Məhkəmə qərarları › İş №2(105)-1335/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1335/2022

05.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1335/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, iddiaçı Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2793,86 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən iddiaçı "xxxx" ASC- tərəfindən apellyasiya şikayəti verilərək Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində dəyişdirilərəl iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 7821,68 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə razılaşma protokolu imzalanmışdır. Həmin razılaşma protokolunun mətnindən müəyyən olunur ki cavabdeh hər ay aylıq sərfiyyatdan əlavə 80 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Təqribən 7000 manat borc mövcuddur. Qubadlı Rayon Məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 251.2.1-ci maddəsinə əsaslanmışdır. Cavabdehin 2016-cı ilin iyun ayından sonrakı borcları ödəməsini nəzərə almışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, abunə haqqında çıxarışdan da görünür ki, həmin dövrdən cavabdehin borcu -139 manat, 83 qəpikdir. Yəni 2016-cı ilin iyun ayına qədər cavabdehin borcu yoxdur. Əsas borc 2016-cı ilin iyun ayından sonra yaranmışdır. Bu səbəbdən hesablamanın düzgün aparılmadığı qənaətindədir. Məcburi köçkün limiti də borcdan çıxılmışdır. Ev Bakıxanov qəsəbəsində yerləşir, bina evidir. Cavabdeh Qubadlı rayonundan məcburi köçkündür. Cavabdeh məktəbdə məskunlaşıb, amma ona hesablanan borc məktəbin borcu deyil. Cavabdehin fərdi istifadəsinin nəticəsidir. Abonent 2008-ci ildə qeydiyyata alınıb. 2012-ci ildə birinci dəfə sayğac quraşdırılıb, 2019, 2021-ci illərdə sayğaclar dəyişdirilib. Ödənişlər olsa da tam olmayıb. Cavabdeh bəzi aylarda aylıq sərfiyyatından dəfələrlə artıq ödənişlər edib. Bu o deməkdir ki, əvvəlki borcu qəbul edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, yaşadığı yerdə 12 ailə yaşayır. Onların arasında ayda 17 manatdan artıq ödəniş edən yoxdur. Bir otaqlı evə o qədər borcun yazılması absurddur. O yazılmaları qeydə alan sayğac partlamışdı. Ondan sonra təzə sayğac quraşdırıldı. Təzə sayğacdan sonra hər ay 15 manat borc yazılır. Deməli əvvəl yazılmış məbləğlər həqiqəti əks etdirmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsini qətnaməsi iddia tələbini təmin edilməyən hissəsi mübahisələndirilmişdir. Bu səbbədən qətnamə qeyd edilən hissədə müzakirə edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-сi il tarixli arayışdan görünür ki, Cavabdeh 26 iyul 2021-ci il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə 7821,68 manat borcu var. İş materiallarında olan abunə haqqından görünür ki, Cavabdeh istehlak edilmiş elektrik enerjisinə görə 7821,68 manat borcu var. Birinci instansiya məhkəməsi vaxtaşırı ödənişlər haqqında tələblərin beş il keçdikdən sonra qüvvəsini itirməsi, bu səbəbdən cavabdehdən 2016-cı ilin iyul ayından başlayaraq istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borcu tutulmalı olmasını müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 425, 427, 443, 445-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427-ci maddəsinə müvafiq olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası «Elektroenerqetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydalarının 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmin Qaydalarının 9.10-cu maddəsinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydalarının 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdehin elektrik enerjisindən istifadəyə görə enerji haqqını iddiaçı təşkilat ödəməli olması işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından müəyyən edilir ki tələb edilən borc məbləği xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda cavabdehdən 2016-cı ilin iyul ayından əvvəlki dövr üçün borcun tələb edilməsi yuxarıda göstərilən qanunvericilik normasının tələblərinə ziddir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən 2016-cı ilin iyul ayından başlayaraq istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borcun tələb edilməsini müəyyən etmişdir. Göründüyü kimi, iddia tələbinin mübahisələndirilən hissədə borc məbləği 2016-ci ilin iyul ayına qədər yaranmışdır və hazırki iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda qeyd edilən borc üzrə tələbetmə müddəti keçmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi sadalanan hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə 2016-cı ilin iyul ayından sonrakı dövlər üzrə yaranmış borc məbləğini tutmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar