Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1324/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalıoğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 nümayəndəsi və vəkili X15 oğlunun iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(012)-914/2018 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(012)-914/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Şövkət Nəcəfova) İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasında 100 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə mərhum atası X7 arasında 14 noyabr 2005-ci il tarixli “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin tikilməkdə olan binasında qeyriyaşayış sahəsi almaq haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-cı bəndinə əsasən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ünvan 1 ünvanında inşa edilən yaşayış binasında qeyri-yaşayış sahəsinin X5 verilməsinə, X7 isə qeyri-yaşayış sahəsini qəbul etməyə və həmin sahənin təyin edilmiş dəyərini vaxtında ödəməyə zəmanət vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən qeyri-yaşayış sahəsi 100 kv.metr, 5-ci bəndinə əsasən ümumi dəyəri 60000 ABŞ dolları müəyyən olunmuşdur. Mərhum atası X7 tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmuşdur. Belə kı, 14 noyabr 2005ci il tarixli mədaxil xəzinə orderinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 60000 ABŞ dolları X7 tərəfindən cəmiyyətin xəzinəsinə ödənilmişdir. Lakın atası X7 üzərinə düşən öhdəliklərini tam icra etməsinə baxmayaraq, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən qeyri-yaşayış sahəsi atasına təhvil verilməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti digər şəxslərlə də bu cür müqavilələr bağlayaraq öhdəlik götürmüş, həmin şəxslərin də pullarını mənimsəyərək öhdəliklərini icra etməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət olunmuş və nəticədə cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin vəzifəli şəxsləri barəsində cinayət işi açılmışdır. Mərhum atası X7 həmin işdə zərər çəkmiş şəxs qismində tanınmışdır. X7 21.05.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin 20 may 2014-cü il tarixli qərarı ilə o, mərhum atası X3 hüquqi varisi qismində tanınmış və atasının hüquqlarının müdafiəsi ona həvalə edilmişdir. Atasının hüquqi varisi kimi “xxxx" məhdud məsuliyyətli cəmiyyətinə müraciət edərək müqavilə üzrə öhdəlik götürdüyü 100 kv.m qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələb etsə də, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyət göstərməsinə baxmayaraq, bu günədək 100 kv.m qeyri yaşayış sahəsi ona təhvil verilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmədə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, onun atası X7 14.11.2005-ci il tarixli müqavilə əsasında cavabdehə 60.000 ABŞ dolları pul ödəyərək 100 kvadrat metr qeyri-yaşayış sahəsini almışdır. Məhkəmə qətnaməsinin təsviri və əsaslandırıcı hissəsini iddia tələbinin əsaslandırılmasına, işdə olan mötəbər sübut və sənədlərin tədqiqinə, qanunvericiliyin normalarının təhlilinə həsr etmiş və bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Lakin məhkəmə qanunvericiliyin tələbini pozaraq qətnamənin nəticə hissəsində iddianın təmin edilməməsini qət etmişdir. Göründüyü kimi, məhkəmə cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin iddiaçı qarşısında öhdəliyinin yaranması, öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olması, iddianın bu səbəblərdən təmin edilməli olması kimi obyektiv nəticəyə gəldiyi halda, qətnamənin nəticə hissəsində iddianın təmin edilməməsini qət etmiş, əsassız və qanunsuz qətnamə çıxarmışdır. Qətnamədə məhkəmə tikilinin yarımçıq qalması səbəbindən iddianın təmin edilməməsi barədə fikir bildirsə də, tikintinin yarımçıq qalmasında iddiaçının təqsiri olmadığından bu xüsusat iddianın rəddinə səbəb ola bilməz. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X11 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı İddiaçı1 məhkəmə iclasına gəlmədiyindən, Cavabdeh2 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 14 noyabr 2005-ci il tarixdə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə payçı kimi X7 arasında bağlanmış “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilənin surətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ünvan 2 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini X5 verilməsinə, X7 həmin qeyri-yaşayış sahəsini qəbul etməyə və dəyərini vaxtında ödəməyə zəmanət vermişdir, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 100 kv.metr, ümumi dəyəri 60000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 14 noyabr 2005-ci il tarixli mədaxil xəzinə orderinin surətindən görünür ki, X7 tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə 276.000.000 manat (60000 ABŞ dolları) ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqinin 20 may 2014-cü il tarixli qərarının surətindən görünür ki, Quluyev Naryəddin Murad oğlunun 21.05.2013-cü ildə vəfat etməsi ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə İddiaçı1 zərər çəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 23 fevral 2018-ci il tarixli **********643600 saylı məktubunun surətindən görünür ki, dövlət reyestrində “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN **********) 26.11.2003-cü il tarixdə 0103-P34-38844 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərin 10.06.2013cü il tarixli qərarı ilə adının Cavabdeh2nə dəyişdirilməsi, X9 25.12.2009-cu il tarixdən 5.03.2013-cü il tarixədək cəmiyyətin rəhbəri olması barədə məlumat mövcuddur. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015ci il tarixli, 1(101)-68/2015 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X12 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarnda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 noyabr 2016-cı il tarixli, 1(105)-63/2016 saylı qərarının surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-cı maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 1(101)-68/2015 saylı hökmü ləğv edilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-cı maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli binanın tikintisinin yarımçıq olduğundan payçılara verilməsinin qeyri-mümkün olması əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla işin faktiki hallarına uyğun deyildir. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, 14 noyabr 2005-ci il tarixdə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə payçı kimi X7 arasında “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ünvan 3 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini X5 təhvil verməyi, X7 həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və dəyərini vaxtında ödəməyi öz öhdələrinə götürmüşlər, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 100 kv.metr, ümumi dəyəri 60000 ABŞ dolları məbləğində müəyyən edilmiş, 14 noyabr 2005-ci il tarixli mədaxil xəzinə orderinə əsasən X7 tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə 276.000.000 manat (60000 ABŞ dolları) ödənilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqinin 20 may 2014-cü il tarixli qərarına əsasən Quluyev Naryəddin Murad oğlunun 21.05.2013-cü ildə vəfat etməsi ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə İddiaçı1 zərər çəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. İşdən görünür ki, İddiaçı1 Naryəddi oğlunun iddia tələbi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasında 100 kv.m qeyriyaşayış sahəsinin ona verilməsinin cavabdehə həvalə edilməsi barədədir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan məhdud məsuliyyətli cəmiyyətlə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onların arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Göründüyü kimi, qanunvericilik hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsini məhz podratçının vəzifəsi kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 14 noyabr 2005-ci il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin (hazırda Cavabdeh2) X7 qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, X1 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ev 1 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin haqqını tam ödədiyinə görə, İddiaçı1 həmin qeyri-yaşayış sahəsinin ona təhvil vrilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməli, ünvan 3 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini X3 varisi olan İddiaçı1 təhvil verilməsi Cavabdeh2nə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(012)-914/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 3 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri- yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsi Cavabdeh2nə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1324/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1324/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver