Məhkəmə qərarları › İş №2(105)-1312/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1312/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1312/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, cavabdehin nümayəndələri X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-688/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xaçmaz X8 İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən sayğac şübhəli hesab edilmiş, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir.

2. Qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” rəyi verilmişdir.

3. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 216 manat cərimə (pul) hesablanmışdır.

4. Qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” rəyi verilmişdir.

5. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 4127.20 manat cərimə (pul) hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı məhkəmədə iddia qaldıraraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta və dəymiş ziyanın bərpasına dair təlabnaməyə əsasən hesablanmış 4127,20 manat məbləğin və təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta və dəymiş ziyanın bərpasına dair təlabnaməyə əsasən hesablanmış 216 manat məbləğin **********00000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh Xaçmaz X12 İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvana “Təbii qazda istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2020-ci il tarixli tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 2160 m3, bu da 0.10 qəpiklə hesablandığı üçün 216 manat borc yazılmışdır. Aktda qeyd olunmuşdur ki, guya onun tərəfindən sayğaca müdaxilə olunmuşdur, lakin sayğaca heç bir müdaxilə olmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Xaçmaz X8 İdarəsinin əməktaşları tərəfindən ünvan 2 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü İİ tarixli tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və 34560 m3, bu da 0.12 qəpikdən hesablandığı üçün 4127 manat borc yazılmışdır. Onun tərəfindən həmin ünvanda heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri-qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə halı olmamışdır.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstəmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz sayğacına 30 sentyabr 2019-cu il tarixində Xaçmaz RQİİ-nin X9 əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə şübhəsi olduğundan sayğac çıxarılaraq növbəti dövlət yoxlanılmasına göndərilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Metrologiya Departamenti Sayğacların müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019cu il tarixli aktına əsasən G-4 markalı ******* №-li sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş, sayğacın istismara yararsız olduğu və təbii qaz itkisi yarandığı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, İddiaçı ona məxsus qaz sayğacına müdaxiləsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Baş direktorunun 28 iyun 2022-ci il tarixli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” təlimata uyğun hesablanmış və itirilmiş qazın bərpası tələbi ilə ona 216 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Bundan əlavə abonentin qaz xətlərinə və qaz sayğacına 12 yanvar 2023-cü il tarixində Xaçmaz RQİİ-nin X9 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 yanvar 2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 34560 m3 və ya 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı,etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. X2 evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi evdə quraşdırılmış avadanlıqlarına uyğun, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-688/2024 nömrəli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia təmin edilmiş, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* №-li akt (xx.xx.2020-ci il tarixli tələbnamə (qərar) əsasında və xx.xx.2023-cü il tarixli ******* №-li akt (xx.xx.2023-cü il tarixli tələbnamə (qərar) əsasında İddiaçı hesablanmış 216 manat və 4127,20 manat məbləğində pul (borc) abonentin hesabından silinməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsi öz təsdiqini tapmır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Xaçmaz XS-nin satış xidmətinin işçiləri xx.xx.2019-cu il tarixdə abonentin sayğacına baxış keçirən zaman sayğacın sol tərəfinin müdaxiləyə şübhəli olması səbəbindən sayğac xətdən açılaraq növbədənkənar yoxlamaya göndərilmişdir. Laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, abonent barəsində qüsur aktı tərtib edilərək hesabına 216 manat ziyan məbləği işlənilmişdir. xx.xx.2023-cü il tarixdə həmin ünvana gələrək İddiaçı Adil qızının sayğacdan kənar xətlə təbii qazdan qanunsuz yolla təbii qazdan istifadə halını abonentin iştirakı ilə aşkar etmişlər. Belə ki, abonentin 76 mm-lik daşıyıcı qaz xəttindən birbaşa sayğacdan kənar qaz xəttini evinə çəkərək istifadə etdiyini müəyyən etmişlər. Bu hal video çəkilişlə müşayət olunmuşdur. Abonent üçün yenə də qüsur aktı tərtib edilərək 2147,20 manat məbləğində itirilmiş qazın ziyanı onun koduna hesablanmışdır. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclsında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

20. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

21. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

24. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, İddiaçı yaşadığı ünvan 3 ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunun aşkar olunaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2020-ci il tarixli tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və 216 manat borc, xx.xx.2023-cü il tarixdə isə Cavabdeh Xaçmaz X8 İdarəsinin əməktaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023cü iİ tarixli tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və 4127 manat borc yazılmışdır. İddiaçı həmin aklar əsasında hesablanmış borcun əsassız olduğunu və borcun silinməsini xahiş edir.

34. Qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” rəyi verilmişdir.

35. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 216 manat borc hesablanmışdır.

36. Qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” rəyi verilmişdir.

37. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 4127.20 manat borc hesablanmışdır.

38. 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486 VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1ci maddə əlavə edilmişdir;

39. “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”

40. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

41. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Kollegiya qeyd edir ki, istehlakçının qaz sayğacına müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması iddia tələbinin rədd edilməsi üçün əsas olduğundan, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-688/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar