Məhkəmə qərarları › İş №2(105)-1332/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1332/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1332/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X15 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(060)-1921/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsini qoymaqla ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər XDS İK tərəfindən X10 ünvan 1 ünvanında sahəsi 35.7 kv.m. olan 3 otaqlı mənzil (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) üçün adına verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderin mərhum anası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anasının ölüm haqqında şəhadətnaməsində soyadı “Quliyeva”, adı “Fatma”, atasının adı “Ağa Əli” olmuşdur. Buna baxmayaraq Sumqayıt şəhər XDS İK-nin tərəfindən onun adına ünvan 2 ünvanında sahəsi 35.7 kv.m. olan 3 otaqlı mənzil (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) üçün verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderdə adı, soyadı düz, atasının adı isə səhv olaraq “Əli” yazılmışdır. Sumqayıt şəhər X9 İcraiyyə Komitəsi ləğv edilmiş və bütün sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmişdir. Həmin filialının verdiyi arxiv çıxarışından da görünür ki, anasının, atasının adı səhv olaraq “Əli” yazılmışdır. Sumqayıt şəhər X9 İcraiyyə Komitəsi ləğv edilmiş, bu səbəbdən həmin orqan tərəfindən orderdə anasının ata adında yol verilmiş səhvin aradan qaldırılması mümkün deyil. Mənzilin özəlləşdirilməsi məqsədilə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt ərazi idarəsi xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edir ki, mənzilin orderi və ölüm haqqında şəhadətnamədə anasının atasının adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. O, hazırda mənzildə qeydiyyatdadır və yaşayır. Mənzilin orderində göstərilmiş atası, anası və qardaşı vəfat etmişlər. Sumqayıt XDS İK tərəfindən anasının adına verilmiş orderdə atasının adı düz göstərilmədiyinə görə mənzili əvəzsiz özəlləşdirib xüsusi mülkiyyətlərinə keçirmək hüququndan istifadə edə bilmir. Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(060)-1921/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Sumqayıt şəhər XDS İK tərəfindən ünvan 3 ünvanda sahəsi 35.7 kv.m. olan 3 otaqlı mənzilə (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) dair verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderin X5 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(060)-1921/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən mülki iş üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizəçi Əyyubova X2 Fatma Əli qızı və onun ailə üzvlərinin adına verilmiş Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1992-cü il tarixli 19/785 nömrəli orderində və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 659 nömrəli əmri ilə Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativlərində mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən təsdiq edilmiş xx.xx.1992-ci il tarixli 87 №-li protokolda ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı səlahiyyətli orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməli, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bununla bağlı müvafiq düzəliş edilməli idi. Qanunla belə səlahiyyətə malik olan inzibati orqana müraciət etmədən məhkəmə qaydasında işin həll olunmasını tələb etmək, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307-ci maddəsinin tələblərinə uyğun mülki iş məhkəmə icraatına o halda qəbul oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür, bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət olunmamışdır. Mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmə işlərinə həmin sənədləri vermiş inzibati orqanlar və ya onların hüquqi varisləri maraqlı şəxs qismində işə cəlb edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi, ərizəçi ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermiş və işə baxmış məhkəmə ərizənin təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Ərizəçi apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, maraqlı şəxs hesab edir ki, ərizəçi ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməmiş, maraqlı şəxs kimi həmin inzibati orqan qoyulmalı idi. Halbuki, ərizəçi mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün ilkin olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, mənzilin orderi və ölüm haqqında şəhadətnamədə anasının atasının adı arasındakı uyğunsuzluq məhz həmin orqan tərəfindən müəyyən edilmiş, ona ünvanlanmış bildirişdə məsələnin məhkəmə qaydasında həll olunması bildirilmişdir. Ərizəçinin order vermiş Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməməsi də doğru deyil. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Təsərrüfatı və mənzillərin uçotu şöbəsindən mənzilin orderi ilə bağlı sərəncamaltı sənədlərin dövlət arxivinə təhvil verilməsi bildirilmişdir. Mənzilin orderini ərizəçi xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialından almışdır. İşə baxan məhkəmə ilə işin bu vəziyyəti müzakirə edildikdən sonra, məhkəmə iclası təxirə alınmış, ərizəçinin müraciətinə İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, aparılmış arxiv araşdırması nəticəsində X5 təqdim edilmiş mənzilin sərəncamaltı sənədlərində ata adı ayrı-ayrı variantlarda göstərildiyi səbəbdən qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin ərizəyə münasibəti məhkəmə qətnaməsinin 13-cü bəndində öz əksini tapmışdır. Göründüyü kimi maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, çoxsaylı məhkəmə iclaslarında iştirak etməmiş və iş materiallarını öyrənmədən apellyasiya şikayəti vermişdir. Maraqlı şəxs order yazılarkən yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinin inzibati hüquq mübahisəsi və inzibati icraat qaydasında baxılmalı olmasını hesab etdiyi üçün apellyasiya şikayətinin bu dəlilinə qarşı bildirmişdri ki, xüsusi icraat zamanı iddia və inzibati icraatdan fərqli olaraq ərizəçi və maraqlı şəxs arasında hüquq haqqında mübahisə olmur, yəni hər hansı hüquq mübahisələndirilmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Vİ-ЖГ 385113 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxx 1979-cu ildə doğulmuşdur. X1, anası X6r. İş materiallarında olan Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 10 noyabr 1992-cü il tarixli 19/785 nömrəli orderindən görünür ki, ünvan 1 ünvanında sahəsi 35.7 kv.m. olan 3 otaqlı mənzilə dair (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 9, mənzil 32) X10 adına order verilmişdir. Sahəyə hüququ olub, order üzrə evə köçən şəxslərin siyahısında qeyd edilmişdir: Quliyeva F.Ə; Quliyev Ə.Ə; Quliyev T.Ə; Quliyeva R.Ə. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 06 iyun 2022-ci il tarixli, 647 nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 29 oktyabr 1992-ci il tarixli, 659 nömrəli əmri ilə Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativlərində mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən təsdiq edilmiş 25 sentyabr 1992-ci il tarixli 87 №-li protokola əsasən, Z.Tağıyev qəsəbəsi, Stepnoy küçəsi, ev 9, mənzil 32 ünvanda sahəsi 35,7 kv.m. olan 3 otaqlı mənzilin X10 4 nəfərdən ibarət ailə tərkibinə (1. X16 (ev sahibi), 2. X7 (yoldaşı), 3. Quliyev Tale Ə. (oğlu),

4. Quliyeva Rəqsanə Ə. (qızı)) təqdim edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinin Ərizəçi ünvanlanmış 12 avqust 2022-ci il tarixli, **********39 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişindən görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli order və 06 iyun 2022-ci il tarixli, 647 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda adına order verilən şəxsin adı, soyadı, ata adı “X16” qeyd olunsa da, ölüm haqqında şəhadətnamədə “X8” qeyd olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsi 1 nömrəli mənzil-istismar şöbəsinin 04 may 2022-ci il tarixli, 974 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətən H.Zeynalabdin Tağıyev qəsəbəsi C.Cabbarlı küçəsi, ev 9, mənzil 32 ünvanında yaşayır. Mənzil 3 otaqlıdır, sahəsi 35,7 kv.mdir. Mənzil 5 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir, mənzil şəraiti normaldır. Mənzil sahibi X16 vəfat edib. Ailə üzvlərinin sayı 3 nəfərdir. İş materiallarında olan AZ-İ 868295 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 12 may 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 277987 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 14 noyabr 1993-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan İİ-РУ 596128 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 08 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 01 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsində ata adının “Ağa Əli” olduğu halda ona verilmiş 1992-ci il tarixli, 19/785 saylı orderdə “Əli” kimi qeyd olunduğu səbəbdən düzəliş olunmasına köməklik göstərilməsi barədə müraciətə Şəhər İcra Hakimiyyətində baxılmışdır. Aparılmış arxiv araşdırması nəticəsində X5 təqdim edilmiş mənzilin sərəncamaltı sənədlərində ata adı ayr-ayrı variantlarda göstərildiyi səbəbdən qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qeyd etmişdir ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin anasının ata adı nikah, ölüm haqqında şəhadətnamələrdə, eləcə də ərizəçinin doğum haqqında şəhadətnaməsində “Ağa Əli” olaraq qeyd edilmişdir. Eyni zamanda sözügedən orderdə ərizəçinin anasının ata adı “Əli” kimi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsin, adı, soyadı, atı adı müxtəlif sənədlərdə müxtəlif cür yazılmışdır. Sözügedən orderin ərizəçinin anası X5 məxsus olması onların eyniləşdirmə məlumatları, qeydiyyat ünvanları, orderdə qeyd olunan ailə üzvlərinin siyahısı ilə müəyyən olunur. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlmişdir ki, H.Zeynalabdin Tağıyev qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən 9 saylı ev, 32 saylı mənzilə dair 10 noyabr 1992cü il tarixli 19/785 nömrəli order X5 məxsusdur. Orderdə yanlışlıqla ərizəçinin anasının ata adı “Ağa Əli” əvəzinə “Əli” kimi göstərilmişdir. Order hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin qətnaməsi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Maraqlı şəxs apellyasiya şikayəti verərək şikayətində ərizəçinin məhkəmədən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməli olmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iş materiallarına əsasən də müəyyən edilir ki, ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl İcra Hakimiyyətinə müraciət etmiş, ona Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədova tərəfindən 01 aprel 2024-cü il tarixli məktub ünvanlanmışdır.Göründüyü kimi ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə orderdə ata adına düzəliş olunmasına köməklik göstərilməsi barədə müraciət etsə də, aparılmış arxiv araşdırması nəticəsində X5 təqdim edilmiş mənzilin sərəncamaltı sənədlərində ata adının ayr-ayrı variantlarda göstərildiyi səbəbdən qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamış, buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsin apellyasiya şikayətində qeyd etdiyi ərizəçinin ilkin olaraq onlara müraciət etməsi, daha sonra əsassız imtina olunduğu halda isə Sumqayıt İnzibati Məhkəməsində inzibati qaydada mübahisələndirməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş iş materiallarına əsasən müəyyən olunur ki, ərizəçi ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət etmiş və ona 12 avqust 2022-ci il tarixli, **********39 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildiriş ünvanlanmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aid edilmişdir. Göründüyü kimi ərizəçi hazırki halda 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderin mərhum anası X5 məxsus olması faktının müəyyən edilməsini tələb etdiyindən işə xüsusi icraat qaydasında mülki məhkəmə aidiyyatında baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, maraqlı şəxsin apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır və həmin dəlillər əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(060)-1921/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar