Məhkəmə qərarları › İş №2(105)-1338/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1338/2021

12.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1338/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ərizəçi İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1988/2021 saylı qərardadından ərizəçi İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1988/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) ərizəçi İddiaçı mirasın qəbul edilmə müddətinin uzadılmasına dair mülki iş üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mənzilə dair mirası qəbul etmə vaxtının uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır. Belə ki, Sumqayıt şəhəri, 9-cu mkr, 36 saylı evin 16 saylı mənzili mülkiyyət hüququ əsasında anası X4 məxsus olmuşdur. Mənzilin mülkiyyətçisi olan anası Gülarə Babayeva xx.xx.2018-ci il tarixdə, atası X7 xx.xx.1997-ci il tarixdə vəfat etmişlər. Anası vəfat edəndən sonra mülkiyyətində olan mənzil miras kimi qalmışdır. Anası vəfat edəndə 4 bacısı ilə birlikdə dəfnini təşkil etmiş, yas mərasimlərini vermiş, qəbirüstü daşını götürmüş, birlikdə analarının mirasını qəbul etdiklərini açıq aşkar nümayiş etdirmişlər. X1 anasının miras əmlakına dair şəhadətnamə alınmasının təşkil edilməsini öz üzərinə götürmüş və bildirmişdir ki, mirasın qəbulu barədə öz adından ərizə vermiş, onları da vərəsə kimi ərizəsinə daxil etmişdir və xx xxxxx 2019-cu il tarixdə bir yerdə gedib vərəsəlik haqqında şəhadətnamə alacaqlar. Bu ərəfədə Sevil Məmmədova ondan və digər bacılarından mirasdan imtina barədə ərizə verməyi xahiş etmiş və bunu onunla izah etmişdir ki, sənəd bir adamın adına yazılsın ki, sonradan evi satıb payları bölüşdürmək asan olsun. O, buna etiraz etmiş, amma digər 2 bacısı və vəfat etmiş qardaşının həyat yoldaşının hansı qərara gəlmələrindən xəbəri olmamışdı. xx xxxxx 2019-cu il tarixdə vərəsəlik haqqında şəhadətnamə almağa gedərkən bacısı Sevil Məmmədova onunla notariusa getməkdən imtina etmişdir. O, vərəsəlik işinin açıldığı “Asan xidmət”in notarius ofisinə gedib vərəsəlik barədə məlumat alanda məlum olmuşdur ki, bacısı Sevil Məmmədova ərizəni yalnız öz adından vermiş, ondan başqa heç bir vərəsə olmadığını bildirmiş və onlara dediyi gündən də bir gün qabaq, xx xxxxx 2019-cu il tarixdə vərəsəlik haqqında şəhadətnamə alaraq mənzili öz mülkiyyətinə keçirmişdir. Bundan sonra, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bacısı Sevil Məmmədovanın adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddiası rədd edilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, o, mirasın qəbulu üçün ərizə vermədiyinə görə belə bır iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıl Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilərək iddiası təmin edilmiş, bacısı Sevil Məmmədovanın adına verilmiş vərəsəlik haqqında şəhadətnamə və bunun əsasında verilmiş çıxarış etibarsız hesab edilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Sevil Məmmədovanın kassasiya şikayəti isə təmin edilməmişdir. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəlmiş, icra olunaraq həm vərəsəlik haqqında şəhadətnamə, həm də çıxarış ləğv edilmiş, mənzilin dövlət qeydiyyatı rəhmətlik anasının adına bərpa edilmişdir. Bu əməliyyatlardan sonra notariat ofisinə müraciət edərək anasından miras qalmış mənzilə dair adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, notariat ofisi mirası qəbul etmə vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Mirası rəsmi olaraq qəbul etmə müddəti bacısı Sevil Məmmədovanın qanunsuz hərəkətləri nəticəsində keçmişdir və bu hallar onun təqsiri olmadan baş vermişdir. O, hazırki miras əmlaka hüququnu məhkəmə qaydasında bərpa edərkən müəyyən edilmiş rəsmi müddəti itirmişdir. Ona görə də bu müddəti keçirmə məhkəmə tərəfindən üzürlü hesab edilməlidir. Bu hala isə yalnız xüsusi icraat qaydasında hüquqi faktların müəyyən edilməsi kimi baxılmalı və qətnamə qəbul edilməlidir. Məhkəmə isə hazırki qərardadı qəbul edərkən belə bir nəticəyə gəlmişdir ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz və bunu onunla əsaslanmışdır ki, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində mirasın qəbul etmə vaxtının uzadılması kimi hüquqi faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə bu qənaətə gələrkən prosessual hüquq normasının tam məzmununa uyğun olmayan nəticəyə gəlmişdir. Bu işdən də görünür ki, ortada hüquqa dair heç bir mübahisə yoxdur, onun xahiş etdiyi məsələ hüquqi faktın müəyyən edilməsinə aiddir və qanunvericilikdə müəyyən edilməsi üçün başqa qayda müəyyən edilməmişdir, bu fakt yalnız xüsusi icraat qaydasında hüquqi faktın, yəni mirası qəbul etmə faktının üzürlü səbəbdən buraxılması ilə əlaqədardır və bu fakt xüsusi icraat qaydasında müəyyən edilməlidir. Həmin məsələ iddia icraatında baxıla bilməz. Çünki iddia icraatında verilərsə, bu halda cavabdeh olmalıdır, cavabdeh isə yoxdur, yəni onun mirası qəbul etmə vaxtının uzadılması məsələsində hər hansı bir şəxsi cavabdeh kimi göstərilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddianın yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Bu işdə isə hər hansı bir şəxsə və ya hüququ şəxsə qarşı iddiası yoxdur və bu iddiaya cavab verəsi şəxs də yoxdur ki, ona qarşı iddia icraatı qaydasında iddia qaldırsın. Miras əmlak anasından qalıb, bacısı tərəfindən alınmış vərəsəlik haqqında şəhadətnamə ləğv edilib və hazırda miras əmlaka dair mirası qəbul etmə proseduru yenidən başlayır, mirası qəbul etmə vaxtının uzadılması məsələsində hüquqa dair heç bir mübahisə yoxdur və bu halda ərizəsi məhz xüsusi icraat qaydasında həll edilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və işin icraata qəbul edilib məhkəmə baxışına təyin edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı şikayətdə göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mənzilə dair mirası qəbul etmə vaxtının uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı ərizəsi mirasın qəbul edilmə müddətinin uzadılması barədədir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.7-ci bəndinə görə hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki ərizəyə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, miras əmlaka dair vərəsələr arasında mübahisə olmuşdur. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mirasın qəbul edilmə müddətinin uzadılması barədə ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1988/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar