Məhkəmə qərarları › İş №2(105)-1361/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1361/2022

31.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1361/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(060)-4112/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4112/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında Y-490 nömrəli, 07.12.2018-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(060)-4112/2021 saylı qərardadı ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4112/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(060)-4112/2021 saylı qərardadının ləğv olunması, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4112/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsini ona rəsmi olaraq göndərilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmənin 24 yanvar 2022-ci il tarixli məktubunda qətnamənin 31 avqust 2021-ci il tarixində qızı Sarıgül tərəfindən qəbul edildiyi göstərilmişdir. Bununla bağlı qızından soruşduqda məktubu qəbul etdiyini və həmin zamanlar münasibətləri pisləşdiyindən məktubu ona təqdim etməyərək atdığını bildirmişdir. Bu səbəbdən iddiaçı həmin qətnaməni əldə edə bilməmişdir. Göstərilənlər nəzərə alınmaqla şikayət təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(060)-4112/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(060)-4112/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunda göstərilən apellyasiya şikayətinin verilmə müddətinin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsində yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 16.04.2021-ci il tarixdə müraciət etmiş, iş üzrə məhkəmə iclaslarında, o cümlədən yekun məhkəmə aktının qəbul edildiyi məhkəmə iclasında, nümayəndəsi və vəkili (Vəkil) onu təmsil etmiş, qətnamə tərəflərin iş materiallarında olan ünvanlarına göndərilmiş, həmin qətnaməsin surəti 31 avqust 2021-ci il tarixdə İddiaçı qızı Sarıgül tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin keçən müddət ərzində qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə ərizədə iddiaçı müddətin buraxılmasının səbəbinin üzürlü olmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. O, yalnız qətnaməni alan qızı Sarıgül ilə münasibətlərinin yaxşı olmamasını əsas gətirmişdir ki, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi halı əsaslı hesab etmir. Göründüyü kimi qətnamə qəbul edildiyi vaxtdan təxminən 7 ay sonra iddiaçı müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda istinad edilən normalara istinad edərək, hesab edir ki, iddiaçı tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi hər bir halda qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(060)-4112/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar