Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1326/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(067)-1186/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(067)-1186/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli tələbnamə (qərar) əsasında İddiaçı hesablanmış 1503,36 manat məbləğində pulun (borcun) abonentin hesabından silinməsi, habelə iş üzrə 35,03 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarı və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında ohesablanmış 1503,36 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacdan kənar qoşulma vasitəsilə qazdan qanunsuz istifadə edilməsi barədə akt yazılaraq onu 1503,36 manat cərimə etmişlər. Sayğac bayırda yerləşir, onun heç nədən xəbəri yoxdur, sayğaca müdaxilə edilməyib. Bunu qaz idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-nə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar. Hər ay istifadə etdiyi qazın dəyərini ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri var. Hal-hazırda sayğacın göstəricisinə əsasən heç bir borcu yoxdur. Bu günə qədər nə borcu varsa hamısını ödəmişdir. Qazdan qanunsuz istifadə etməsi barədə heç bir fakt müəyyən olunmayıb. Sonradan yaşadığı ünvana Cavabdeh İB-nin nümayəndələri akt tərtib etmişlər, akt yazılarkən onun xəbəri olmayıb. Sonradan ona bildiriş gəlib ki, onun 1503,36 manat borcu var. Halbuki, borcu yoxdur. O, bu borcla bağlı Cavabdeh İB-nin X3 İstismar İdarəsinə müraciət etsə də, hələ də əsassız yerə yazılan borc silinməyib. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə etməsi halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. İşin faktiki halları isə iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Xaçmaz XS-nin satış xidmətinin işçiləri xx.xx.2022-ci il tarixdə həmin ünvana gələrək İddiaçı qanunsuz yolla təbii qazdan istifadə halını abonentin iştirakı ilə aşkar etmişlər. Abonentin rezin boru vasitəsi ilə sayğacdan kənar qaz xəttinə qoşularaq təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən olunmuşdur. Bu hal video çəkilişlə müşayət olunmuşdur. Video çəkiliş diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə cavabdehin sübut kimi təqdim etdiyi video diskə heç bir münasibət bildirməmiş, qətnamədə video diskin təqdim edildiyi qeyd edilcə də, ona sübut kimi qiymət verilməmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Buna görə də Cavabdeh İB cavabdeh tərəf kimi Xaçmaz Rayon Məhkəməsinin 16 xx.xx.2024-cü il tarixli, 2(067)-1186/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verməyə məcbur olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlilləri mövqeyindən izahat verdi. İzahatında həmçinin qeyd etdi ki, qaz idarəsinin əməkdaşları tərəfindən iddiaçının ünvanına baxış keçirilərkən videoçəkiliş aparılmış, həmin videoçəkilişin olduğu disk məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, iş materiallarına fotoşəkillər əlavə edilmişdir. Lakin nədənsə məhkəmə bunlara sübut kimi qiymət verməmiş və heç bir münasibət bildirməmişdir. Belə görünür ki, məhkəmə təqdim olunmuş videoçəkilişə baxış keçirməmişdir. Əks halda, məhkəmə həmin videoçəkilişdən iddiaçının həyətinə sayğacdan kənar qaz xəttinin aparılmasını açıq-aydın müşahidə edə bilərdi. Məhkəmə isə qətnamədə sayğaca müdaxilə ilə bağlı abonentin təqsirsizliyini əsaslandırmağa çalışmışdır. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(067)- 1186/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, qazdan qanunsuz istifadəyə görə ona cərimə yazılıb. Əvvəl həyətdə köhnə ev olub və həmin evə gedən qaz xətti olub. Sonradan evi söküb yeni ev tikmişlər və köhnə qaz xətti torpağın altında qalıb, qaz idarəsinin işçiləri borunun ağzını bağlayıblar. Hasar tikilib, o qalıb hasarın içində. Biz neçə dəfə müraciət etmişdir ki, burdan qaz iyi gəlir. Qaz idarəsinin işçiləri gəlib borunu kəsib dəyişəndə onlar evdə olmamışlar, sonradan qonşular onları çağırıblar. Videoçəkiliş də aparılıb. Çəkilişdə də borunun hasarın içərisinə girdiyi görünür. Həmin yeri qaz idarəsinin işçilərinə o özü göstərmişdir. Lakin evinin içərisinə qaz borusunun daxil olması, rezin boruya qoşulma halı yoxdur. Ona əsasən 1500 manat məbləğində cərimə yazıblar. Evinə də, evdəki qaz avadanlıqlarına da baxış keçiriblər, qaz borusuna müdaxilə, qanunsuz qoşulma müəyyən olunmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları, o cümlədən videoçəkilişi tədqiq edərək onlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçının adına tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 mart 2022-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, abonentin təbii qazdan sayğacdan kənar qoşulma yolu ilə qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Həmçinin İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli təlabnamənin surətindən görünür ki, Xaşmaz şəhəri, N.Ələsgərov küçəsində yerləşən fərdi evə 16 mart 2022-ci il tarixli ******* saylı akt əsasında cəmi 12528 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********00000 saylı Abonent saldosundan görünür ki, İddiaçı məxsus Xaşmaz şəhəri, Nadir Ələsgərov küçəsi, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə akt əsasında (itirilmiş qazın bərpası üçün) 1503,36 manat borc hesablanmışdır. 16 mart 2022-ci il tarixli ******* saylı akta əlavə olunmuş fotoşəkillərdən görünür ki, evə rezin boru vasitəsilə sayğacdan kənar qaz xətti çəkilmiş və həmin rezin boru evdəki qaz işlədicilərinə (o cümlədən qeyri-standart istilik sisteminin suqızdırıcı çəninə) ayrılan qaz xəttinin əvvəlinə (ucuna) birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı həmin fotoşəkillərə baxış keçirərkən dairəvi suqızdırıcı çənin qaz xəttinə rezin boru birləşməsinin sayğacdan kənar qaz xətti olduğunu təsdiqləmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iş materiallarına əlavə olunmuş CD diskə tərəflərin iştirakı ilə baxış keçirilərkən iddiaçının evinin yerləşdiyi həyətin daş hasarının bayır tərəfində hasar boyunca yerin səthi ilə keçən qazpaylayıcı borudan kiçik diametrli boru parçasının qaynaq edilməsi yolu ilə hasar daşlarının arasından həyətə sayğacdan kənar qaz xəttinin aparıldığı və həmin xəttin üstünün torpaqla örtülərək gizlədildiyi, cavabdehin işçiləri hasar boyunca qazpaylayıcı boru ilə hasar arasındakı yer səthindən bel (lapatka) vasitəsilə torpağı kənarlaşdırarkən sayğacdan kənar birləşmənin aşkara çıxması müşahidə olunmuşdur. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən, cavabdeh təşkilatın əməkdaşları xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı (və təbii qaz abonenti olduğu) ünvana gələrək qaz təsərrüfatına (qaz sayğacına və xətlərinə) baxış keçirərkən onun (abonentin) təbii qazdan sayğacdan kənar qoşulma vasitəsilə istifadə etməsini aşkar etmiş və bu faktla bağlı videoçəkiliş apararaq akt tərtib etmişlər. Həmin akt əsasında qanunsuz (uçotsuz) istifadə olunmuş qazın dəyərinin bərpası üçün iddiaçının abonent koduna 1503,36 manat borc (ziyan əvəzi) hesablanmışdır. İddiaçının 16 mart 2022-ci ildə tərtib olunmuş aktı və həmin akt əsasında hesablanmış borcu (ziyan əvəzini) təxminən 2 ildən sonra mübahisələndirməyə başlaması (iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur), həmin borc məbləğindən 250 manatını dərhal ödəməsi, məhkəmə proseslərində həm ziddiyyətli, həm də qismən etirafedici izahatlar verməsi də onun iddia tələbində haqlı olmamasına, cavabdeh tərəfindən görülmüş tədbirlərin isə qanuni və əsaslı olmasına, iddiaçının ona istinad edilən pozuntunu həqiqətən törətməsinə dəlalət edir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması onun sayğacdan kənar qoşulma yolu ilə qazdan qeyri-qanuni istifadə etməsi formasında baş verdiyi halda məhkəmə işi iddiaçının (və ya ailə üzvlərinin) qaz sayğacına müdaxilə olunmasında təqsirinin olub-olmaması aspektindən tədqiq etmişdir. Halbuki, cavabdeh iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına istinad etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 385.1.4-cü (birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi) maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının qənaətincə, işin müəyyən olunmuş halları ilə iddiaçının sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi kifayət qədər sübut olunur. Ona görə də cavabdeh iddiaçıdan sayğacdan kənar qoşulma yolu ilə istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçı tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma və ya sayğaca müdaxilə hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası üçün qanunvericiliyə əsasən müəyyən olunmuş hesablama qaydası qazpaylayıcıya dəyən zərərin ödətdirilməsi ilə yanaşı, həm də tənbeh (cərimə) xarakteri daşıyır, yəni istehlakçıları qayda pozuntularından çəkindirən təsir tədbiri kimi çıxış edir. Bu baxımdan qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası qaydasında hesablanan qaz sərfiyyatının və ziyan məbləğinin sayğacın göstəricilərinə əsaslanan hesablamadan yüksək olması təbiidir; belə ki, konkret hallardan asılı olaraq qanunsuz istifadə dövrü 3 aydan 1 ilədək müddət, qaz işlədicilərinin iş rejimi isə gün ərzində 12-24 saat götürülməklə normativ hesablama aparılır. Bununla belə, məhkəmə konkret işə baxarkən ziyan əvəzinin qazpaylayıcı tərəfindən hesablanmış məbləği ilə razılaşmaya və həmin məbləği ağlabatan həddə qədər azalda bilər. Lakin abonentə edilən güzəşt də həddindən artıq, yəni zərərçəkənin mənafeyini pozan dərəcədə olmamalıdır. Əks təqdirdə qəbul edilən məhkəmə qətnaməsi ədalətlilik prinsipini pozmuş olar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş və 2022ci il mayın 1-dən qüvvəyə minmiş 13.8-1-ci maddəsində deyilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahıyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddənin məzmunundan da aydın olduğu kimi, 2022-ci il mayın 1-dən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxan olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxan olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı iş üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt 16 mart 2022-ci il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanuna edilmiş dəyişiklikdən əvvəl tərtib olunduğundan həmin akt üzrə müəyyən olunmuş pozuntuya görə 2022-ci il mayın 1dək qüvvədə olmuş qaydalar tətbiq edilməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin sözügedən pozuntu aşkar edilən dövrdə qüvvədə olmuş redaksiyasında deyilirdi ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir... Dəymiş zərərin hesablanmasında isə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” əsas götürülürdü. Hazırkı iş üzrə cavabdeh iddiaçının sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qaz paylayıcısına vurduğu maddi ziyanı istinad olunan qaydalar əsasında hesablamışdır. Zərərin hesablanması qaydalarına müvafiq olaraq məişət abonentlərinə münasibətdə qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanarkən qaz işlədicilərinin gündəlik iş rejimi azı 12 saat, qanunsuz istifadə müddəti isə azı 90 gün (3 ay) götürülməlidir. Konkret halda cavabdeh iddiaçıya məxsus qaz işlədicilərinin gündəlik iş rejimini 24 saatdan götürmüşdür ki, məhkəmə kollegiyası bunu reallığa uyğun hesab etmir. Ona görə də kollegiya iddiaçının evində istifadə olunan qaz işlədicilərinin gündəlik iş rejimini orta hesabla 12 saatdan nəzərə almağı məqsədəuyğun sayır. Belə olduqda cavabdehin hesabladığı maddi ziyanın miqdarı 2 dəfə azalaraq 751,68 manat təşkil edəcəkdir. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Xaşmaz şəhəri, Nadir Ələsgərov küçəsi, dalan 1, ev 7 ünvanı üzrə İddiaçı adına olan təbii qaz abonenti koduna (**********00000 nömrəli) 16 mart 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış borc (ziyanın əvəzi) məbləğinin 751,68 manatının silinməsi qət edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-491/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin: Xaşmaz şəhəri, Nadir Ələsgərov küçəsi, dalan 1, ev 7 ünvanı üzrə İddiaçı adına olan **********00000 nömrəli təbii qaz abonenti koduna Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən 16 mart 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1503,36 manat borc (ziyan) məbləğinin 751,68 manatı (yeddi yüz əlli bir manat 68 qəpiyi) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1326/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1326/2024
06.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver