Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1331/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-889/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağladığı xx.xx.2022-ci il tarixli, «3M-302» reyestr nömrəli kredit (borc) müqaviləsinin bağlandığı andan etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən «3M-302» reyestr nömrəsi ilə təsdiq edilmişdir. Kredit müqaviləsinə görə borcverən, yəni, Cavabdeh1 borcluya, yəni, ona bir il müddətinə 70000 manat borc vermişdir. Borcun təminatı kimi Cavabdeh1 ilə onun anası X6 və onun arasında həmin Notariat Ofisində xx.xx.2022-ci il tarixli, «3M303» saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə görə X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0384 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ipoteka müvafiq reyestrdə qeydə alınmışdır. Müqavilə bağlanandan 16 gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə borcverən (ipoteka saxlayan) Cavabdeh1 notariat ofisinə müvafiq ərizə ilə müraciət edərək həmin notariat ofisində bağlanmış ipoteka müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsi reyestrdə «8İ-4238» saylı nömrə ilə qeydiyyata alınmış, ipoteka saxlayanın həmin ərizəsi əsasında notariat ofisi daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, «783» saylı məktubla müraciət etmişdir. Bu məktub əsasında X3 mülkiyyətində olan əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. O, cavabdehin qardaşı Ziyadı təxminən 2020-ci ildən tanıyırdı. Ziyad öncə onu bacısının əri, yəni, cavabdehin əri Rasimlə tanış etmiş, Rasim Rusiyada yaşayırdı. O, həmin vaxtlarda İran İslam Respublikasından meyvə-tərəvəz gətirib Bakıda satmaqla məşğul olurdu. Ziyadgil də bu biznesə girmək istəmişlər. O, bir neçə dəfə Ziyadla görüşüb bu barədə danışmış, bir dəfə də İranda olarkən Ziyad ora gəlmiş və o, Ziyada meyvə-tərəvəz alıb vermişdir. Bundan sonra Ziyad onu Rasimlə tanış etmiş, həmin vaxt Rasim Bakıya gəlmişdir. Onlar görüşmüş və meyvə biznesi barədə ətraflı söhbət etmişlər. O, həmin şəxslərə bu iş üçün kifayət qədər böyük məbləğ lazım olduğunu və bunun üçün öz evini banka girov qoyub pul götürmək istədiyini bildirmişdir. Rasim evi banka deyil, ona girov qoymağı və özünün pulu verməsini təklif etmişdir. O, həmin şəxslərlə razılaşmış, xx.xx.2022-ci il tarixdə notariusa getmiş, göstərilən müqavilələri bağlamış, lakin pulu verməmişlər. Qarşı tərəf M.Əcəmi metrostansiyası tərəfdə evi olduğunu, evi satıb pulu gələn həftənin ikinci günü alacağını, yəni, pulu növbəti həftənin ikinci günü verəcəyini bildirmiş, o da onlara inanıb razılaşmışdır. Növbəti həftənin ikinci günü tərəflər görüşmüş, bir müddət sonra evi alqı-satqı edən iki nəfər makler gəlmiş və pulu gətirmiş, lakin yenə də pulu ona verməmişlər. Beləliklə, aralarında razılaşma pozulmuş, bir sözlə o, aldadılmışdır. O, şikayət edəcəyini dedikdə bundan qorxub cavabdeh ipoteka müqaviləsinin ləğvinə dair ərizə vermiş, lakin borc müqaviləsinin ləğvi ilə bağlı ərizəni verməmişlər, verəcəklərini bildirsələr də, bu günə kimi həmin ərizəni verməkdən imtina edirlər. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək aldatmış, bu səbəblə də onun bu hərəkəti hüquqdan suiistifadə hesab olunmalı və müqavilə məhkəmə qaydasında bağlandığı andan etibarsız sayılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 tanıyır. Belə ki, həmin xanımın ailəsində onun ailəsindən olan bir xanım nikahdadır. Bununla da, çoxdan münasibətləri yaranmaqla cavabdehin anası ilə də tanış olmuşdur. Ev ipotekaya qoyulanda o, özü də şəxsən həmin prosesdə iştirak etmişdir. İddia ərizəsini də oxumuş, İddiaçı da həmin prosesdən tanımışdır. İddiaçının Kürdəmirdə də məhkəmə işi olmuş, Ziyad ona zəng edərək Kürdəmirdə mal götürdüyünü bildirmişdir. Ziyad cavabdehin qardaşıdır. İddiaçının çox adama borcu vardır. Notariusda pul verilmişdir. Üstəlik pul vəsaiti çatmamış, 200 manat da o, borc götürmüşdür. O, ailənin bir üzvü kimi, həm də hüquqşunas kimi notariat hərəkətlərinin aparılmasında iştirak etmişdir. Belə ki, cavabdehin bu işlərdən elə də çox anlayışı yoxdur. İpoteka müqaviləsinin ləğvinin səbəbi ilə onun məlumatı olmamışdır. İddiaçı and içmiş, evini satdığını və borcu ödəyəcəyini bildirmişdir. 70000 manat pul vəsaiti mal almaq məqsədilə verilmiş və faizə verilməmişdir. Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-889/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-889/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında Bakı şəhəri, 50 saylı Notariat ofisində 02 aprel 2022-ci il tarixli, “3M-302” reyestr nömrəli kredit (borc) müqaviləsi bağlanmış və cavabdeh ona 70000 (yetmiş min) manat məbləğində borc pul vermişdir. Həmçinin verilən borcun təminatı olaraq həmin tarixdə və eyni notariusda cavabdehlə onun anası X6 arasında “3M-303” reyestr nömrəli ipoteka müqaviləsi bağlanmış və onun anası X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 301,1 kv.m., dəyəri isə 250000 manat olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka müvafiq reyestrdə qeydiyyata alınmışdır. Tərəflərin məhkəmədə verdiyi izahatlardan belə məlum olmuşdur ki, kredit müqaviləsindəki 70.000 manat birgə ticarət aparmaq məqsədilə verilməli idi, lakin verilməmişdir. Bu səbəblə də, ipoteka müqaviləsi ipoteka saxlayanın ərizəsi əsasında ləğv edilmişdir. Məhkəmə işin bu halına hüquqi qiymət verməmişdir. Belə ki, əgər ipoteka müqaviləsi verilən borcun təminatı kimi bağlanmışdısa, bəs borc qaytarılmamış ipoteka müqaviləsinin ləğvinə dair iddiaçı (ipoteka saxlayan) niyə ərizə vermişdi, özü də müqavilələr bağlanandan cəmi 16 gün sonra ipoteka ləğv olunmuşdur. İşin bu halı məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-302 reyestr nömrəsi ilə təsdiq edilmiş, borcverən Cavabdeh1 ilə borcalan İddiaçı arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borcverən borcalana xx.xx.2023-cü il tarixədək 70000 manat borc verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilədən daha sonra görünür ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən "xxxx" ASC-nin 50 saylı Notariat şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 641 saylı məktubdan görünür ki, Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 70000 manat pulun İddiaçı verilməsi üçün bankda AZ94AİİB********************3 saylı depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, notarius X8 70000 manat pul vəsaitini depozit hesabına köçürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m. olan fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 415 saylı reyestr kitabının 38877 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********29-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan X3 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m. olan fərdi yaşayış evini ipoteka qoymaq istədiyini bildirmişdir. İş materiallarında olan X1 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, X4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m. olan fərdi yaşayış evinin kredit öhdəliklərinin təminatı məqsədilə ipotekaya qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi olmadan və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-303 reyestr nömrəsi ilə təsdiq edilmiş, ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X6, borcalan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m. olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0.0384 ha torpaq sahəsini kredit müqaviləsi üzrə öhdəliyini icrasının təmini üsulu məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 250000 manat müəyyən edilmişdir. Müqavilənin 12.1-ci bəndinə əsasən, bu müqavilə tərəflər onu imzaladığı gündən bağlanmış, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra isə qüvvəyə minmiş hesab edilir. İş materiallarında olan Cavabdeh1 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli 3M-303 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixdə bağlanmış 3M-361 reyestr saylı “ipoteka müqaviləsinin ləğvi barədə saziş” əsasında xitam verildiyindən xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 həyat yoldaşı və qardaşı arasında şərikli biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə razılıq əldə olunmuş, bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcverən-Cavabdeh1 borcalan-İddiaçı bir il müddətinə qaytarılmaq şərtilə 70000 (yetmiş min) manat məbləğində borc vermiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətləri barədə xəbərdarlıq edilmiş, həmin kredit məbləği depozit hesabına köçürülmüşdür. Bununla əlaqədar iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki,həmin pul məbləöi iddiaçı tərəfindən formal olraq qəbzə qol çəkməklə götürülsə də,həmin pul məbləöi başqa şəxsə məxsus olduğundan, həmin anda da ondan geri alınmış və qeyd olunan məbləöin sonradan iddiaçıya verilməsi vəd olunsa da,həmin məbləö iddiaçıya verilməmiş və bunun nəticəsi olaraq ipoteka predmeti olan fərdi yaşayış evi 16 gün keçdikdən sonra ipoteka yüklülüyündən azad edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, pul vəsaitinin nəticə etibarı ilə verilmədiyini və aldadıldığını iddia edərək, kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etbarsızdır. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmaqdında (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqdi) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etbarsız sayılmasını tələb edə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Sadalanan qanunvericilik normalarına əsasən əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. İddiaçı tərəfin tələbinin əsasını tərəflər arasında kredit müqaviləsi bağlanarkən pul vəsaitinin verilmədiyi və həmin müqavilənin aldadılma faktı ilə bağlanması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, borc (kredit) müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi iradə ifadəsi əsasında bağlanmış, borcverən borcalana 70000 (yetmiş min) manat məbləğində borc verməyi, borcalan isə xx.xx.2023-cü il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüş, tərəflərə onların hüquq və vəzifələri izah edilmiş, müqavilə notarial qaydada bağlanan zaman borcalan notariat xərclərini özü çəkmiş, müqavilə predmetini təşkil edən 70000 manat pul vəsaiti borcverən tərəfindən verilməklə notarius tərəfindən bankda açılan depozit hesabına köçürülmüş və borcalan tərəfindən həmin məbləğ depozit hesabından təhvil alınmış, müqavilə bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilmiş və beləliklə də qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı müəyyən edilməmişdir. İddiaçı pul vəsaitinin ona verilmədiyini, cavabdeh tərəfindən ipoteka müqaviləsinin ləğv edildiyini və nəticə etibarı ilə onun cavabdehə borcunun qalmadığını iddia etsə də, iddia tələbinin əsasını təşkil edən həmin halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bundan əlavə iddiaçı apellyasiya şikayətində - tərəflər arasında ipoteka müqaviləsinin verilən borcun təminatı kimi bağlandığını, lakin verilmiş borc məbləği qaytarılmadan ipoteka müqaviləsinin ləğvinə dair ipoteka saxlayan tərəfindən ərizə verdiyini və ipoteka müqaviləsinin ləğv edildiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu məqsədilə ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X6, borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin sonradan ləğv edilməsi borcverən Cavabdeh1 ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsızlığına hüquqi əsas vermir. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bununla əlaqədar bildirmişdir ki,idiaçının başqa şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə iddiaçının xahişi əsasında ipoteka predmeti olan əmlak Cavabdeh1 ərizəsi əsasında ipotekadan azad olunmuşdur. Beləliklə, kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmadığından, məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-889/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1331/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1331/2023
27.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver