Məhkəmə qərarları › İş №2(105)-1310/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1310/2024

20.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1310/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 39 saylı Notariat kontoru və “Yelo Bank” Açıq Səhimdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Rəhman oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat Kontoru və "xxxx" ASC) daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı (bundan sonra iddiaçı) adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri 39 saylı Notariat kontorunda bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 (bundan sonra cavabdeh) bağışlamışdır.

3. 20 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC (hazırkı "xxxx" ASC) Cavabdeh1 ilə kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə 25% dərəcəsi ilə 14.300 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-1272/2018 saylı 07 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə iddia qismən təmin edilərək Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə ümumilikdə cəmi 22.482.63 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur.

5. 07 may 2018-ci il tarixli qətnamə üzrə verilmiş icra sənədi əsasında hərrac keçirilmiş, 17 oktyabr 2018-ci il tarixdə hərrac protokolu tərtib edilmiş və "xxxx" ASC 21 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə etmişdir. Cavabdeh1 banka olan borcu əmlakın bankın mülkiyyətinə götürülməsi hesabına ödənilərək, artıq vəsait 3.216,4 manat pul məbləği 29 may 2019-cu il tarixli ödəniş tapşırığı ilə Abşeron rayon icra və probasiya şöbəsinin hesabına köçürülmüşdür.

6. DƏDRX-in xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) "xxxx" İKB-nin mülkiyyətindədir.

7. Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş 16 iyun 2018-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən Cavabdeh2 barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

8. Xətai rayon prokrorluğu tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə RPİ-nin sabiq müstəntiqi, polis mayoru Məhəmmədəli Cümşüdovun 16 iyun 2018-ci il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.

9. Xətai RPİ tərəfindən verilmiş 28 may 2022-ci il tarixli qərara əsasən CM-in 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən Cavabdeh2 barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Həsənbəy Şərifovun ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 28 may 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, qeyd edilən xüsusatlar araşdırılmaqla, cinayət işinin ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır.

11. Həmin cinayət işinin istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 özgənin əmlakını ələ keçirmək məqsədilə X2, X5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup halında İddiaçı etibarından sui-istifadə edərək ona məxsus fərdi yaşayış evini banka girov qoyaraq pul götürüb ona verəcəyini vəd edərək aldadıb xx.xx.2015-ci il tarixdə Ə.Qədirova məxsus olan Bakı şəhəri, Buzovna qəsəbəsi, Nətavan keçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evini tanışı Cavabdeh1 adına bağışlanma müqaviləsi əsasında rəsmiləşdirildikdən sonra xx.xx.2015-ci il tarixdə qeydə aldıraraq xx.xx.2015-ci il tarixdə "xxxx" İKB ASC-nin 10 saylı filialında ipoteka ilə yüklü edərək kredit müqaviləsi əsasında 14300 ABŞ dolları pulu ələ keçirərək aralarında bölüb İddiaçı 15.057,9 manat məbləğində ziyan vurmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus olan fərdi yaşayış evini girov qoyaraq pul götürüb ona verəcəyi vədi ilə aldadaraq 23 sentyabr 2015-ci il tarixdə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evini Bakı şəhəri 39 saylı Notariat kontorunda öz adına (Cavabdeh1 adına) bağışlanma müqaviləsi əsasında rəsmləşdirildikdən sonra xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə aldıraraq, 20 oktyabr 2015-ci il tarixdə ünvan 2 ünvanda "xxxx" İKB ASC-nin 10 saylı filialında ipoteka ilə yüklü edərək həmin tarixli 22-G1-0-473-15 saylı kredit müqaviləsi əsasında illik 25 faiz dərəcəsi ilə verilmiş həmin vaxtın məzənnəsi ilə 15.057,90 manat təşkil edən 14.300 ABŞ dolları pulu ələ keçirərək özünün əlbir olduğu şəxslərlə digər Cavabdeh2 ilə aralarında bölərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla bağlı, Cavabdeh1 barəsində onun və digər zərərçəkmiş şəxslərin müxtəlif məbləğlərdə pullarının ələ keçirilməsi faktları ilə bağlı 13 may 2016-cı il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində CM-in 178.2.2, 178.2.4, 320,1 və 320.2-ci maddələri ilə cinayət işi açılmış, bu günədək istintaqı davam etmiş, istintaq müddətində müxtəlif vaxtlarda müxtəlif istintaq hərəkətləri aparılmış, qətimkan tədbirləri seçilmiş və tətbiq edilmişdir. İddiaçı Cavabdeh2 onu tanış etdiyi digər Cavabdeh1 etibarnamə vermişdir ki, "xxxx" İKB ASC-dən 35.000 manat pul çıxarsın və ona versin. O isə əvəzində cavabdehlərə 5.000 manat pul verəcəkdi. Əvvəlcə banka birlikdə getmək razılaşdırılsa da, Əhliman ona xəbər etmədən bankdan cəmi 15.000 ABŞ dolları götürmüşdür. O, bunu biləndə lazım olmadığını və sənədlərini qaytarmaqlarını demişdir. Lakin, cavabdehlər telefonu söndürüb ona cavab vermədən aradan çıxmışlar. Araşdırılmış istintaq gedişatı zamanı cavabdehlər özləri də olanları etiraf etmiş və onun niyyətinin evini tanımadığı şəxsə bağışlamaq olmadığı məlum olmuşdur. Belə ki, yeganə evinin əvəzsiz qaydada tanımadığı şəxsə bağışlamağı müəyyən bir sövdələşmənin olduğunun əyani və bariz göstəricidir. Beləliklə də iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlı şəxslərin cinayətkar əməllərinin qurbanı olmuşdur. Həmin şəxslər tanışlıqlarından, onun cavabdehlərə olan güvənindən və etibarından istifadə etmiş, onu aldatmış və xeyli miqdarda ziyan vurmuşlar. Hal-hazırda icra orqanı tərəfindən evinin boşaldılması tələb olunur və onun yeganə qalacaq yeri qeyd edilən mənzildir. Bu səbəbdən də, onunla Cavabdeh1 arasında 23 sentyabr 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi’’ barədə qətnamə çıxarılması tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, elektrik işləmişdir. Ceyhunu isə 2014-cü ildə tanımışdır. Belə ki, o, Ceyhundan mebel götürmüş və hissəhissə ödəmişdir. Ceyhun ona bir nəfərin bankdan pul götürmək istədiyini demiş və evi onun adına keçirib bankdan pul götürüb həmin şəxsə verməyini təklif etmişdir. O, əvvəlcə razı olmamış, lakin pula ehtiyacı olduğundan razılaşmışdır. Ceyhun ona pulu götürüb, Etibara verməyini demişdir. Onlar notariusa getmiş və bağışlama edilmişdir. Danışıqları aparan isə Etibar olmuşdur. O, Etibarla banklara getmiş, lakin pul verilməmişdir. Daha sonra onlar banka getmiş, bank onlara 14.300 ABŞ dolları məbləğində pulu manatla vermişdir. O, bankdan pulu götürmüş puldan 1.300 manat məbləğini bankın işçisi Əşrəfə, qalanını isə Etibara vermiş, Etibar həmin puldan 500 manat ona qaytarmışdır. Sonra onlar Qara Qarayevə çörək yeməyə getmişlər və orada Ceyhun onları qarşılamışdır. Ramiz də orada olmuşdur. Sonra Qədir ona zəng edərək pulun ona verilmədiyini bildirmişdir. Həmin vaxt o, aldadıldığını başa düşmüşdür. Bundan sonra o, Abşeron polis idarəsinə Etibardan və Ramizdən şikayət etmiş və Etibar ilə Ramiz tutulmuşdur. O, polis idarəsində izahatında evin onun adına müvəqqəti keçirildiyini, əsl niyyətin evi girov qoyub bankdan pul götürmək olduğunu bildirmişdir və həqiqətdə də İddiaçı öz evini ona bağışlamaq niyyəti olmamışdır.

15. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qonşusu Taleh Cəmil adlı şəxs ilə birlikdə gəlmiş və onu Qədir adlı şəxslə tanış etmişdir. Qonşusu Taleh iddiaçının eviini banka girov qoyub pul götürmək istədiyini demişdir. O isə Qədirin ASAN xidmətdən borcunun olması barədə çıxarış götürməsini bildirmişdir. O, rayon qeydiyyatında olduğu üçün öz adına evi sənədləşdirməmişdir. Onun da Ceyhun adlı tanışı olmuşdur. Ceyhun adlı şəxs isə Əhliman adlı tanışının olduğunu bildirmişdir. O, bu vaxta qədər Əhlimanı tanımamışdır. O, Əhlimanla Qədiri görüşdürmüş və birlikdə notariusa getmişlər. Ev Əhlimanın adına keçirilmişdir. Daha sonra banka getmişlər və o çöldə gözləmişdir. Əhliman isə banka daxil olmuş, pulu götürüb getmişdir. Əhlimana zəng etdikdə isə Əhliman ona “Ayla” şadlıq sarayına gəlməyini demişdir. O, həmin şadlıq sarayına getmiş, orada Ramizi, Ceyhunu və Əhlimanı görmüşdür. Ramiz, Ceyhun və Əhliman ona guya onun borcu olduğunu və bu pulun da özlərinə çatacağını bildirmişlər. Ramiz, Ceyhun və Əhliman əvvəlcədən qurğu qurmuşlar. Odur ki, ona pul çatmamışdır. İddiaçının evi bağışlamaq niyyəti olmamış, evini girov qoyub pul götürmək istəmişdir. Əhliman yalan danışır. Ramiz Əhlimanın qohumudur. O, pulu Ramizə vermiş, Ramiz, Ceyhun və Əhliman isə pulu üç yerə bölmüşlər.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evi bankın balansındadır. Tərəflər arasında bağışlanma müqaviləsi bağlanmışdır. Bankdan alınan borc ödənilməmiş, nəticədə bank girov qoyulmuş evi əldə etmişdir. Əqdin uydurma olması iddia olunduğu halda iddia müddəti ötürülmüşdür. Çünki 2015-ci ildən sonra tərəf iddia qaldırmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə münasibətdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddiaçının iddia tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş və hesab etmişdir ki, müddət ötürülmüşdür.

17. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qərardadı ilə (hakim E.Məmmədov) Azərbaycan Respublikası, Beyləqan şəhəri, M.Hüseyn küç, ev 25-də qeydiyyatda olan, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 və Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndində qeydiyyatda olan, xx.xx.1983cü il təvəllüdlü Cavabdeh1 əməllərində CM-in 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin aşkar edildiyi barədə Azərbaycan Respublikası Baş prokuroruna xəbər verilməsi qərara alınmışdır.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evinin cavabdehə bağışlanma müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 666.1-ci maddəsinin tələblərinə uyğun bağlanmamışdır. Burada niyyət iddiaçı tərəfindən əmlakın Cavabdeh1 bağışlanılması olmamış, bu əqd əvəzsiz olaraq bağışlanma müqaviləsinin dispozisiyasına uyğun bağlanmamışdır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən MM-in 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin, hazırkı iş üzrə tərəflər bankdan 35.000 manat kredit götürərək onun 30.000 manat hissəsini iddiaçıya, yerdə qalan hissəsini isə öz aralarında bölmək niyyəti ilə bu əqdi bağlayıb, daha sonra bank tərəfindən onlara daha az yəni 15.000 AZN pul verildikdə iddiaçıya ümumiyyətlə pul verməyərək bütün pulu mənimsəmişlər. Göründüyü kimi, burada əvəzsiz olaraq hədiyyəni qəbul etməkdən, bağışlanılmaqla bağlı əqd bağlanması baş verməmişdir. Fərdi yaşayış evinin bağışlanılması müqaviləsi bankdan kredit götürülməsi ilə bağlı əqdi pərdələmək niyyəti ilə baş verib və həmin əqd görünüş üçün bağlanmış uydurma əqddir.

20. Hazırkı iş üzrə İddiaçı düşdüyü çətin vəziyyətdən yararlanmaq, fayda əldə etmək niyyəti ilə cavabdehlər onu aldatmış, özünün xoş niyyətinə inandırmış, həqiqi niyyətini pərdələmək üçün yalandan kredit götürərək ona verəcəyinə inandırmış, bu səbəbdən bağışlama ilə bağlı əqd bağlamışlar. Belə olan halda tərəflər arasında imzalanan bağışlama əqdinin predmetinin mövcud olmaması və bu müqavilənin yalnız görünüş başqa bir əqdi bankdan kredit götürmək üçün evin girov qoyulması niyyətini pərdələmək üçün bağlanması məlum olur. Bu isə onu göstərir ki, əslində evin bağışlanması həqiqəti əks etdirmir, tərəflərin bankdan pul götürməsi üçün pərdələnmiş niyyətidir.

21. Bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının bununla bağlı iradə ifadəsinin olmadığı müəyyən edildiyi üçün həmin əqd əhəmiyyətsiz əqd olmuşdur. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz. Bu baxımdan əhəmiyyətsiz əqdlərin etibarsızlığını tələb etmək hüququ hər hansı müddətlə məhdudlaşmır. Bu səbəbdən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin hazırki mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə tələbin hüquqi əsası olmadığına görə təmin edilə bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 337.2, 337.3, 337.5, 340.1, 340.2, 397.2, 666.1, 666.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 19 dekabr Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1,82.3,-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası birinci icraat

23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə birbaşa olaraq bankın hüquq və mənafeyinə toxunur. İşə baxan məhkəmə iş üzrə yekun qərar qəbul edərkən banka münasibətdə işi tam araşdırmağa maraqlı olmamış qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları qorunmalıdır. Lakin, məhkəmə qətnaməsində ümumiyyətlə əmlakın hazırkı mülkiyyətçisi olan bankın hüquqlarına münasibət bildirməmişdir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş maddəsi daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İşə baxan məhkəmə sadalanan hallara heç bir hüquqi qiymət vermədən işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

25. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddia tələbi kifayət qədər zəruri sübutlarla əsaslandırılmışdır. İşə baxan məhkəmə təqdim edilmiş sübutlar üzrə lazımi qaydada araşdırma aparmış və iş üzrə qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir və apellyasiya şikayətində yeganə dəlil kimi bankın vicdanlı əldə edən olmasına istinad edilmişdir. Halbuki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. Göründüyü kimi bank mübahisələndirilən müqavilənin etibarlı olmasına dair hər hansı dəlilə istinad etməmişdir. Çünki, bağışlama müqaviləsinin özlüyündə etibarsız əqd olması işin araşdırılan halları ilə tam təsdiqini tapmışdır. Bundan başqa iddiaçı bağışlama müqaviləsinin onun aldadılması ilə bağlandığını bildiyi vaxtdan hüquq mühafizə orqanlarına müraciət etmişdir. Daha sonra hazırkı mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iş üzrə əsaslı və qanuni qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2121/2023 nömrəli iş üzrə 18 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), L.Məmmədova, A.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, yeni qətnamə ilə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat kontoru və "xxxx" ASC) daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Şəhəri 39 saylı Notariat Kontorundə bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsinin 3-cü bəndinə əsasən bağışlanılan daşınmaz əmlak qiymətləndirilməmiş, o cümlədən hər hansı şərtlə şərtləndirilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi ona istinad edir ki, bağışlama müqaviləsinin bağlanılmasında məqsəd heç də əmlakın Cavabdeh1 əvəzsiz şəkildə bağışlanması olmamışdır. Belə ki, müqavilənin bağlanmasında səbəb, iddiaçı bankdan kredit vəsaiti əldə etmək üçün özünə məxsus olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamış və bundan sonra həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilərək, bu təminat əsasında cavabdehin əldə etdiyi kredit vəsaitini iddiaçıya verməsi barədə razılaşmaları olmuşdur. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, Cavabdeh1 tərəflər arasındakı razılaşmaya əməl etməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, daha dəqiq qeyd edilsə, iddiaçıya verilməsi nəzərdə tutulan pul məbləğini ona verməmişdir.

29. Kollegiyanın qənaətinə görə iddiaçının aldadılması əsası ilə müqavilənin etibarsız sayılması barədə tələbini yalnız iddiaçı tərəfin öz izahatına rəğmən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzib olunmaz mötəbər sübutlar mövcud olmalıdır. Belə bir sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bağışlama müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, bağışlayanın (hədiyyə edənin) təklif olunan əşyanı verməsi, bağışlananın (hədiyyə alanın) qəbul edilməsi ilə qarşılıqlı şəkildə şərtləndirilmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış evinə qanunla qorunan hər hansı hüququ hətta pozulmuş olsa da belə, onun pozulmuş hüquqları yaşayış sahəsini sonradan vicdanlı əldə edən 3-cü şəxsin hesabına kompensasiya edilə bilməz. Digər tərəfdən məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı yaşayış sahəsinə dair bağışlama müqaviləsinin bağlanmasından təxminən 8 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə MM-in 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

33. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müddət iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.

34. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 666.1, 662.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

35. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsinin etibarsızlığına dair iddia tələbi üzrə ətraflı araşdırma aparan və bu sahəni tənzimləyən maddi hüquq normalarının tələbləri çərçivəsində məsələyə müfəssəl hüquqi qiymət vermiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən apellyasiya instansiya məhkəməsi öz mövqeyini heç bir dəlil ilə əsaslandırmamış, guya birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına əsaslanaraq bu qətnaməni qəbul etməkdə haqlı olmaması qənaətinə gələrək iddia tələbini rədd etmişdir.

37. Şikayətçi əlavə olaraq onu da qeyd etmişdir ki, tərəflərin qarşılıqlı münasibətlərindən fərdi yaşayış evinin bağışlanılması müqaviləsinin bankdan kredit götürülməsi ilə bağlı əqdi pərdələmək niyyəti ilə baş verdiyi və uydurma əqd olması görünür. Apellyasiya instansiya məhkəməsi işin əsas mahiyyətini təşkil edən bu mühüm xüsusata qiymət vermədən, bu maddi hüquq normasının tələbləri çərçivəsində işə müfəssəl hüquqi qiymət verməmiş, iddianın rədd edilməsinin əsası kimi isə guya birinci instansiya məhkəməsinin yalnız iddiaçının izahatına əsaslanaraq qətnamə qəbul etməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi işin hallarını yaxşı təhlil etsə birinci instansiya məhkəməsinin iddiaçı ilə yanaşı cavabdehlərin və 3-cü şəxslərin də izahatlarını aldığı, bu məsələ ilə əlaqədar aparılan istintaq materiallarını da öyrəndiyi, məhkəmə qərarları üzrə işin hallarına dair müəyyən edilmiş hallara müfəssəl hüquqi qiymət verməklə toplanmış sübutlara kompleks şəkildə qiymət verildiyi aşkar olunardı.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1367/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(105)- 2121/2023 saylı qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

39. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əqd tərəflərinin arasında hər hansı yaxın münasibətlərin olmaması və işin halları mübahisələndirilən bağışlama müqaviləsinin hədiyyə verənin niyyətinin hədiyyə alanı zənginləşdirməkdən ibarət olmamasına dəlalət etsə də, apellyasiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Hazırki işdə Cavabdeh1 izahatında da evin onun adına müvəqqəti keçirildiyini, əsl niyyətin evi girov qoyub bankdan pul götürmək olduğunu etiraf etmişdir.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiada göstərdiyi dəlilləri evin bağışlanılması barədə müqavilənin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu və əqdin digər tərəfinin də həmin dəlilləri təsdiq edən izahatı olduğu halda, apellyasiya məhkəməsinin həmin əqdin iddiaçının iradəsinə uyğun olması barədə mövqeyi düzgün olmamışdır.

41. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya məhkəməsinin iddianı rədd edərkən Mülki Məcəllənin 140-cı maddəsinə və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icraya yönəlməsi və hərrac nəticəsində ipoteka predmeti olan əmlakın (bağışlama müqaviləsinin predmeti olan əmlak) "xxxx" ASC-nin mülkiyyətinə keçməsi, bankın vicdanlı əldə edən olmasına istinad etməsi əsassız olmuşdur. Belə ki, hazırki iddianın predmetini bağışlama müqaviləsinin predmeti olan əmlakın ipotekaya qoyulması barədə müqavilənin, həmçinin ipoteka predmetinin bankın mülkiyyətinə keçməsinə əsas olan hərracın nəticələrinin etibarsızlığı təşkil etmir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Rəhman oğlu apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

44. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasınən Mülki Məcəlləsi

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

51. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

52. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

57. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

60. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

61. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1367/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(105)-2121/2023 nömrəli qətnaməsi ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Hazırkı iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi barədədir. İşdən görünür ki, Bakı şəhəri 39 saylı Notariat kontorunda bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır.

65. İddiaçı öz tələbinin faktiki əsası kimi ona istinad edir ki, bağışlama müqaviləsinin bağlanılmasında məqsəd heç də əmlakın Cavabdeh1 əvəzsiz şəkildə bağışlanması olmamışdır. Belə ki, müqavilənin bağlanmasında səbəb, iddiaçı bankdan kredit vəsaiti əldə etmək üçün özünə məxsus olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamış və bundan sonra həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilərək, bu təminat əsasında cavabdehin əldə etdiyi kredit vəsaitini iddiaçıya verməsi barədə razılaşmaları olmuşdur. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, Cavabdeh1 tərəflər arasındakı razılaşmaya əməl etməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, daha dəqiq qeyd edilsə, iddiaçıya verilməsi nəzərdə tutulan pul məbləğini ona verməmişdir.

66. İlk olaraq qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

67. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

68. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

69. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar).

70. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

71. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

72. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

73. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, mübahisələndirilən bağışlanma müqaviləsi qeyd olunan maddi hüquq normasının (MM-nin 666.1 maddəsi) tələblərinə uyğun olaraq bağlanmamışdır. Burada niyyət İddiaçı tərəfindən əmlakın Cavabdeh1 bağışlanılması olmamış, bu əqd əvəzsiz olaraq bağışlanma müqaviləsinin dispozisiyasına uyğun bağlanmamışdır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin, hazırki iş üzrə tərəflər bankdan 35000 AZN kredit götürərək onun 30000 AZN hissəsini İddiaçı, yerdə qalan hissəsini isə öz aralarında bölmək niyyəti ilə bu əqdi bağlayıb, daha sonra bank tərəfindən onlara daha az yəni 15000 AZN pul verildikdə İddiaçı ümumiyyətlə pul verməyərək bütün pulu mənimsəmişlər. Göründüyü kimi, burada əzəvsiz olaraq hədiyyəni qəbul etməkdən, bağışlanılmaqla bağlı əqd bağlanması baş verməmişdir.

74. Digər tərəfdən, işdə olan Cavabdeh1 izahatında evin onun adına müvəqqəti keçirildiyini, əsl niyyətin evi girov qoyub bankdan pul götürmək olduğunu etiraf etmişdir.

75. Sadalanan qanunvericilik aktları normalarına və işin araşdırılmış hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir.

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki iddianın predmetini tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı təşkil edir, bağışlama müqaviləsinin predmeti olan əmlakın ipotekaya qoyulması barədə müqavilənin, həmçinin ipoteka predmetinin bankın mülkiyyətinə keçməsinə əsas olan hərracın nəticələrinin etibarsızlığı təşkil etmir.

77. Əqdin mübahisələndirilməsi üçün iddiaçı tərəfindən müddətin ötürülmüəsi barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, fərdimüəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər... Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

78. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

80. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-1497/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar