Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1329/2025 29.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; öhdəliklərin icrasının təmin edilməsi üsulları, zaminlik) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı MMC-in nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-465/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. xx.xx.2024-cü il tarixli VİP19634 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 1572 (min beş yüz yetmiş iki) ABŞ dolları məbləğində “Samsung” S24 ultra almışdır.
2. İşdə olan “malın nisyə alınmasına dair” sifariş məlumatlarından müəyyən edilir ki, alıcı Cavabdeh2 özü barədə məlumatlar daxil etməklə yanaşı, Cavabdeh1 zamin kimi göstərmişdir.
3. xx.xx.2024-cü il tarixli VİP19634 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə satıcı Məmməd Məmmədov arasında borclu Cavabdeh2 kredit müqaviləsinin təminatı kimi “online” qaydada müqavilə bağlanmışdır.
4. İşdə olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19634 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19634 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 1085 ABŞ dollar əsas (qalıq) borcu və ödənişin gecikdirildiyi gün üçün məcmu borcun 1% həcmində 271 dollar cərimə, cəmi 1356 ABŞ dollar borcu vardır.
5. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19634 saylı nisyə alqısatqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19634 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 1085 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1(bir)%-i həcmində 271 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1356 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44 manat pulun müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Macvəddin qızı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış V1P 19634 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1572 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1572 ABŞ dolları) «Samsung S24 ultra 256GB» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19634 saylı nisiyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 487 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcə ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nın xeyrinə faiz ödəyir.
8. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-465/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19634 saylı nisyə alqı-satqı müqaviləsi ödənilməmiş 1085 (min səksən beş) ABŞ dolları əsas (qalıq) borcun və 10 (on) ABŞ dolları cərimə, cəmi 1095 (min doxsan beş) ABŞ dollarının qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin satıcı hissəsinin qrafası “Memmed Memmedov” tərəfindən imzalanmış, alıcı hissəsinin qrafası isə “Cavabdeh1” tərəfidən imzalanmamışdır. Həmin müqavilənin onlayn qaydada imzalanması, onlayn qaydada bağlanmasını təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. İş üzrə Cavabdeh1 tərəfindən zaminlik müqaviləsi, zamin tərəfindən imzalanmadığından həmin hissədə iddianın təmin edilməsini məhkəmə məqsədəmüvafiq hesab etməmişdir. Cavabdeh ilə iddiaçı arasında müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 487 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddiaçının, Cavabdeh2 əsas borcuna dair göstərdiyi məbləğlə razılaşsa da, hesab edib ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləğləri işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə cərimənin 10 (on) ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edib.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 331.1, 385.1, 386.1, 406.2, 406.3, 442, 445.2.1, 448.1, 448.2, 462, 467, 567, 600.1, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı MMC apellyasiya şikayəti vermişdir.
12. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, mövcud zaminlik müqaviləsində imza yoxdur. Hesab edir ki, məhkəmənin gəldiyi bu qənaət düzgün deyildir. Belə ki, məhkəmə sübutları tam araşdırmamış, təqdim olunan sübutlara düzgün qiymət verməmiş və nəticədə də işin hallarına uyğun gəlməyən qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi elektron qaydada “SİMA imza” elektron imza ilə imzalanmışdır. Sistemə əlavə olunan bunu təsdiq edən fayl isə elektron sistemdən çıxarılan pdf faylıdır. Həmin pdf faylı özlüyündə Cavabdeh1 “SİMA İmza” ilə imzalanan imzasının təsdiqini saxlayır (daxili yaddaşda). Bunu hamı tərəfindən qəbul olunduğu kimi rəsmi “SİMA imza” tətbiqində və ya “sima.az” internet informasiya portalında olan yoxlama bölməsindən həmin faylı əlavə etməklə imzalandığını aşkar etmək mümkündür (praktik olaraq bunun başqa cür təqdim etmək mümkün deyildir). Məhkəmə qətnaməsindən görünən budur ki, hakimin belə elektron imzadan xəbəri yoxdur və bunun araşdırılması üçün də hər hansı tədbir görməmişdir. Belə məlumatsızlığın olması təqdim olunan sübutun mötəbər olmamasına səbəb ola bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi və Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-465/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-in nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini zaminə aid iddia tələbinin təmin olunmaması hissəsində mübahisələndirir, cərimə hissəsinə münasibətdə isə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirir. Belə ki, zaminlik müqaviləsi zamin tərəfindən “SİMA” imza ilə imzalanmışdır. Həmin faylı sistemə yerləşdirdikdə elektron sistemdə faylı kimlərin imzaladığını görmək mümkündür. Bu metodla yoxlama aparıldıqda müqavilənin zamin tərəfindən imzalandığı sübut olunur. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər.
16. Məhkəmə tərəfindən Cavabdeh2 iş materiallarında olan hər iki ünvanına (Qusar rayonu, Hil kəndi), (Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz qəsəbəsi, Elşən M küçəsi, 1) məhkəmə bildirişləri göndərilmiş, lakin poçt zərfinin üzərinə uyğun olaraq “köçüb” və “ ünvan tam deyil” qeydləri edilməklə məhkəməyə qaytarılmışdır. 17 Digər Cavabdeh1 iş materiallarında olan ünvanına (Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Pirallahı-1, hərbi şəhərcik) məhkəmə bildirişi göndərilmiş, lakin həmin zərf “tapılmadı” qeydi ilə geri qaytarılmışdır.
18. Cavabdeh1 rəsmi poçt vasitəsilə yanaşı, iş materiallarına əlavə edilmiş ***-***- **-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
19. Cavabdeh2 rəsmi poçt vasitəsilə yanaşı, iş materiallarına əlavə edilmiş ***-***- **-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
20. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Madd 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4 Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan bəlli olur ki, apellyator qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirir.
25. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)- 465/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilməklə, həmin hissənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
27. İddia tələbinin mahiyyətindən belə görünür ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi əsasında satılmış malın (mobil telefonun) dəyərini (razılaşdırılmış məbləğdə pulun geri qaytarılmasını) tələb edir.
28. İddiaçı tələbinin faktiki əsasını onunla əsaslandırır ki, Cavabdeh2 Macvəddin qızı ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19634 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1572 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1572 ABŞ dolları) «Samsung S24 ultra 256GB» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh1 ilə 05.11,2024- ci il tarixdə bağlanmış VİP 19634 saylı nisiyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh sonradan ödənilməli məbləği qrafikə uyğun ödəməmiş və onun iddiaçıya borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müvafiq borc məbləği ödənməmiş, nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. İşə baxan məhkəmə mübahisəni yuxarıda göstərilən formada həll etmiş, narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
30. Apellyasiya şikayətinin əsas dəlili borc məbləğinin eyni zamanda zamindən də digər cavabdehlə birgə müştərək qaydada tutulmasının təmin edilməməsi ilə bağlıdır.
31. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsində, həmin müqavilənin satıcı hissəsinin qrafası “Memmed Memmedov” tərəfindən imzalanmış, alıcı hissəsinin qrafası isə “Cavabdeh1” tərəfidən imzalanmamışdır. Həmin müqavilənin onlayn qaydada imzalanması, onlayn qaydada bağlanmasını təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir.
32. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmayaraq, mövqeyini aşağıdakılarla əsaslandırır.
33. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi onlayn qaydada, daha konkret ifadə edilərək, Sima imza vasitəsilə imzalanmışdır.
34. Apellyator tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında “Biometrik texnologiyanın tətbiqi və sertifikat xidmətlərinin göstərilməsi üzrə proaqram təminatının tətbiqi” üzrə 487/2023-KD-SM saylı xx.xx.2023cü il tarixli müqavilə bağlanmışdır.
35. İşdən həmçinin müəyyən olunur ki, iddiaçı tərəfin nümayəndəsi X1 İsa Ələsgər oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi elektron qaydada “SİMA” elektron imza ilə imzalanmışdır.
36. Apellyator tərəfindən bunu təsdiq edən elektron sistemdən çıxarılan “pdf” faylı işə əlavə edilmişdir. Həmin “pdf” faylı özlüyündə Cavabdeh1 “SİMA İmza” ilə imzalanan imzasının təsdiqini saxlayır (daxili yaddaşda).
37. Kollegiya qeyd olunanlara bir daha aydınlıq gətirmək məqsədilə məhkəmə iclas zalında “SİMA imza” tətbiqində və ya “sima.az” internet informasiya portalında olan “yoxlama bölməsindən” həmin faylı (d46d742e5867456ca6dd3d64652ce144.pdf) əlavə etməklə baxış keçirmiş və baxış zamanı sənədi imzalayan şəxslərin siyahısında bir tərəfdən iddiaçının nümayəndəsi X2, digər tərəfdən isə Cavabdeh1 (FİN nömrəsi xxxxxxx, tarix 2024.11.05), eləcə də sənədin imzalanması prosedurunun uğurla başa çatması müəyyən edilmişdir.
38. Qeyd edilir ki, sənəd yoxla funksiyası ilə sənədi imzalayan şəxsin kimliyi və imzalama tarixi barədə məlumat əldə olunur. Eyni zamanda funksionallıq sənədin həqiqi olduğunu və dəyişdirilmədiyini təmin edərək, təhlükəsizliyi artırır.
39. Kollegiya eyni zamanda tərəflər arasında bu qaydada bağlanmış zaminlik müqaviləsi ilə bağlı aşağıdakı maddi hüquq normaları baxımından qiymət verməyi zəruri hesab edir.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır.
41. Beləliklə, kollegiya yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iş materiallarında olan və Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin həqiqiliyi və həmin sənədin doğruluğu “sima.az” saytı vasitəsilə elektron yoxlanıldığından, həmin müqavilə elektron qaydada bağlanmış müqavilə kimi qiymətləndirilməli və iddia tələbi də məhz zaminlik hüquq münasibətini tənzimləyən normalara uyun həll edilməlidir.
42. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin zaminlik müqaviləsinə dair bütün məlumat vərəqəsini təqdim etməsi baxımından həmin müqavilənin bağlanmaması səbəblərinin məhz iddiaçı tərəfin hərəkət və ya hərəkətsizliyindən ibarət olmasına dair sübutetmə yükünün artıq cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə cavabdehdən buna dair aidiyyəti sübutlarla təsdiq edilən əsaslandırma əldə etmədən iş üzrə yekun nəticəyə gəlməklə prosessual pozuntuya yol vermişdir.
43. Apellyasiya instansiya məhkəməsi ilk növbədə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi sübutetmə yükünü prosessual qanunvericiliyin tələblərinə (MPM 77.1, 106) uyğun olaraq düzgün bölüşdürməmiş, habelə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin mötəbərliliyi istiqamətində heç bir araşdırma aparmadan, həmin sübutları təkzib edəcək halları müəyyən etmədən qeyd olunan sənədləri sübut kimi qiymətləndirməmişdir.
44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
45. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, iddia tələbinin cavabdeh (zamin) Cavabdeh1 münasibətdə təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh1 münasibətdə də təmin edilməli və müəyyən olunmuş borc tərəflərdən müştərək qaydada tutulmalıdır.
46. Kollegiya sonda qeyd edir ki, iddia tələbi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayət verilə bilməz.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-465/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın “cavabdeh (zamin) Cavabdeh1 münasibətdə təmin olunmaması” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia cavabdeh (zamin) Cavabdeh1 münasibətdə təmin edilsin və müəyyən edilmiş 1085 (min səksən beş) ABŞ dolları əsas (qalıq) borc və 10 (on) ABŞ dolları cərimə, cəmi 1095 (min doxsan beş) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (cərimə borcuna münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.