Məhkəmə qərarları › İş №2(105)-1341/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1341/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1341/2020 26.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Dilçi Necatın iştirakı ilə, İddiaçı cavabdeh Dilçi Necata qarşı icarə müqaviləsi üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4084/2019 saylı qətnaməsindən cavabdeh Dilçi Necat tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, cavabdeh Dilçi Necatdan 600 manat məbləğində pul, 2 ədəd “Moped”, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Dilçi Necat qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Dilçi Necata qarşı icarə müqaviləsi üzrə yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dilçi Necatdan ona borclu olduğu 3400 manat icarə haqqından əmələ gələn borcunun, 2 ədəd təzə “Moped”in və ya onların dəyəri olan 3500 (üç min beş yüz) manat pulun, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ünvan 1 mənzil 38 ünvanında qeydiyyatda olan Necat Dilçi, ondan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə, 232 saylı qeydiyyatla Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən 63%-i ona məxsus olan Bakı şəhəri, H.Hacıyev küçəsi (hazırda Azərbaycan prospekti) 28-də yerləşən qeyriyaşayış sahəsini icarəyə götürmüş və aralarında bu barədə xx.xx.2017-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bir il müddətinə bağlanmışdır. İcarə haqqı hər ayın 03-də ödənilmək şərtilə hər ay üçün 600 (altı yüz) manat müəyyən edilmişdir. Cavabdeh icarəyə götürdüyü sahədən kafe (yeməkxana) kimi istifadə etmişdir. İcarə müqaviləsinə əsasən, icarəyə verən qeyriyaşayış sahəsində yerləşən 45000 (qırx beş min) manat dəyərində olan avadanlıqları da bir il müddətinə icarəyə vermiş və həmin avadanlıqlar icarəçi tərəfindən qəbul edilərək icarə müqaviləsində öz təsdiqini tapmışdır. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən, müqavilə müddətinin bitməsinə 15 gün qalmış tərəflər bir-birinə müqavilənin xitam olunması barədə yazılı xəbərdarlıq etmədikdə müqavilə həmin müddətə uzadılmış hesab olunur. İcarə müqaviləsinin 4.4-cü bəndinə əsasən, əgər bu müqavilə icarəçi tərəfindən vaxtından əvvəl pozularsa, onda icarəçi icarəyə verənə aylıq icarə haqqı məbləğində 3 aylıq müavinət ödəyir. İcarə müqaviləsinin göstərilən bəndinə əsasən, icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixə kimi uzadılmışdır. Lakin, cavabdeh Dilçi Necat 2018-ci il noyabr ayının 28-dən icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən getmiş, onun icarə haqqı üzrə 600 manat, 1000 manat kommunal borcu və vergiyə borcu qalmışdır. Belə ki, icarə müqaviləsinin 3.3-cü bəndinə əsasən, icarəyə verənin ödəyəcəyi vergi ödəmələri də icarəçi tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. Habelə cavabdehin 1800 manat müavinət borcu yaranmışdır. Bundan sonra ona verilən və icarə müqaviləsində siyahıda göstərilən avadanlıqların içərisində hər birinin dəyəri 1750 (bir min yeddi yüz əlli) manat (cəmi 3500 manat) olan 2 ədəd təzə "Moped" də cavabdeh tərəfindən ora qaytarılmamışdır. Beləliklə, cavabdehin 3400 manat məbləğində icarə haqqından borcu yaranmışdır. Əlavə olaraq 2 ədəd təzə "Moped" və ya onların dəyəri olan 3500 manat pul da cavabdeh tərəfindən ödənilməlidir. İcarə müqaviləsinin 7.1-ci bəndinə (b, v yarımbəndləri) əsasən, icarə haqqı vaxtında ödənilmədikdə və icarəçi tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozulduqda icarəçinin vaxtından əvvəl birtərəfli qaydada müqaviləni pozmaq hüququ vardır. Göstərilən səbəbdən o, aralarında bağlanmış icarə müqaviləsinə birtərəfli qaydada xitam vermiş və Bakı şəhəri xx xxxxx 2019-cu il tarixdə xəbərdarlıq (pretenziya) göndərmişdir. Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Dilçi Necat Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli hallar sübut olunmamış, faktiki hallar aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Dilçi Necat apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə xx xxxx 2017-ci il tarixli qərarı). İşdən görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, H.Hacıyev küçəsi (hazırda Azərbaycan prospekti) 28-də yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İcarə müqaviləsinin müddəti bir il, icarə haqqı hər ayın 03-də ödənilmək şərtilə hər ay üçün 600 (altı yüz) manat müəyyən edilmiş, lakin cavabdeh 2018-ci il noyabr ayında icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən getmiş və bununla da cavabdehin onun qarşısında olan öhdəliyini lazımınca icra etmədiyini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386.1. maddələri). Mülki Məcəllənin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Mülki Məcəllənin 442, 448.1. və 448.2. maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Göründüyü kimi cavabdeh icarə müqaviləsi əsasında iddiaçıya ödəməli olduğu icarə haqqını ödəməməklə, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar