Məhkəmə qərarları › İş №2(105)-1352/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1352/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1352/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(059)-212/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında 23 sentyabr 2021-ci il tarixdə bağlanmış İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə qaytarmaq şərtilə, illik 19% dərəcəsi ilə 14000 manat kredit vermişdir.

2. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 12180,21 manat əsas, 2325,95 manat faiz və 3416,25 manat cərimə borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı Bank arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli, İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 12180,21 manat əsas, 2325,95 manat faiz, 3416,25 manat cərimə olmaqla, cəmi 17922,41 manat borcun və ödənilmiş 143,77 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə qaytarmaq şərtilə, illik 19% dərəcəsi ilə 14000 manat kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehə banka olan borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu hazırkı vaxtadək banka olan cəmi 17922,41 manat borcunu ödəməmişdir.

5. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında göstərmişdir ki, o, iddiaçının iddia ərizəsində qeyd etdiyi fikirlərlə razı deyildir. Belə ki, o, İddiaçı ASC-nin Neftçilər filialından 23 sentyabr 2021-ci il tarixli, İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinə əsasən illik 19% dərəcəsi ilə 36 ay müddətinə 14000 manat məbləğində kredit götürmüş, habelə qrafik cədvəli üzrə 23 oktyabr 2021-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək hər ay 513,18 manat olmaqla, cəmi 3592 manat ödəniş etdiyindən sözügedən qrafik cədvəli üzrə 14882 manat borcu qalmışdır. Həmçinin, 17 may 2022-ci il tarixdə işlədiyi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, 20 aprel 2021-ci il tarixdə “Medistyle” hospitalına etdiyi müraciətindən sonra ona “ekstrakarporal hemodializ” diaqnozu qoyulmuşdur. Beləliklə, o, həmin vaxtdan müntəzəm hemodializ müalicəsi almaqla yanaşı, 18 iyul 2022-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində böyrək transplantasiya əməliyyatı keçirmişdir. X3 etdiyi müraciətdən sonra, xərclərin müəyyən hissəsi qarşılanmış, habelə anası donor olmuş, həmçinin müalicə, analiz və diaqnozlarına 7680 manat vəsait xərcləmişdir. Maddi durumu çox acınacaqlıdır və qalan ömrünü xəstə kimi, iş qabiliyyəti olmadan keçirmək məcburiyyətində qalmışdır. Ona görə də, hesab edir ki, fors major hallar bank rəhbərliyi tərəfindən nəzərə alınmalıdır

6. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(059)-212/2023 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında 23 sentyabr 2021-ci il tarixdə bağlanmış İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 12180,21 manat əsas, 2325,95 manat faiz, 122 manat cərimə olmaqla, cəmi 14628,16 manat borc və ödənilmiş 143,77 manat dövlət rüsumunun 82%-i, yəni 117,89 manatı tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.2, 741, 385.1, 421.2, 424.5, 462.1, 465.2, Mülki Prosessual Məcəllənin 119.1, 222-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işsizdir, həm də xəstə olduğu üçün əmək qabiliyəti yoxdur, əmlakı yoxdur və borcu ödəyə bilmir. Bank ondan həmin borcun qaytarılmasını tələb edir. Borcu istənilən yolla geri qaytarmaq üçün muxtəlif cinayətlərə əl atmaq məcburiyyətində qalsa da buna həm vicdanı, həm də səhhəti yol vermir. Əgər vətəndaşın gəliri yoxdursa, o borcunu ödəyə bilmirsə, bu onun təqsiri deyil. Qanunvericiliyə görə, şəxsə cəza yalnız o, təqsirli olarsa verilə bilər. Bundan başqa, borca görə həbs Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiya olan Avropa Konvensiyasının tələblərinə əsasən də qadağan edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Belə bir müddəa olan halda Azərbaycan Respublikasınında tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs borca görə azadlıqdan məhrum edilə bilməz. Vətəndaşlar öz hüquqlarını bilmədiklərinə görə, bundan istifadə edən icra məmurları icraatlarında olan iş yükünü azaltmaq məqsədi ilə vətəndaşları həbs hədəsi ilə borcunu ödətdirməyə çalışırlar, amma bu tamamilə qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən cavabdehə 36 ay müddətinə qaytarmaq şərti ilə, illik 19% dərəcəsi ilə 14000 manat kredit verilmişdir. İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, Cavabdeh iddiaçıya 12180,21 manat əsas, 2325,95 manat faiz, 122 manat cərimə olmaqla, cəmi 14628,16 manat borcu yaranmışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehin hesabına köçürsə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

19. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər müqavilə öhdəliyinin yerinə yetirilməməsi üçün əsas deyil. Cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafiklər üzrə aparmamaqla müqavilə şərtlərini pozması və hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən, habelə apellyasiya şikayətinin dəlili hər hansı bir mötəbər sübuta əsaslanmadığından birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin MPM-in 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair ərizə ilə işə baxmış birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır.

22. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(059)-212/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar