Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1352/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alqı-satqı müqaviləsinin) etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(027)- 1164/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alqı-satqı müqaviləsinin) etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən şikayət vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.02.2017-ci ildə Quba rayon notariat ofisində Cavabdeh1 adına rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılması, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilin 13 mart 2019-cu ildə özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsinin etibarsız sayılması, göstərilən daşınmaz əmlaka Cavabdeh3 qızının adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və müvafiq texniki sənədlərin ləğv edilməsi, göstərilən mənzilə qanun üzrə vərəsəlik hüququ əsasında onun mülkiyyət hüququnun tanınması, göstərilən mənzilin Cavabdeh3 və onu qanunsuz yolla əldə etmiş şəxslərdən məcburi qaydada alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılması, cavabdehlər Cavabdeh3 və qanunsuz alqısatqıda iştirak etmiş şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cir maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibləri olduğundan, onların hərəkətlərində cinayətin əlamətləri olması barədə müvafiq prokurorluğa xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını da xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun babası İddiaçı Nikolayeviç 1926-cı ildə anadan olmuş və 23.06.1981-ci ildə vəfat etmişdir. Onun bacısı X5 12 mart 2019-cu ildə vəfat etmişdir. Hal-hazırda X3 yeganə vərəsəsi kimi o, qalmışdır. Belə ki, onun atası X6 X9 zamanı, 1942- ci ilin avqust ayında itkin düşmüşdür. X8 Fyodorovna 31.05.1983- cü ildə vəfat etmişdir. X3 birinci dərəcəli vərəsələri olmadığına görə, onun hal-hazırda yeganə vərəsəsi o sayılır. A.Çebotaryovanın bir qardaşı olub - İddiaçı Nikolayeviç (onun babası), o, 23.06.1981-ci ildə vəfat etmişdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə, miras qoyanın - X3 ikinci dərəcəli vərəsəsi onun yeganə qardaşı İddiaçı Nikolayeviç (onun babası) ola bilərdi. O, isə, yuxarıda qeyd etdiyi kimi, 23.06.1981-ci ildə vəfat etmişdir. Lakin Məcəllənin elə bu maddəsində göstərilir ki, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Mirasın açıldığı vaxt - yəni X3 vəfat etdiyi 12 mart 2019-cu ildə onun qardaşı (onun babası) İddiaçı Nikolayeviç, həmçinin İddiaçı Nikolayeviçin iki oğlu (miras qoyanın qardaşı uşaqları) X4 (15.05.2006-cı ildə vəfat etmişdir) və X2 (16.02.2013-cü ildə vəfat etmişdir) - onun atası vəfat etmişlər. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə, miras qoyanın qardaşı uşaqlarının uşaqları kimi ondan başqa heç kim yoxdur və hal-hazırda o, X3 yeganə vərəsəsidir. Lakin X3 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzil A.Çebotaryovanın ölümündən sonra, A.Çebotaryovanın sağlığında verdiyi etibarnamə əsasında, A.Çebotaryovanın ölüm» faktı gizlədilməklə, qanunsuz olaraq, Cavabdeh3 tərəfindən 13 mart 2019-cu ildə alqı-satqı yolu ilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda qızının adına keçirilmişdir. A.Çebotaryovanın 12 mart 2019-cu ildə ölməsini Quba Cavabdeh2əzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2020-ci il tarixində verilmiş AZ-İİ № 059410 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. A.Çebotaryovanın 12 mart 2019-cu ildə ölməsinə baxmayaraq, onun ölümü haqqında şəhadətnamənin 07 fevral 2020-ci il tarixində alınmasına səbəb o olmuşdur ki, Quba rayon Mərkəsi Xəstəxanası tərəfindən A.Çebotaryovanın ölümü barədə tibbi arayış Cavabdeh3 verilmiş, o isə Alla Çebotaryovanın 12 mart 2019-cu ildə ölməsini bilə-bilə, onun ölüm faktını gizlədərək, əslində A.Çebotaryovanın ona verdiyi etibarnamənin onun ölümü ilə qüvvədən düşdüyünü bilməklə, qanunsuz olaraq onun mənzilini mənimsəmiş, bu cinayətini ört-basdır etmək üçün A.Çebotaryovanın ölümü barədə tibbi arayışı gizlətmiş və A.Çebotaryovanın ölüm haqqında şəhadətnaməsinin rəsmiləşdirilməsinə mane olmuşdur. A.Çebotaryovanın ölümü barədə tibbi arayışın dublikatı əsasında 07 fevral 2020-ci il tarixində A.Çebotaryovanın ölümü haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda mənzilin mülkiyyətçisinin verdiyi etibarnamə əsasında aparılmış alqı-satqı əməliyyatı etibarnamə verənin ölümündən sonra aparılmışdır ki, alqı-satqı əməliyyatı aparılan zaman əsasında əməliyyat aparılmış etibarnamə qüvvədə olmamışdır. Əslində burada cinayət tərkibli əməl vardır. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə onun X3 yeganə vərəsəsi olmağı təsdiq olunur. Cavabdeh3 qanunsuz olaraq X3 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzili A.Çebotaryovanın ölümündən sonra, A.Çebotaryovanın sağlığında verdiyi etibarnamə əsasında, A.Çebotaryovanın ölüm faktı gizlədilməklə, 13 mart 2019-cu ildə alqı-satqı yolu ilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda qızının adına keçirməsi səbəbindən, o, notariatda həmin mənzilə aid vərəsəlik işi açdıra bilmir. Cavabdeh3 qanunsuz olaraq Alla Çebotaryovanın mənzilini qızının adına keçirdiyinə görə, o, Elmira tərəfindən qanunsuz olaraq aparılmış alqı-satqının etibrasız sayılması, mənzilə onun vərəsəlik hüquqlarının tanınması və mənzilin məcburi qaydada, mənzili qanunsuz yolla ələ keçirmiş şəxslərdən alınaraq, ona qaytarılması barədə məhkəmə orqanlarında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin qanunsuz olaraq mənzili zəbt etmiş şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlanılmaqla, bu barədə prokurorluq orqanlarına məlumat verilməlidir. Cavabdehlərin hərəkətlərində dələduzluq əlamətlərinin açıq-aydın olmasını qeyd edir və göstərilənlərin nəzərə alınaraq, MPM-nin 265.4-cü maddəsinə əsaslanmaqla, Cavabdeh3 və qanunsuz alqı-satqıda iştirak etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq, prokurorluq orqanlarına göndərilməsini xahiş edir. Hal-hazırda o, X3 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə vərəsəlik açdırmaq üçün notariat orqanlarına müraciət edə bilmir. Belə ki, Cavabdeh3 qanunsuz olaraq mənzili başqa şəxsin - qızının mülkiyyətinə keçirmişdir və hal-hazırda formal cəhətdən həmin mənzil miras əmlak kütləsinə daxil deyildir. Göstərilən səbəblərdən o, hal-hazırda göstərilən mənzilin X3 ölüm anında mülkiyyətində olması barədə sənədləri notariat orqanına təqdim edə bilmir. Bakı şəhəri 13 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi satıcı tərəfindən verilmiş etibarnamə əsasında 13 mart 2019-cu ildə icra olunmuşdur ki, bu tarixdə artıq etibarnaməni verən şəxs vəfat etmişdi və etibarnamə ilə əməliyyat aparan şəxs - Cavabdeh3 bu barədə bilirdi. Bu səbəbdən göstərilən alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Alqı-satqı müqaviləsi ləğv olunduğunda, həmin alqı-satqı müqaviləsinin əsasında verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da ləğv olunmalıdır. Yenə də Azərbaycan Respublikası MPM-nini 78.2-ci maddəsinə əsaslanmaqla, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə aid X1 qızının adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın da təsdiq olunmuş surətinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən alınmasını xahiş edir. Yuxarıdakı səbəblərdən göstərilən alqı-satqı əməliyyatının ləğv olunması xahişi ilə Bakı şəhəri 13 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin 29.04.2020-ci il tarixli, 05/G-02-13 saylı məktubu ilə bildirilmişdir ki, guya X5 sağlığında - 24.02.2017-ci ildə Quba rayon notariat ofisində özünə məxsus əmlaklarına dair qanunvericiliklə müəyyən olunmuş qaydada 2 nəfər şahidin iştirakı ilə vətəndaş Cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Ona bu barədə Ədliyyə Nazirliyinin məktubunu aldıqdan sonra məlum olmuşdur. 2017-ci ildə A.Çebaotaryova belə vəsiyyətnamə verə bilməzdi, belə ki, həmin dövrdə, o, yataq xəstəsi idi və onun notariat ofisinə getməsi fiziki cəhətdən qeyri-mümkün idi. Həmçinin onu da bildirir ki, göstərilən vaxt A.Çebotaryovanın əqli və psixi durumu da aydın deyildi və, o, öz fikirlərini və iradə ifadəsini müstəqil şəkildə həyata keçirə bilmirdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı Quba rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı mülki işin aidiyyəti üzrə Bakı şəhər Nizami rayon məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 izahatında göstərdi ki, o, Bakı şəhərində qeydiyyatdadır və mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami rayon məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami rayon məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının mübahisə predmeti olan əmlaka dair onun subyektiv hüququnun olması və iddia tələbinin təmin edilməsi üçün onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 39.1. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bəzi kateqoriya işlər üzrə müstəsna aidiyyat qaydalarında riayət edilməklə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara baxılması üçün müstəsna aidiyyat müəyyən edilmişdir. Belə kateqoriya mübahisələrə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun 06.10.2012-ci il tarixli qərarı). İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alqı-satqı müqaviləsinin) etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması tələbi ilə Quba rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi hazırkı tələb MPM-nin 39-cu maddəsində qeyd edilən bəzi kateqoriyalı işlər üzrə müstəsna aidiyyat qaydaları ilə baxılmalı olan işlərin siyahısına daxildir. Belə ki, mübahisə predmeti olan mənzil ünvan 1 ünvanda yerləşir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə MPM-nin 39.1-ci maddəsinin tələbinə əsasən mübahisə predmetinin (daşınmaz əmlakın) yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nizami rayon məhkəməsində baxılmalı olduğu halda, Quba rayon məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 39.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Quba rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alqı-satqı müqaviləsinin) etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami rayon məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1352/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1352/2021
13.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver