Məhkəmə qərarları › İş №2(105)-1360/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1360/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1360/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2958/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.

2. Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmışdır.

3. Şahkərim Xanəli oğlunun adına olan **********00050 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “qalıq və aktlar” əsasında 2023-cü il üzrə 4147,20 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T Smart tiplidir, quraşdırılma tarixi xx.xx.2023-cü ildir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdehnə qarşı “aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçı öz ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Bu mənzilin qaz sayğacının abonent kodu **********00050-dir. İddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin qaz sayğacına Cavabdeh işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilirdi. Lakin 2023-cü ilin fevral ayında bu yoxlamalar daha da artırılmağa başladı. Demək olar ki, hər gün Cavabdeh işçiləri tərəfindən qaz sayğacı yoxlanılırdı. Yoxlamalar zamanı ilk öncə işçilər xəbərdar edir, sonra isə borulara və sayğaca baxış keçirirdilər. Bu baxış zamanı isə Cavabdeh işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq, çox vaxt həmin işçinin yanında olmur və öz işləri məşğul olurdular. Bu yoxlamaların nəticəsində isə yaşadıqları evin qaz sayğacında heç bir problem yaşanmadığı və hər şeyin düzgün olduğu bildirilirdi. Yəni evin qaz sayğacında heç bir pozuntu aşkar edilməmiş və heç bir pozuntu barədə xəbərdarlıq edilməmişdir. Lakin iddiaçının və ailə üzvlərinin evin qaz sayğacı ilə bağlı tərtib edilmiş aktdan daha sonralar xəbərdar olmuşdur. Belə ki, Cavabdeh işçiləri tərəfindən aparılan yoxlanışlardan birində, 14 fevral 2023-cü il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan işçilər tərəfindən qanunsuz olaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin qanunvericiliyə əsasən bu akt istehlakçının yanında tərtib olunaraq bir nüsxəsi təqdim edilməli olsa da, bu aktdan tərtib olunduğu gündən çox sonra, 10 gün öncə, yəni 18 mart 2024-cü il tarixdə xəbərdar olmuşlar. Buna görə də iddiaçı bu aktı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Bu akt qanunsuz və əsassız olduğuna görə və iddiaçının bu aktla bağlı məhkəməyə müraciət etməməyinə görə iddiaçıya təqdim olunmamışdır. Belə ki, bu qanunsuz akt tərtib olunduqdan sonra qaz sayğacının smart kartından tutulmalar edilməyə başlanıldı. Yüklənilən məbləğlərin yarısı tutulurdu. İddiaçı bunun hər hansı təmir-tikinti ilə bağlı olduğunu düşünmüşdür. Lakin üzərindən bir neçə gün keçdiyinə və qış ayları olduğuna görə qaz idarəsinə gedərək bu məsələ ilə maraqlanmağa başladı. Burada isə iddiaçıya bu məsələnin texniki problem olduğunu və həll olunacağını bildirmişlər. Lakin iddiaçıya akt barədə məlumat verməmişlər. İddiaçı isə aktın olduğundan daha sonralar bu məsələ ilə bağlı qaz idarəsinə getdikdə xəbərdar olmuşdur. Lakin bu zaman da iddiaçıya sözügedən akt yenə də təqdim olunmamışdır. Nəticədə, Cavabdeh işçiləri tərəfindən qanunsuz olaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, buna görə də evə qazın verilməsi tamamilə qanunsuz bir şəkildə dayandırılmış və bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin, çox uzun müddət bu akt təqdim edilməmişdir. Nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən “abonent sayğacdankənar qeyri-qanuni xəttdən istifadə edir” qeyd edilməklə dəymiş ziyanın ödənilməsinə dair qanunsuz şəkildə 4000 manat məbləğində cərimə hesablanmışdır. Lakin iddiaçının bütün bunlardan akt tərtib olunduğu gündən xeyli sonra xəbəri olmuşdur. Bu zaman isə akta baxdıqda istehlakçı imzası yerində “imtina edir” yazılmaqla, akta imza atmaqdan aktı alarkən imtina etdiyi qeyd edilmişdir. Aktın sonunda isə aktın bir nüsxəsinin təqdim ediləcəyi qeyd edilmişdir. Aktın bir nüsxəsi təqdim edilsə də, bu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən çox sonra baş vermişdir. Yəni iddiaçı aktdan qanunvericiliklə nəzərdə tutulan müddət ərzində xəbərdar olmamışdır. Həmçinin akt iştirakı olmadan tərtib edilmişdir. Bu da qanunvericiliyə ziddir. Bütün bunlara görə də iddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Həmçinin qaz sayğacına heç bir müdaxilə etməmişdir. Əgər belə bir hal olsa idi, demək olar ki, hər gün olan yoxlanışlardan sonra iddiaçıya bu barədə məlumat verilərdi. Lakin iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Həmçinin Cavabdeh əməkdaşlarının tərtib etdiyi aktın həqiqiliyini sübut edən heç bir vasitə yoxdur. Lakin burada akt tərtib olunarkən sübutlara əsasən tərtib olunmalı və bunlar da istehlakçıya izah edilməli idi. Lakin bunlar olmadığına görə də akt qanunsuz olaraq tərtib edilmişdir. İddiaçıya akt təqdim olunmadığına və smart kartdan tutulmalar edildiyinə görə ailə üzvləri daimi olaraq qaz idarəsinə gedirdilər. Lakin bundan sonra da təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı iddiaçıya təqdim etməmişlər. Bu aktı yalnız tərtib edildiyi vaxtdan təqribən 1 il sonra, yəni 18 mart 2024-cü il tarixdə təqdim etmişlər. Bu akta əsasən iddiaçıya 4000 manat məbləğində borc hesablanmışdır. Bu isə tamamilə qanunsuz və əsassızdır. Çünki bununla bağlı heç bir əsas və sübut təqdim olunmamışdır. İddiaçının təbii qazdan istifadə qaydalarının pozduğuna dair heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən Cavabdeh işçiləri tərəfindən tərtib olunan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2958/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********00050 saylı abunə koduna xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə hesablanmış 4000 (dörd min) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və Cavabdeh İB-dən 60 (altmış) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ******* saylı xx.xx.2023-cü tarixli akta əsasən iddiaçının borcu 4147,20 manat təşkil edir. Cavabdeh tərəfindən ******* saylı, xx.xx.2023-cü tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. İş materiallarından göründüyü kimi İddiaçı **********00050 saylı abunə hesabına ******* saylı, xx.xx.2023-cü tarixli akt üzrə itirilmiş qazın bərpası üçün 4147,20 manat borcun hesablanması göstərilsə də, iddia ərizəsində 4000 manat borcun silinməsi tələb edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbindən kənara çıxmayaraq, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarılmalıdır. Çünki fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, İddiaçı **********00050 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 4000 (dörd min) manat borc silinməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvan 3 ünvanında sayğaca baxış keçirərkən, sayğacdan kənar qeyri-qanuni xətt (video görüntü və fotoşəkillər təqdim edilmişdir) aşkarlamış, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdanistifadə qaydalarının pozulması haqqında” akta əsasən Sumqayıt QİS-nin əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00050 nömrəli abonent koduna 34560 m3 - 4147.20 məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı abonent koduna hesablanmış 4147.20 manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

17. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

18. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

19. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

23. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunun aşkar olunaraq ona məlumatı və iştirakı olmadan tərtib olunmuş xx.xx.2023cü tarixli, ******* saylı akt əsasında əlavə qazdan istifadə nəticəsinə görə borc yazıldığına istinad edərək həmin aktın ləğv olunaraq borcun silinməsini xahiş edir.

33. Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmışdır.

34. 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486 VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1ci maddə əlavə edilmişdir;

35. “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”

36. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

37. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Kollegiya qeyd edir ki, istehlakçının qaz sayğacına müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması iddia tələbinin rədd edilməsi üçün əsas olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə əsaslı olmuşdur.

39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2958/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2958/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar