Məhkəmə qərarları › İş №2(105)-1302/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1302/2021

31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1302/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3169/2020 saylı qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3169/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 486 manat borc Cavabdeh İB tərəfindən silinmiş və xx xxxx 2019-cu il tarixli, ******* №-li akt ləğv edilmişdir. Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3169/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandımışdır ki, o, 2019-ci ilin mart ayında evinin qaz sayğacının altından qaz sızması və qaz sayğacından yağ tökülməsini müşahidə etmişdir. O, dərhal 104 çağrı mərkəzinə zəng edib qaz sayğacında problem olduğunu və onun aradan qaldırılmasını xahiş etmişdir. Həmin günü Qaz İstismarı İdarəsinin əməkdaşları gəlib qaz sayğacını sökmüş və plombu qırmışlar. İki gün sonra o, uşağın müalicəsi ilə bağlı Rusiya Federasiyasına getmişdir. 20 gün orada qaldıqdan sonra Saray qəsəbəsində yerləşən evinə gələndə qaz sayğacı sökülüb yerinə başqa bir sayğac quraşdırıldığını görmüşdür. Bundan sonra o, Cavabdehndən gedərək Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktı götürdükdə Qaz idarəsinin əməkdaşlarının ******* nömrəli “X6 Qaydalarının Pozulmasına” görə akt tərtib etdiyi məlum olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onlara itirilmiş qazın bərpası üçün xx xxxx 2019-ci il tarixdə ******* nömrəli aktla 486 manat cərimənin yazılması əsassız və qanunsuzdur. Ona görə də, Cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixli, ******* №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq 486 manat pulun silinməsi barədə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək itirilmiş qaza görə hesablatlar aparılaraq ümumilikdə 486 manat dəymiş ziyan hesablanmışdır. Qaldırılmış iddialrın mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsdiqlənmiş foto şəkillər, protokollar, aktlar və s. müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş Dövlət müəsissəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yaranmış ziyan məbləğini araşdırmamış, bununla bağlı hər hansı ekspertiza keçirməmiş, abonent bazasında bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməyərək qeyri-obyektiv qərar qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materialında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış sahəsində İtron tipli, G-4 markalı, 1402AZ**********66 nömrəli 02663048 plomblu sayğac, İtron tipli, G-4 markalı, 1402AZ**********66 nömrəli 05472441 plomblu yeni sayğacla əvəz edilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsində İtron tipli, G-4 markalı, 1402AZ**********66 nömrəli 05472441 plomblu sayğac, İtron tipli, G-4 markalı, 9T**********63 nömrəli 05771264 plomblu yeni sayğacla əvəz edilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. “X6 qaydalarının pozulması” haqqında xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Abşeron rayonunda istehlakçı İddiaçı məxsus yaşayış evinə quraşdırılan sayğac üçün MSK-nın 29/1710-00901-2 saylı rəyinə əsasən 1402AZ**********66 nömrəli sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, kənar təsirin aşkarlanmadığı, yivli birləşmələrin korroziyaya uğradığı qeyd olunmuş və qaz sərfinin miqdarının 4860 m3, qaz sərfinin məbləğinin 486 manat olduğu hesablanmışdır. X6 qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı ümumilikdə 486 manat borc hesablanmışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, nasazlığın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda iddiaçının mülkiyyətində olan yaşayış evindən kənarda quraşdırılmış qaz sayğacının yararsız müddəti üçün hesablanmış 486 manat məbləğində debitor borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Çünki yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, ******* №-li akt əsasında İddiaçı hesablanmış 486 manat məbləğində borc pulun silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin – “İddiaçı hesablanmış 486 manat məbləğində borc pul silinsin” hissəsində dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada tam təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında tam ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, ******* saylı “X6 qaydalarının pozulması haqqında” akt ləğv edilsin” hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən –Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, ******* saylı “X6 qaydalarının pozulması haqqında” akt ləğv edilsin” hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli və qətnamə – “xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 486 manat məbləğində borc pul silinsin” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3169/2020 saylı qətnaməsi qismən – Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, ******* saylı “X6 qaydalarının pozulması haqqında” akt ləğv edilsin” hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə – “xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 486 manat məbləğində borc pul silinsin” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar