdeh tərəfindən istifadə olunmadığını bildirir, eyni zamanda torpaq sahəsində inşa edilən tikilinin sökülməsini tələb edir. Torpaq sahəsi istifadədə olmadığı təqdirdə orada hər hansı tikilinin inşası mövcud ola bilməzdi. Həmin torpaq sahəsini o qanuni əsaslarla əldə etmişdir. Qeyd edilən ərazi avtovağzal üçün nəzərdə tutulsaydı, Qobustan Rayon İcra Başçısı xx.xx.2015ci il tarixli, 099 saylı sərəncamı verə bilməzdi. Habelə iddianı təstiq edən şəhərin baş planının surəti məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar iddia tələbinin qərəzli şəkildə irəli sürüldüyünü deməyə əsas verir. İşə baxan məhkəmə heç bir araşdırma aparmadan formal əsasla iddianı təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iş üzrə İddiaçı1 hazırkı iddia tələbindən imtina etməsini bildirərək, iddia tələbindən imtina edilməsi barədə yazılı ərizəni məhkəməyə təqdim edib, iddiadan imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 Nümayəndə3 iş üzrə iddiaçı Qobustan Bələdiyyəsinin hazırkı iddia tələbindən imtina etməsini bildirərək, iddia tələbindən imtina edilməsi barədə yazılı ərizəni məhkəməyə təqdim edib, iddiadan imtinanın qəbul edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etdilər.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçılar tərəfindən təqdim edilən iddiadan imtina barədə ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsinə hər hansı etirazı olmadığını bildirdi.

31. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətindən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(026)-157/2019 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiadan imtinalar qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.

34. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər.

35. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür.

36. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.

37. Göründüyü kimi iddia verən şəxs həm də iddiadan imtina etmək hüququna malikdir və bu iddia vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni iddia tələbi ilə məhkəməyə müraciət edən şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq iddiadan imtina edə bilər. Lakin iddiadan imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də iddiadan imtina iddianı verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onların həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də imtinanın doğuracağı nəticə iddiaçılara məlum (izah) olduğundan qəbul edilməli və Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(026)-157/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və Qobustan Bələdiyyəsinin nümayəndələrinin iddiadan imtinaları qəbul edilsin. Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(026)-157/2019 nömrəli qətnaməsi ləğv edilsin. Hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar