Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1343/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(060)-1153/2023 nömrəli qətnaməsindən Cavabdeh İstahsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 2395.70 manat borcun silinməsi, iddianın verilməsinə görə 43.96 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən və Corat, Bağlar 1, ev 4 kimi göstərilmiş fərdi yaşayış evi ilə bağlı Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı müvafiq akt əsasında dəymiş ziyan kimi hesablanmış və hal-hazırda 2395.70 manat məbləğində qalmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkün olaraq Sumqayıt şəhərində məskunlaşmışdır. 2016-cı ildə Sumqayıt şəhərinin Saray bağları adlandırılan ərazisində yerləşən torpaq sahəsində tikilmiş sənədsiz bağ evini alqısatqı yolu ilə alaraq orada ailəsilə birlikdə məskunlaşaraq bugünədək orada yaşayır. 2018ci ilin yay aylarında cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun yaşadığı evdən təxminən 30-50 metr kənarda olan iki qonşu həyətdə kənar qaz xəttindən istifadə edilməsi faktı aşkarlanmışdır. Həmin xətt isə onun həyətindən keçməklə qonşulara çəkilmişdir. Lakin, bu xətdən o, istifadə etməmiş, sadəcə olaraq həmin xətt həyətinin hasarının kənarı ilə aparılmışdır. Həmçinin, bu xətti o çəkdirməmiş, 2016-cı ildə o, evi və torpağı alarkən həmin xətt artıq orada mövcud olmuşdur. Qeyd edilən tarixdə cavabdehin nümayəndələri tərəfindən istifadəsində olan torpaq sahəsində sayğacdan kənar qaz xəttinin aşkar edilməsi ilə bağlı müvafiq akt tərtib edilmiş və əlavə qaz sərfiyyatı hesablanaraq barəsində cərimə yazılmışdır. Halbuki, o, evinə qanunsuz şəkildə hər hansı əlavə qaz xətti çəkdirməmiş və həyətindən keçən qaz xəttindən onun xəbəri olmamışdır. Həmin xətt evin əvvəlki sahibinin vaxtında hasarın yanı ilə çəkilib keçməklə 30-50 metr aralıda yerləşən qonşu həyətlərindəki evlərə çəkilmişdir. Nəticədə müvafiq akt tərtib edilmiş və dəymiş ziyan kimi ona 2500 manata yaxın borc pul hesablanmışdır. Bununla bağlı ona hər hansı rəsmi məlumat verilməmişdir. Halbuki tərəfindən qaz sayğacından kənar qazdan istifadə edilməmiş və bu cərimədən yalnız indi məlumatı olmuşdur. Cavabdeh təşkilat tərəfindən hesablanmış borcun silinməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edərək yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması və ziyan kimi əsassız hesablanmış pul vəsaitinin silinməsini təklif etsə də cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmamışdır. Onun hal-hazırda 67 yaşı var, özü də məcburi köçkün olmaqla yanaşı səhhətində də ciddi problemləri mövcuddur. Bir gözü demək olar ki, görmür. Onun aldığı pul heç səhhətindəki problemlərin həllinə bəs etmədiyi halda, cavabdehin əsassız şəkildə tərtib etdiyi akt nəticəsində ona 2500 manat cərimə hesablanmışdır. Halbuki, onun sayğacdan kənar əlavə qazdan istifadə etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 2395,70 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2018-ci ilin iyul ayından abonent saldosunda qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Sumqayıt şəhəri, Corat bağları 1, ev 4 saylı fərdi yaşayış evinə əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olması, lakin cavabdehin bununla bağlı mötəbər sübutlar təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, mülki məsuliyyətin yaranması üçün ilk növbədə təqsir müəyyən olunmalıdır, lakin iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının sonuncu tərəfindən hər hansı bir müdaxilənin olunmasını sübutetmə yükü üzərində olan cavabdeh sübut edə bilmədiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsinə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1343/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1343/2023
30.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver