Məhkəmə qərarları › İş №2(105)-1330/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1330/2025

04.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1330/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona tətbiq etdiyi 15 noyabr 2024-cü il tarixli, 010012 saylı aktında "Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olunması” iddiasının rədd edilməsi və bu əsasda dəymiş ziyana dair cavabdehin ona yazdığı 1669.46 (min altı yüz altmış doqquz manat 46 qəpik) manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona verilmiş 15 noyabr 2024-ci il tarixli, 010012 saylı aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən istifadələrində olan M-600 tipli, 22079814 nömrəli elektrik sayğacına (abonent kodu **********01250) baxış keçirilən zaman “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” bəhanəsi ilə ona ümumilikdə 1669,46 (min altı yüz altmış doqquz manat 46 qəpik) manat borc yazılmışdır. Aktda yazılanlardan görünür ki, guya onlar elektrik sayğacının giriş hissəsinə əlavə naqil daxil edərək istifadə edirlər. Bildirir ki, həmin vaxt "xxxx" ASC-nin əməkdaşları ondan xəbərsiz yaşadığı ünvana gəlmiş və yuxarıdakı əsassız borcu sənədləşdirmişlər. Onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və guya sayğacdankənar xəttdən istifadə etməsini qeyd etmişlər. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları istifadə etdikləri elektrik sayğacının çıxışında yağış və qar suları nəticəsində cüzi korroziyaya uğramış xəttdə, guya elektrik enerjisi itkisinin mövcud olması hesab etmişlər. Halbuki, o sayğacdan kənar hər hansı xətti elektrik şəbəkəsinə qoşmamışdır. Sonradan xəbər göndərmişlər ki, ona yazılmış 1669,46 manat borcunu gecikdirmədən ödəməlidir, əgər ödəməsə istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Abonentin saldosunun adi surətindən görünür ki, sözügedən ona yazılmış 1669,46 manat cərimə aydın olmayan bir formada sənədləşdirilmişdir. Abonentin saldosu və aktın adi surətləri onlara 19 mart 2025-ci il tarixdə verilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları, surətini bu şikayət ərizəsinə daxil etdiyi aktı onun yanında yox, kənar yerdə tərtib ediblər. Ona görə də məhkəmədən ona yazılmış cərimə qərarının və aktın təsdiq olunmuş nüsxəsinin iş materiallarına daxil edilməsi üçün "xxxx" ASC-yə sorğu göndərilməsini təmin edilməsini də xahiş edir. Məhkəməyə əlavə olaraq bildirir ki, o, “Şəffaflıq” qəzetinin və saytının təsisçisi və baş redaktorudur. Son illərdə Şamaxı rayonunda "xxxx"-ın (həmçinin “Azəriqaz”-ın) əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir. Bir ay ərzində yüzlərlə Şamaxı sakinləri mətbuat rəhbəri kimi ona şikayətlər edirlər, onlar çıxış edib "xxxx"-ASCnin (həmçinin “Azəriqaz”-ın) əməkdaşlarını biabır etmək istəyirlər. Lakin o, indiyədək dövlətlərinin mənafeyini düşünərək heç vaxt buna imkan verməmişdir. Belə ki, rəhbərlik etdiyi saytda və qəzetdə indiyədək heç vaxt müxalif yönümlü çıxışların efirə getməsi və məqalələr çap edilməsi halları olmamışdır. Hazırda isə "xxxx"-ın əməkdaşlarının özbaşınalığı o həddə çatmışdır ki, onlar eyni əməllərini indi də şəxsən onun özünə qarşı törətməkdən də çəkinmədilər. Şamaxı rayonunda hüquq mühafizə orqanlarının və məhkəmənin fəaliyyətinin zəifliyi səbəbindən bəzi məmurlar və onların əlaltıları əhaliyə qarşı azğınlıqları artırmaqda davam edirlər. Bu sosial partlayışa səbəb ola bilər. Qeyd edir ki, o, bəzən Şamaxı Rayon Məhkəməsinin həftəlik iclas cədvəllərinə baxanda dəhşətə gəlir ki, hər həftə məhkəmə əhalinin işıq və qaz cərimələrinin silinməsinə dair saysızhesabsız işlərə baxır. Mətbuat rəhbəri kimi əldə etdiyi məlumatlara görə məhkəmə əksər hallarda əhalinin haqlı və əsaslı şikayətlərini təmin edib həmin əsassız cərimələrin silinməsinə dair ədalətli qərarlar verir. Amma indiyədək vətəndaşlara həmin əsassız cərimələr yazan vəzifə sahiblərinə, məmurlara qarşı heç bir inzibati tədbir görülməmişdir. Ona görə də bir çox məmurların sözügedən sahələrdə özbaşınalıqları illərdir ki, təkrarlanaraq davam etməkdədir. Əksər abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər "xxxx"ASC-nin əməkdaşları tərəfindən qəsdən törədilərək sanki hansısa naməlum plan ödəliyinin yerinə yetirilməsinə xidmət edir.

3. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 15 noyabr 2024-cü il tarixli, 010012 saylı akt əsasında əsassız olaraq hesablanmış 1669.46 manat borcun hesabından silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhərində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********01250 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024cü il tarixində “Azərişıq" ASC-nin əməkdaşları R.Rəfiyev, R.Qasımov, T.Nəsirov və A.Əlizadə tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının sxemindən kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Belə ki, kənar xətt sayğaca giriş xəttin izolyasiyasını zədələyərək N kəsik sahəsi S-2x6mm²lik aliminium naqil qoşulmaqla istifadə edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NİM010012 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NİM010012 saylı akta əsasən “Azərişıq" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənər xəttən keçən yükə uyğun 180 gün üçün 0.13 manatla 3326 kvt.s, dəyəri 432.38 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-cı və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və yə videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır". İddiaçı iddia tələbində silinəcək məbləği 1669.46 manat göstərmişdir. İddiaçıya qeyd olunan akt əsasında 432.38 manat hesabat aparılmış, yerdə qalan 1237.08 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Həmçinin iddiaçı elektrik enerjisindən mütəmadi olaraq istifadə etməsinə baxmayaraq ödənişlərini mütəmadi olaraq ödəməmişdir. Abonentin məlumat cədvəlinə nəzər saldıqda bunu açıq aydın görmək olar. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şamaxı şəhərində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİM010012 saylı akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh “Azərişıq" ASC-yə qarşı “15 noyabr 2024-cü il tarixli 010012 saylı akt əsasında əsassız olaraq hesablanmış 1669.46 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 15 noyabr 2024-cü il tarixli, 010012 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 360,31 manat pulun İddiaçı abunə hesabından silinməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Şamaxı şəhərində X4 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********01250 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X2 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.13 manatla 3326 kvt.s (dəyəri 432,38 manat) dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 1669,46 manat cərimənin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmaması ilə əsaslandırmış, lakin evində elektrik enerjisinin istehlak olunduğu dövrdə sayğacın sərfiyyatı hesablamamasına dair halı mübahisələndirməmişdir. Yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 180 gün üçün hesablamışdır. Cavabdeh həmçinin iddiaçının sayğacına sonuncu baxışın nə vaxt keçirilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün 1,1 kvt x 24 saat x 0,7 x 30 gün) = 554,4 kvt x 0,13 = 72,07 manat) 72,07 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 360,31 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 360,31 manat pul iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının silinməsini tələb etdiyi 1237.08 manat borc iddiaçının evində istifadə etdiyi elektrik enerjisinə görə aylıq sərfiyyat əsasında yaranmış debitor borcdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11, 7.13, 8.32, 8.4, 8.17-1, 9.13.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində tamamilə ləğv edərək qalan 1237.08 (bir min iki yüz otuz yeddi manat səkkiz qəpik) manat pulun da silinməsininə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 15 noyabr 2024-cü il tarixli, 010012 saylı aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən istifadəsində olan M-600 tipli, 22079814 nömrəli elektrik sayğacına (abonent kodu **********01250) baxış keçirilən zaman “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” bəhanəsi ilə ona ümumilikdə 1669,46 (min altı yüz altmış doqquz manat 46 qəpik) manat borc yazılmışdır. Aktda yazılanlardan görünür ki, guya o, elektrik sayğacının giriş hissəsinə əlavə naqil daxil edərək istifadə edirmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları ondan xəbərsiz yaşadığı ünvana gəlmiş və yuxarıdakı əsassız borcu sənədləşdiriblər. Onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmadığından yazıblar ki, guya sayğacdankənar xəttdən istifadə etmişdir. "xxxx" ASC-nin əməkdaşları əvvəlcə ona bildirmişdilər ki, elektrik enerjisi itkisi vardır. Elə onlar da istifadə etdiym elektrik sayğacının çıxışında yağış və qar suları nəticəsində cüzi korroziyaya uğramış xəttdə, elektrik enerjisi itkisinin mövcud olması hesab etmişlər. Halbuki, sayğacdan kənar hər hansı xətti elektrik şəbəkəsinə qoşmamışdır. Sonradan xəbər göndərdilər ki, yazılmış 1669,46 manat borcunu gecikdirmədən ödəməlidir, əgər ödəməsə istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. İş materiallarına daxil edilmiş Abonentin saldosunun surətindən görünür ki, sözügedən ona yazılmış 1669,46 manat cərimə aydın olmayan bir formada sənədləşdirilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları, surətini bu şikayət ərizəsinə daxil etdiyi aktı onun yanında yox, kənar yerdə tərtib ediblər. Ona görə də yazılmış cərimə qərarının və aktın təsdiq olunmuş nüsxəsinin iş materiallarına daxil edilməsi üçün "xxxx" ASC-yə sorğu göndərilməsini təmin edilməsini də məhkəmədən xahiş etmişdir. O, da daxil olmaqla əksər abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər "xxxx"-ın əməkdaşları tərəfindən qəsdən törədilərək sanki hansısa naməlum plan öhdəliyinin yerinə yetirilməsinə xidmət edir. Birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilmiş normativ aktlardan görünür ki, iddia tələbində haqlıdır və həmçinin qətnamədə yazılanlardan aşkar görünür ki, cavabdehin üzü olmadığına məhkəmə prosesində iştirakdan yayınmış və bunu səbəbi barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Doğrudan da tətbiq edilən normativ aktlarda yazıldığı kimi əgər guya onun "xxxx" ASC-yə 1669 (bir min altı yüz altmış doqquz) manat borcu yaranmışdısa, onlar verilən elektrik enerjisini niyə kəsmədilər. Cavabdeh hansısa qapıya sayğaca baxış keçirməyə gedərkən həmişə qarşılarına məqsəd qoyurlar ki, mütləq bir nöqsan və qüsur quraşdırıb cərimə (borc) yazmalıdırlar. Əgər nöqsan tapılmazsa, özləri ilə gətirdikləri avadanlıqlarla sayğaca giriş hissəni kəsib oraya abonent tərəfindən guya naqil birləşdirilibmiş kimi görüntü formalaşdırırlar. Bu qurama əməliyyat onların özləri tərəfindən hazırlandıqdan sonra videoçəkiliş və ya fotoçəkiliş aparırlar. Yəni sahibi evdə olmayan evin bayır hissəsində, cavabdeh özləri sayğacın giriş hissəsinə (videoçəkilişdən əvvəl) əlavə naqil bağlayandan sonra, videoçəkiliş aparmağa başlayırlar və kamera çəkilişi ilə onu oradan açmağa başalyırlar ki, guya abonent tərəfindən əvvəldən bağlanıbmış. Əksər hallarda da belə planlaşdırılmış işləri abonent və onun ailə üzvləri evdə olmayanda edirlər.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh "xxxx" ASC barəsində akt tərtib edib, ümumilikdə 1669,46 manat borc yazılmışdır. Aktda yazılanlardan görünür ki, guya elektrik sayğacının giriş hissəsinə əlavə naqil daxil edərək istifadə edirmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları ondan xəbərsiz yaşadığı ünvana gəlmiş və əsassız borcu sənədləşdiriblər. Cavabdeh onun iştirakı ilə videogörüntünü çəkib, akt tərtib etməli idi. Sərfiyyatın necə hesablanması məlum deyil. Müdaxilə cəriməsinin də silinməsini istəmiş, məhkəmə iddianı qismən təmin edib. İddianın tam təmin olunmasını istəyir. Ödənişlər etmişdir. Sayğac smart tipli sayğacdır, iki ilə yaxındır qoyulub. 693 manat sayğaca görə borc yazıldığını bilməmişdir. Borcu olduqca ödəyib, borcu olmayıb. Evdə daimi yaşayış yoxdur. Ödənişi tanışına vermiş, ödənişi tanışı edib, qəbzləri ona göndərib, ona borcunun olduğunu deməyib. Sayğac borcunu ödəməyə razı deyil, məhkəmədən də müəmmalı borcların silinməsini xahiş etmişdir. Borcun tamamilə silinməsini istəyir. 1237 manat sayğac borcunun necə yarandığı məlum deyil. Orada yaşamadığı halda sayğac borc hesablayıb. Orada 3-5 gün yaşayıb, daimi yaşamamışdır. Cavabdeh təşkilat cədvəli özü o şəkildə tərtib edib. Bu ilin aprelində ailədə toy olub, həmin dövrdə elektrik enerjisindən istifadə olunub. 2015-ci ildə sayğac dəyişdirilib, ola bilsin ki, dəyişdirilmiş sayğacda ondan əvvəlki ilə aid borc qeyd olunub. Ödənişləri işıq idarəsinin əməkdaşı vasitəsilə etmişdir. Əməkdaş dediyi qədər ödəniş etmiş, əlavə borcu ola bilməz. Limitdən artıq istifadəyə görə borc yazılması mümkün deyil, çünki elektrik enerjisindən demək olar ki, istifadə etməmişdir. Bildiriş verilməyib, şifahi olaraq nə qədər borcu olduğu deyilib, pulu əməkdaşa verib, o isə onun əvəzinə ödənişləri həyata keçirib, qəbzləri ona göndərib. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı aktın surətindən görünür ki, “Azərişıq" ASC-nin əməkdaşları R.Rəfiyev, R.Qasımov, T.Nəsirov və A.Əlizadə tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları’na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının sxemindən kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir.

13. 20 noyabr 2024-cü il tarixli hesabat aktından görünür ki, 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı akt üzrə itirilimiş elektrik enerjisinin dəyəri 432,38 manat müəyyən edilmişdir.

14. İddiaçıya məxsus abonent cədvəlindən görünür ki, 2015-ci ilin iyul ayından 2025ci ilin aprel ayına kimi olan dövr üzrə sayğac üzrə istehlak edilmiş elelktrik enerjisinin dəyəri 1477,03 manat təşkil etməklə, iddiaçı tərəfindən ümumilikdə həmin dövr üzrə 784 manat ödənilmişdir. Bundan əlavə Aktlar üzrə hesablanmış borc məbləği 976,43 manat təşkil etmişdir ki, həmin məbləğin 432,38 manatı X1 Qaydalarının pozulmasına görə tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı akt üzrə, 134,86 manatı 2015-ci ildən əvvəlki dövr üzrə hesablanmış və hazırkı abonent cədvəlinə inteqrasiya edilmiş borc məbləği, 409,19 manatı isə xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə limitdən artıq istifadəyə görə hesablanmış borc məbləğidir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə Qaydaları:

7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

16. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununu 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

17. Mülki Prosessual Məcəllə

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnaməsində qeyd etmişdir ki, iddiaçı akt üzrə qanunsuz hesablanmış 1669,46 manat zərər məbləğinin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmaması ilə əsaslandırmış, elektrik enerjisinin istehlak olunduğu dövrdə sayğac üzrə aparılmış sərfiyyatı düzgün olmamasına dair halı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi də məhz qanunsuz qoşulma əsası ilə hesablanmış zərər məbləğinin qanuniliyini və əsaslılığını yoxlamışdır. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında da müəyyən edilmişdir ki, iddiaçı qanunsuz qoşulma əsası ilə yazılmış 1669,46 manat zərər məbləğinin əsassız hesab edilərək silinməsini xahiş etsə də əslində iddiaçının abonent hesabına qanunsuz qoşulma əsası ilə 1669,46 manat deyil, 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı akta əsasən 432,38 manatlıq zərər məbləği daxil edilmişdir. Lakin, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməməklə, qanunsuz qoşulma əsası ilə hesablanmış zərər məbləği üzrə səhv nəticəyə gəlmişdir.

21. Belə ki, yuxarıda istinad olunan “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

22. Cavabdeh tərəfindən iddiaçının qanunsuz elektrik xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da elektrik enerjisinin talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır.

23. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus abonent cədvəlindən görünür ki, iddiaçının cavabdeh təşkilata 13 mart 2025-ci il tarixinədək yaranmış ümumi borcu 1669,46 manat təşkil etmişdir. 2015-ci ilin iyul ayından 2025-ci ilin aprel ayına kimi olan dövr üzrə sayğac üzrə istehlak edilmiş elelktrik enerjisinin dəyəri 1477,03 manat təşkil etsə də iddiaçı tərəfindən həmin məbləğin 784 manatı ödənilmiş, qalıq borc 693,03 manat olmuşdur. Bundan əlavə aktlar üzrə hesablanmış borc məbləği 976,43 manat təşkil etmişdir ki, həmin məbləğin 432,38 manatı X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı akt üzrə, 134,86 manatı 2015-ci ildən əvvəlki dövr üzrə hesablanmış və hazırkı abonent cədvəlinə inteqrasiya edilmiş borc məbləği, 409,19 manatı isə xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə limitdən artıq istifadəyə görə hesablanmış borc məbləği olmuşdur. Yəni, iddiaçıya hesablanmış və silinməsi tələb edilən 1669,46 manat məbləğinin 432,88 manat hissəsi mübahisələndirilən 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı akt üzrə yaransa da qalıq 1237,08 (693,03+134,86+409,19=1237,08) manatı elektrik enerjisindən istifadə edilməsinə görə yaranmış borc məbləği olmuşdur. İddiaçı tərəfindən isə qanuni əsaslarla istehlak edilmiş elelktrik enerjisi üzrə hesabatın düzgün aparılmaması əsası ilə iddia qaldırılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC-nin 15 noyabr 2024-cü il tarixli, NİM 010012 saylı aktı əsasında itirilmiş elelktrik enerjinin bərpası məqsədilə hesablanmış 432,38 manat zərər məbləğinin silinməsi hissəsində iddiaçının tələbi “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinin tələbinə görə əsaslı olsa da qaldırılmış əsas üzrə 1237,08 manat borcun silinməsi hissəsində iddia tələbi əsasız olmuşdur.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC-nin 15 noyabr 2024-cü il tarixli, NİM 010012 nömrəli aktı əsasında hesablanmış 432,38 manat zərər məbləği əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-835/2025 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. "xxxx" ASC-nin 15 noyabr 2024-cü il tarixli, NİM seriyalı, 010012 nömrəli aktı əsasında hesablanmış 432,38 (dörd yüz otuz iki manat, 38 qəpik) manat zərər məbləği əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar