Məhkəmə qərarları › İş №2(105)-1303/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1303/2024

09.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1303/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq və yaşayış sahəsindən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalanda, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kvadratmetr olan 16 saylı ev, Yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, 16 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının, 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********45-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1115/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 adından onun nümayəndəsi X3 ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair iddia təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1115/2023 saylı qətnaməsindən həmçinin görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış nikah Abşeron rayon Məhkəməsinin 2(012)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini təmin edərək, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən ümumi sahəsi 71.0 kv.m olan yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3379/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında xx.xx.2005-ci il tarixli Goranboy rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Daha sonra mübahisəli yaşayış sahəsi ilə əlaqədar olaraq iddiaçı Cavabdeh1 ona qarşı Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Daha sonra iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 1115/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Halhazırda onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evdə Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Həmin şəxslərdən ona məxsus olan evdən və torpaq sahəsindən dəfələrlə çıxmalarını tələb etsə də, buna məhəl qoymamış, orada yaşamağa davam etmişdirlər. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onların ona məxsus torpaq sahəsində və evdə yaşamağa davam etməsi onun konstitusion, eyni zamanda mülkiyyətçi kimi hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, ev 16) yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir (hakim Habil Əhmədov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152, 157.2, 157.4-cü maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ və İİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, iddiaçı xalası ilə birləşib öz cinayətkar məqsəd və niyyətlərini həyata keçirəndən sonra o cəzaçəkmə müəssisəsində olub cəza çəkdiyi zaman iddiaçı nikahlarının pozulması və aliment tələbi ilə bağlı ona qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə nikahları ləğv edilmiş və ondan uşaqlara görə iddiaçının xeyrinə hər ay sabit pul məbləğində hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bunu da o cəza çəkməkdən azad olunandan sonra bilmişdir. Atası Cavabdeh2 da mübahisəli ev alınan gündən bu evdə yaşayır. O özü cəza çəkdiyi müddətdə də atası Cavabdeh2 həmin bu evdə, yəni Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5-də (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evdə yaşamışdır. İndinin özündə də bu evdə yaşayır. O cəza çəkməkdən azad olunandan sonra da indiyə kimi bu evdə yaşayır. İddiaçı xalası Sədaqət Səfərova ilə birləşib dələduzluq yolu ilə ona və atası Cavabdeh2 məxsus olan əmlaka yiyələnmiş və həmin əmlakları ələ keçirmişdir. Onun və atası Cavabdeh2 mübahisəli evdən başqa yaşamağa yerləri yoxdur .İddiaçı dələduzluq yolu ilə onlara məxsus əmlakları ələ keçirməklə onu, eyni zamanda yaşlı və qoca atasını küçəyə atmaq istəyir. Mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi hazırda plana düşüb və söküntüyə gedir. Tikinti təşkilatı mübahisəli evə və torpaq sahəsinə görə iddiaçıya 280.000(iki yüz səksən min) manat məbləğində kompensasiya verir. Lakin iddiaçı bu məbləğlə razılaşmayıb tikinti təşkilatından 300.000 (üç yüz min) manat pul tələb edir. Əgər iddiaçı tikinti təşkilatından verilən puldan onlara heç olmasa 80.000-100.000 manat versə, Bakının ucqar bir yerindən özlərinə bir daxma alar və orada yaşayarlar. Lakin iddiaçı bu təkliflə razılaşmır. Halal əmlaklarını qanunsuz və cinayət yolu ilə ələ keçirməklə onları düzdə qoymaq istəyir. İddiaçı xalası Sədaqət Səfərova ilə biləşib tamamilə qanunsuz yola, dələduzluq cinayəti nəticəsində o xüsusi mülkiyyətində olan Abşeron rayonu Xərdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5-də (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən, atası Cavabdeh2 öz evini satmaqla əldə olunan şəxsi vəsaiti hesabına xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmaqla onun adına alınmış və xx.xx.2012-ci ildə DƏDRX-də qeydiyyata salınmaqla onun adına RX ******* saylı çıxarış alınmış mübahisəli ev və torpaq sahəsindən məhrum olmuşdur. İddiaçı xalası Sədaqət Səfərova ilə biləşib ona qarşı törətdikləri dələduzluq cinayəti nəticəsində onun mülkiyyət toxunulmazlığı hüququ ciddi və kobud şəkildə pozulmuşdur. Abşeron Rayon Məhkəməsi hazırkı mülki işə baxıb xx.xx.2024-cü il tarixli qətnaməni çıxararkən bu faktlar ona məlum olmasına baxmayaraq tam qanunsuz və əsassız olaraq onların heç birini nəzərə almamış və almaq istəməmişdir. Bu isə ciddi və kobud qanun pozuntusu hesab olunmalıdır. Məhkəmənin qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad edib qətnamə çıxararkən bu maddələrin tələb və göstərişlərini İddiaçı xeyrinə şərh etməsi ilə qətiyyən razı deyil və bu halı tamamilə qanunsuz və əsassız hesab edir. O, İddiaçı xahişi ilə xalası Sədaqət Səfərovaya etibarnamə vermiş, həmin etibarnaməni verərkən mülkiyyətində olan mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya bağışlamaq məqsəd və niyyətinin olmadığını, ancaq onların isə onlara olan inam və etibarından sui-istifadə edib onu aldadaraq öz çirkin niyyət və məqsədlərini həyata keçirmişlər. O bu faktları Abşeron Rayon Məhkəməsində hazırkı mülki işə baxılan zaman işə baxan hakimin nəzər və diqqətinə də çatdırmışdır. Onu da hakimin nəzər və diqqətinə çatdırmışdır ki, əgər onun mübahisəli evi və torpaq sahəsini iddiaçıya bağışlamaq niyyəti olsaydı birbaşa bağışlama müqaviləsi ilə bu məsələni həll edərdi. Çox böyük əfsuslar olsun ki, işə baxan məhkəmə onun bu barədə dediklərini, gətirdiyi fakt və dəlillərin heç birini əsassız olaraq nəzərə almamışdır. MM-nin 358.1-ci maddəsində səlahiyyəti olmayan şəxsin başqasına mənsub olan əşyaya və hüquqa dair sərəncam verməsinin hüquqi nəticələri nəzərdə tutulmuşdur. Səlahiyyətsiz şəxsin belə hərəkətlərinin hüquqi taleyi sərəncam verməyə səlahiyyəti olan digər tərəfin iradəsindən asılıdır. Səlahiyyətsiz şəxsin bu hərəkətlərinin səlahiyyətli şəxsin bəyənməməsi onun etibarsızlığına səbəb olur. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilmişsə etibarlıdır. Apellyasiya Məhkəməsinin nəzər və diqqətinə çatdırmaq istəyir ki, o iddiaçının xalası Sədaqət Səfərovaya etibarnamə verərkən onun xüsusi mülkiyyətində olan, hazırkı mülki iş üzrə mübahisə predmeti olan ev və torpaq sahəsinin İddiaçı bağışlanması barədə heç bir razılıq, hüquq və səlahiyyət verməmişdir. Aralarında ümumiyyətlə bu barədə heç bir sözsöhbət olmamışdır. Sədaqət Səfərova isə ona verdiyi etibarnamədən sui-istifadə edərək onun razılıq və xəbəri olmadan, hüququ və səlahiyyəti olmadığı halda, özbaşına, tam qanunsuz və əsassız olaraq bacısı qızı olan iddiaçı Şəfa Səfərovaya mülkiyyətində olan evin və torpaq sahəsinin bağışlanması haqqında bağışlama müqaviləsi bağlamış və onu halalca, iddiaçıya heç bir aidiyyətı olmayan əmlaklarından məhrum etmişdir. Məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları tam, hərtərəfli, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, cavabdeh tərəf kimi onlara qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, bunun marağında olmamış, bunun üçün lazımi şərait yaratmamışdır. Məhkəmənin mülki iş üzrə apardığı araşdırma çox səthi, natamam və yarımçıq olmuşdur. Məhkəmə qətnamə çıxararkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, işə baxıb qətnamə çıxararkən yalnız iddiaçı tərəfin qanunsuz maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəfin dediyi əsassız və heç bir həqiqətə uyğun olmayan və həqiqətdən uzaq fikirlərini mütləq həqiqət kimi qəbul etmişdir. Cavabdeh tərəf olaraq onun dediklərini, qeyd etdiyi halları və faktları isə qətiyyən nəzərə almamış və sadəcə nəzərə almaq istəməmişdir. Ona məxsus olan əmlakların, yəni mübahisə predmeti olan evin və torpaq sahəsinin hansı zərurətdən və səbəblərdən iddiaçıya bağışlanması məsələlərini məhkəmə araşdırmamış və onlara hansısa maraqlar üzündən heç bir hüquqi qiymət verməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun deyildir və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırlımamışdır. Abşeron Rayon Məhkəməsi işə baxan zaman keçirilmiş sonrakı məhkəmə prosesləri barədə ona və Cavabdeh2 lazımı formada məlumat vermədiyindən onlar Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından məhrum olmuş, mülki iş üzrə aparılmış araşdırmada iştirak edə bilməmiş, mülki iş üzrə böyük əhəmiyyət kəsb edən və iş üzrə qanuni, əsaslı və ədalətli qətnamənin çıxarılmasına səbəb ola biləcək sübutlarını təqdim edə bilməmiş, sübutların araşdırmasında iştirak edə bilməmiş, vəsatətlərini məhkəməyə təqdim edə bilməmiş, işdə iştirak edən şəxslərin dediklərinə münasibət bildirmək, onlara suallar vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişində ortaya çıxan məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək və sair hüquqlarından məhrum olmuşlar. Keçirilən məhkəmə proseslərində iştirak edə bilmədiklərindən apellyasiya şikayətində qeyd etdiyi fakt və halları təsdiq edə biləcək və onlar haqqında məhkəməyə geniş və ətraflı məlumatlar verə biləcək şahidləri məhkəməyə gətirə bilməmiş, İddiaçı tərəfindən onlara qarşı verilmiş iddia tələbinin qanunsuz və əsassız olmasını sübut edən fakt və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. O cəza çəkərkən İddiaçı yanına gələrək Dövlət Sosial Müdafiə Fonduna ünvanlı sosial yardım almaq üçün ərizə ilə müraciət etdiyi, lakin ona imtina cavabı verildiyi, imtinanın səbəbi isə onun adına avtomobil, vergidə VÖEN, telefon nömrələrinin olması, bu əmlaklar onun adından çıxarılmasa və hüquqlar ləğv edilməsə, sosial müavinət ala bilməyəcəklərini deməsi, bu işlərin görülməsi, həmçinin evdəki elekrik sayğacını dəyişmək üçün ərizə yazmaq lazım olduğunu, avtomobili adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişməkla bağlı işləri görmək üçün xalası X1 adına etibarnamə verməsinin lazım olduğunu və bu işləri xalası Sədaqət Səfərovanın görəcəyini dediyi, ondan sonra onun Sədaqət Səfərovanın adına etibarnamə vermək qərarına gəldiyi və qeyd olunan məsələləri həll edib yoluna qoymaq məqsədi ilə tərəfindən iddiaçının xalası Sədaqət Səfərovaya xx.xx.2017-ci ildə 9 saylı CÇM-nin rəhbərliyi tərəfindən standart formada tərtib olunmuş etibarnamənin verildiyi, iddiaçının xalası Sədaqət Səfərovaya etibarnamə verəndən sonra iddiaçının xalası Sədaqət Səfərova ilə birləşib dələduzluq yolu ilə öz iyrənc planlarını həyata keçirməyə başlaması və bu məqsədlə Sədaqət Səfərovanın iddiaçı ilə xx.xx.2017-ci ildə notariat ofisinə gedərək ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Abşeron rayonu Xərdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5-də (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evi və torpaq sahəsini bağışlama müqaviləsi ilə iddiaçıya bağışlaması və xx.xx.2018-ci ildə isə iddiaçının DƏDRX-dən öz adına çıxarış alması, bu faktların ona Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olub yaşadıqları evə qayıdandan sonra ona məlum olması, onun heç vaxt öz adına olan evi iddiaçıya bağışlamaq məqsəd və niyyətinin olmaması, iddiaçı ilə onun arasında ümumiyyətlə heç vaxt bu məzmunda söhbət, danışıq və razılaşmanın olmaması, tərəfindən iddiaçının xalası Sədaqət Səfərovaya etibarnaməni yalnız ailəsinin sosial yardım almaq məqəsədi və niyyəti ilə yuxarıda qeyd etdiyi məsələləri yoluna qoymaq üçün verməsi, onun heç vaxt mübahisəli evi iddiaçıya bağışlamaq istəməməsi, ümumiyyətlə onun belə bir niyyət və məqsədinin olmaması, etibarnaməni verməklə adına olan evin iddiaçının xalası vasitəsilə iddiaçıya bağışlanacağı barədə iddiaçı ilə onun arasında heç bir söhbət və danışığın olmaması, bu barədə iddiaçı və xalası tərəfindən ona heç bir söz deyilməməsi, tərəfindən mübahisəli evin iddiaçıya bağışlamasına heç bir razılığın verilməməsi, İddiaçı xalası Sədaqət Səfərova ilə birləşib dələduzluq yolu ilə gizlindən bu işi görmələri tam olaraq müəyyən edilmiş və öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmə bu halların heç birini tam qanunsuz və əsassız olaraq nəzərə almamışdır. Bu şəkildə çıxarılmış qətnamə isə qanuni və əsaslı sayıla bilməz. Ona görə də ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abbasov X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 1432/2024 nömrəli qətnaməsini Cavabdeh1 aid hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 cəzaçəkmə müəssisəsində cəza çəkərkən özünə 2012-ci ildən məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalanda, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kv.metr olan 16 saylı evi onun nümayəndəsi X3 vasitəsi ilə keçmiş arvadı İddiaçı xx.xx.2017-ci il tarixdə bağışlamışdır. Sonradan Cavabdeh1 məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1115/2023 nömrəli qətnaməsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (həmin qətnamə qanuni qüvvəsini almışdır). Hazırkı iş üzrə İddiaçı onun xüsusi mülkiyyətində olan evdən və torpaq sahəsindən cavabehlərin çıxarılmasını tələb edir. İddianı təmin edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər evdən və torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası qətnamənin Cavabdeh1 aid hissəyə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyanta aid hissədə düzgün olmamışdır. Bu baxımdan işin halları araşdırılan zaman müəyyən edilir ki, Cavabdeh1 tərəfindən mübahisəli əmlak İddiaçı 2017-ci ildə bağışlanarkən, tərəflər birgə nikahda olmuşlar. İşin hallarından görünür ki, tərəflər arasında nikah xx.xx.2005-ci il tarixdə bağlanmış, məhkəmə qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Həmçinin işdən görünür ki, Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixində 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, ər-arvad arasında mübahisəli əmlakın bağışlanması Cavabdeh1 istifadə hüququnun itirilməsi və ümumiyyətlə qeyd olunan evə bütün hüquqlarından imtina etməsi anlamına gəlmir. Kollegiya həmçinin qeyd edir ki, apellyantın müvvəqqəti cəzaçəkmə müəssəsində olması da, istifadə hüququnun itirilməsinə səbəb ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, ev bağışlanan zaman Cavabdeh1 istifadə hüququ ilə yüklü olmuş, əmlaka mülkiyyət hüququnun İddiaçı keçməsi Cavabdeh1 həmin evə istifadə hüququna xitam verilməsi üçün səbəb olmamışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası şikayətin “məhkəmə prosesləri barədə ona və Cavabdeh2 lazımı formada məlumat verməməsi” barədə dəlilini araşdıraraq qeyd edir edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin iclas prokollarından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il (iş vər.28), xx.xx.2024-cü il (iş vər.35), xx.xx.2024-cü il (iş vər.44) tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Odur ki, kollegiya həmin dəlili əsassız sayır. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 aid hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar