Məhkəmə qərarları › İş №2(105)-1307/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1307/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1307/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinə qarşı lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, habelə vurulmuş maddi zərərin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2804/2020 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə əsas borc olaraq 4008.45 manat, faiz borcundan isə 1021.80 manat, cəmi 5030,25 manat məbləğində pul, Cavabdeh2 “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 4891 manat məbləğində pul, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinə qarşı lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, habelə vurulmuş maddi zərərin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borc, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinin qanunazidd əməlləri nəticəsində İddiaçı MMC-yə dəymiş ƏDV daxil 21388,02 manat məbləğində maddi ziyanın Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsindən, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsinə əsasən 42 ay müddətinə illik faiz dərəcəsi 20,8 olmaqla dəyəri 12500 manat olan və lizinq predmeti kimi çıxış edən “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində təyinatına uyğun olaraq sahiblik və istifadə hüququ müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alan Cavabdeh1 verilmişdir. Lakin, Cavabdeh1 lizinq predmeti “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinin 15 saylı siqnal dayanacağında yanaraq yararsız hala düşməsini bəhanə edərək öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Hazırda Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borcu vardır. “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydaları pozulduğuna görə həmin avtomobil Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinin 15 saylı siqnal dayanacağında yerləşdirilmiş və Cavabdeh2 həmin dayanacağa daxil olaraq özünə məxsus olan “Craysler Status” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə tökərək yandırmış, nəticədə “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil də yanaraq tamamilə yararsız hala düşmüşdür. Həmin əməl nəticəsində Ağayev X2 Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilnərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, ev dustaqlığında saxlanılma müddəti də nəzərə alınmaqla Cavabdeh2 barəsində qəti olaraq 2 il 2 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinin tələblərinə əsasən şərti hesab edilmiş, 2 il sınaq müddəti təyin edilmişdir. Cavabdeh2 təqsirli əməli nəticəsində İddiaçı MMC-yə məxsus “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız hala düşdüyündən digər Cavabdeh1 26 dekabr 2014cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir. Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinin 15 saylı siqnal dayanacağı isə üzərinə düşən vəzifəni, yəni saxlanca verilmiş avtomobillərin mühafizəsini layiqincə təşkil etməməsi və buraxılış vərəqəsi olmadan kənar şəxslərin dayanacağa buraxılması nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasında “Mitsubishi Attrage” markalı avtomobillərin rəsmi distribütörü olan "xxxx" MMC tərəfindən verilmiş 11.04.2017-ci il tarixli Mİ-66042 saylı iş qüsur aktından müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın dəyəri ƏDV daxil 21388,02 manat təşkil edir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı pretenziya qaydasında cavabdehlərə müraciət edilsə də heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, eyni zamanda qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Cavabdeh Cəlilov X3 Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissəsində ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona aid olan hissədə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlaını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddianın qismən əsaslı olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində, Cavabdeh1 isə ona aid olan hissədə mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissələrdə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin ayrı-ayrılıqda apellyasiya şikayətini verdiyini nəzərə alaraq, ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməsini məqsədəuyğun hesab edir. İşdən görünür ki, iddia tələbi lizinq müqaviləsi üzrə lizinq ödənişləri və dəymiş zərərin ödənilməsi barədədir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsinə əsasən 42 ay müddətinə illik faiz dərəcəsi 20,8 olmaqla dəyəri 12500 manat olan və lizinq predmeti kimi çıxış edən “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində təyinatına uyğun olaraq sahiblik və istifadə hüququ müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alan Cavabdeh1 verilmiş və həmin avtomobillə yol hərəkəti qaydalarının pozulmasına görə avtomobil BDYPİ-nin “Siqnal İli” İdarəsinin 15 saylı siqnal dayanacağına yerləşdirmişdir. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə digər Cavabdeh2 məhkum edilmişdir ona görə ki, 31 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsinin 15 saylı siqnal dayanacağına daxil olaraq orada özünə məxsus olan avtomobilin üzərinə benzin tökərək yandırmış, törədilmiş yanğın nəticəsində iddiaçıya məxsus “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız hala düşmüşdür. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 748-1. maddəsi təşkil edir. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıba, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır (Mülki Məcəllənin 747.1, 748-1.9. 748-1.12.4, 748-10.2., 748-13.4. maddələri). Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası lizinq müqaviləsi üzrə yaranmış əsas lizinq məbləğinin və faiz borcunun mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3140 saylı 07 iyun 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə 26.12.2014cü il tarixli 1404/0168/TH saylı daxili lizinq müqaviləsi üzrə müqavilə müddətinin sonuna əsas lizinq məbləği 11328,28 manat, lizinq faizi üzrə 1021,80 manat təşkil etdiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində göstərilən məbləğ iddia ərizəsində göstərilən əsas lizinq məbləği və lizinq faizi üzrə eynilik təşkil etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, əsas lizinq məbləği üzrə iddia ərizəsində göstərilən məbləğ yəni 11328,28 manat Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Maddi zərərin digər cavabdeh BDYPİ-nin “Siqnal İli” İdarəsindən tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 aprel 1999-cu il tarixli 60 nömrəli qərarının 7.1. bəndinə əsasən duracaq və qaraj sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Həmin qərarın 7.2. bəndinə əsasən nəqliyyat vasitələri saxlanca qəbul edilən müddət ərzində onun istismar olunmasına, oğurlanmasına, hissələrinin sökülməsinə, avadanlığının oğurlanmasına görə duracaq və qaraj sahibləri Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar. İş üzrə qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmünə əsasən cavabdeh BDYPİ-nin “Siqnal İli” İdarəsinin 15 saylı siqnal dayanacağında yerləşdirilmiş lizinq obyekti olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli əməli nəticəsində zərər dəydiyi və həmin zərərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 dekabr 2016-cı il tarixli rəyinə əsasən “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı təmir-bərpa xərcinin qiyməti 5120 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4891 manat olması qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin “Siqnal İli” İdarəsi saxlanca verilmiş avtomobilin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasına cavabdehlik daşıdığından, avtomobilə dəymiş zərər 4891 (dörd min səkkiz yüz doxsan bir) manat Cavabdeh2 və Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin “Siqnal İli” İdarəsindən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinə gəldikdə isə hesb edir ki, sonuncunun apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizədən ibarət olmaqla əsassız olduğundan, qətnamənin Cavabdeh1 aid hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi lizinq məbləği ilə bağlı olduğundan, Cavabdeh1 hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində əsas lizinq məbləği alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Siqnal” İli İdarəsindən müştərək qaydada 4891 (dörd min səkkiz yüz doxsan bir) manat məbləğində maddi ziyan alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar