Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1317/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(029)-205/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 (beş min) manat məbləğində kompensasiya verilməsi yolu ilə həmin şəxslərin İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 (beş min) manat məbləğində kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1. mənzil-2 ünvanında yerləşən mənzil onun şəxsi mülkiyətindədir. Həmin mənzilə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə qətnamələrinə əsasən cavabdehlərin onun mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1 ünvanında yerləşən 2 nömrəli mənzilə istifadə hüquqları tanınmış və həmin evə köçürülmüşlər. Lakin, cavabdehlər evə köçürüldükdən sonra müxtəlif bəhanələrlə evdə söz-söhbət yaratmağa başlamışlar. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu ahıl yaşında onu şəxsi mülkiyyətində olan evində rahat şəkildə yaşamağına imkan vermir, hər dəfə evdə müxtəlif bəhanələrlə dava salıb, ona qarşı hörmətsizlik edib və onu öz evindən didərgin salmaq istəyirlər. Odur ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir yerdə yaşamaları qeyri-mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini əsasız və qanunsuz hesab edir. Belə ki, məhkəmədə iddianı qəbul etməyərək göstərmişdir ki, qaldığı otağa işıq, su, kanalizasiya, telefon, internet çəkməklə bütün zəruri şərait yaratmışdır. Həmin şəraitə uyğun evin Qusar şəhərində kirayə haqqı təxminən 400- 500 manat olar. Ona görə də kompensasiya 20 min manat məbləğində olarsa evdən çıxmağa razı olar. Lakin məhkəmə onun göstərdiyi bu xüsusatı nəzərə almamış, yaşadığı otağa baxış keçirməmiş, mübahisə predmeti olan otaqdakı şəraitə oxşar şəraiti olan otağın Qusar şəhərində kirayə haqqının müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh1 tərəfindən mübahisələndirilərək, apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddia tələbi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədədir. Həmin tələbin qanuni əsasını isə Mülki Məcəllənin 228.2. maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Apellyasiya baxışında iddiaçının nümayəndəsi Vəkil2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 7000 (yeddi min) manat məbləğində kompensasiya verdiyini bildirmiş və təklif olunan məbləğin bazar qiymətlərinə uyğun ağlabatan hesab etmişdir. Cavabdeh isə 7000 manat məbləğində kompensasiya verilməsinə etirazı olmadığını bildirmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məbləği bazar qiymətlərinə uyğun olmaqla, hər iki tərəfin mənafeyinə, o cümlədən, mənzildən istifadə hüququna xitam verilən cavabdehin sonrakı vəziyyəti, yəni onun başqa yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaqla kompensasiyanın məbləği istifadə hüququna mütənasibdir. Kompensasiyanın da verilməsində məqsəd cavabdehlərin özlərinə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Odur ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən təklif edilən 7000 (yeddi min) manat kompensasiyanın məbləğini hazırkı bazar qiymətlərinə uyğun hesab edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 (yeddi min) manat kompensasiya verilməklə Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə cavabdehlər həmin evdən çıxarılmalı və qətnamə kompensasiyanın cavabdehlərə verilməklə çıxarılması hissəsində eyni vaxtda icra edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzildən 7000 (yeddi min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Qətnamə kompensasiya məbləğinin cavabdehlərə verilməklə onların həmin mənzildən çıxarılması hissəsində eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1317/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1317/2023
30.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver