Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1326/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, cavabdeh X3 iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(028)-363/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Acer kompyuter üçün 1188 manat ödənilməmiş hissə, 118 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35810 X10 9 markalı telefon üçün 189,8 manat ödənilməmiş hissə, 18,2 manat cərimə pulu olmaqla ümumilikdə 1514 manat borc və 35,14 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən Acer kompyuter və İMEİ kodu **********35810 X10 9 markalı telefon almış və nəticədə 1514 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1538 manat (18 ay x 66 manat + 350 manat ilkin ödəniş) olan Acer kompyuter üçün ümumilikdə 1306 manat olmaqla ondan 1188 manat ödənilməmiş hissə, 118 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 496,8 manat (12 ay x 41,4 + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********35810 X10 9 markalı telefon üçün ümumilikdə 208 manat olmaqla ondan 189,8 manat ödənilməmiş hissə, 18,2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 657 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.
3. Cavabdeh tərəfindən iddi ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Qubadlı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(028)-363/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Acer kompyuter üçün 1188 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35810 X10 9 markalı telefon üçün 189,8 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu olmaqla ümumilikdə 1417,8 manat borc və 35,14 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edlmişdir (hakim Vladimir Ruvinov).
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 600.1, 600.4, 600.5, 385.1, 442, 445.2.1, 448.1, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(028)-363/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işləmir, digər bir yerdən qazancı yoxdur. Səhhətinə görə işləyə bilmir. Qubadlı rayonundan məcburi köçkündür, şəxsi mənzilinin olmaması səbəbindən kirayədə yaşayır. Atası açıq ürək əməliyyatı olunmuşdur. Bu səbəbdən də işləyə bilmir. Anası evdar qadındır. Maddi durumu çox acınacaqlı vəziyyətdədir. Maddi imkanı çərçivəsində borcu ödəyib. Məhkəmə iclaslarına dəvət edilməmişdir. Məhkəmə iclaslarında iştirakı təmin edilsəydi, mövcud problemləri məhkəmənin nəzərinə çatdırardı. Əfsuslar olsun ki, məhkəmədə iştirakı təmin edilmədən hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(028)-363/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada, eləcə də sms bildiriş vasitəsi ilə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 567-ci maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəyə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəyə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22453295 saylı, xx.xx.2020-ci il tarixli, 22092799 saylı Müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Acer kompyuter və İMEİ kodu **********35810 X10 9 markalı telefona dair müqavilə imzalamışdır. Müqavilələri 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir.
18. xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 66 manat və hər ay (12 ay) 41,4 manat olmaq şərti ilə ödəməlidir.
19. xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Şükürov X1 və İMEİ kodu **********35810 X10 9 markalı telefon adlı məhsulları tam qüsursuz halda təhvil almışdır.
20. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Acer kompyuter üçün 1188 manat ödənilməmiş hissə, 118 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35810 X10 9 markalı telefon üçün 189,8 manat ödənilməmiş hissə, 18,2 manat cərimə pulu olmaqla ümumilikdə 1514 manat borcu vardır.
21. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. 22.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
24. Belə ki, tərəflər arasında kompyuter və telefonun satılması barədə alğı-satqı müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Hazırki işdən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 22453295 saylı, xx.xx.2020-ci il tarixli, 22092799 saylı müqavilələrə əsasən “Acer” kompyuter və İMEİ kodu **********35810 “X10 9” markalı telefon almış, aldığı məhsulların əvəzində hər ay ödənilməli olan məbləğləri ödəməyərək üzərinə düşən əhdəlikləri yerinə yetirməmişdir.
26. Cavabdehin Acer kompyuter üçün ödənilməmiş 1188 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35810 X10 9 markalı telefon üçün ödənilməmiş 189,8 manat borcunun olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiqini tapmışdır.
27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ödhəliklərini yerinə yetirmədiyi üçün iddiaçı təşkilat ondan cərimə borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu hal tərəflər arasıdna bağlanmış müqavilədə də nəzərdə tutulmuşdur.
28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ondan tələb olunan məbləği mübahisələndirməmiş, yalnız işləməməsi, maddi imkanının olmaması, məcburi köçkün olması, evinin olmaması, atasının xəstə olmasını qeyd edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
29. Eyni zamanda cavabdeh məhkəmə iclaslarında iştirakının təmin edilməməsini bildirsə də, iş materiallarından görünür ki, ona göndərilmiş məktublar məhkəməyə geri qaytarılmışdır.
30. Həmçinin işə apellyasiya qaydasında baxılarkən cavabdehə sms bildirişlər, eləcə də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məlumat göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdir.
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmuşdur.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(028)-363/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2(028)-363/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.