Məhkəmə qərarları › İş №2(105)-1366/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1366/2022

14.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1366/2022 14.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1876/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1876/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mkr, M.Abdullayev küçəsi, 80A saylı binanın, 233 saylı mənzilinə (Abunə kodu: **********12330) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1455,20 manat borcun silinməsi qət edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ******* saylı, xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanaraq **********12330 saylı abonent koduna vurulmuş 1455,20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" MTK-dan ******* saylı müqavilə əsasında payçı qismində M.Abdullayev küçəsi, bina 80A, 13-cü mərtəbədə yerləşən 233 nömrəli mənzili əldə etmişdir. Ona qədər isə mənzildə X6 payçı olaraq yaşamışdır. Cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən **********12330 saylı abonent koduna 2018-ci ildə 1455,20 manat cərimə tətbiq edilmişdir. Mənzili əldə edərkən həmin borc barədə məlumatı olmamışdır. Sonradan qaz təchizatına görə ödədiyi vəsaitin 50 faizinin silinməsini müəyyən etdikdə Sumqayıt RQİİ-yə gedərək məsələni aydınlaşdırmağa çalışmış və abonent kodunu öz adına rəsmiləşdirmək istəmişdir. İdarədə ona sayğaca görə yazılmış 1455,20 manat borc olduğu, müəyyən hissəsinin onun ödədiyi vəsaitin yarısının tutulması nəticəsində silindiyi, abonent kodunda ad dəyişikliyi olduqda isə həmin borcun onun adına keçiriləcəyi bildirilmişdir. Bununla razılaşmadıqda idarədən ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin tam ləğv edilməsinə əsasdır. Belə ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********12330 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş və aktda sayğacda qeyd olunan nöqsan, yəni sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, baxış məqsədi ilə hesablama mexanizminin qoruyucu plastmas örtüyü açıldıqda, daxildə kənar təsir izinin aşkar olunduğu yazılmışdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2018-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 141 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 141 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 7276 m3 x 0,20 qəpik = 1455,20 manat hesablanmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 1455,20 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2018-ci ilin iyun ayından abonent saldosunda qeyd edilmişdir. Bu da onu göstərir ki, abonentin məlumatı olmuş, lakin qeyd olunan iddia tələbi ilə bağlı vaxtında məhkəməyə müraciət etmədiyi üçün iddia müddəti keçmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı kimi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı payçı müqaviləsinin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsində inşa edilmiş 80A saylı binanın, 233 saylı, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, Xatirə Babayevanın yaşadığı Sumqayıt şəhəri, 10-cu mkr, 80A saylı evin, 233 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, Xatirə Babayevanın yaşadığı Sumqayıt şəhəri, 10-cu mkr, 80A saylı evin 233 saylı mənzilinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, baxış məqsədi ilə hesablama mexanizminin qoruyucu plastmas örtüyü açıldıqda daxildə kənar təsir izinin aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 13 avqust 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair hesabatının surətindən görünür ki, Xatirə Babayevanın yaşadığı Sumqayıt şəhəri, 10-cu mkr, 80A saylı evin 233 saylı mənzili üzrə (abonent kodu **********12330) itirilmiş qazın sərfiyyatı 7276 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, X4 yaşadığı Sumqayıt şəhəri, 10-cu mkr, 80A saylı evin 233 saylı mənzil üzrə akta görə borc 1455,20 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzildə qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, baxış məqsədi ilə hesablama mexanizminin qoruyucu plastmas örtüyü açıldıqda, daxildə kənar təsir izinin aşkar olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətində ******* saylı, xx.xx.2018-ci il tarixli aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas örtüyü açıldıqda, daxildə kənar təsir izinin aşkar olunduğunu göstərmişdir. Halbuki təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, baxış məqsədi ilə hesablama mexanizminin qoruyucu plastmas örtüyü açıldıqda daxildə kənar təsir izinin aşkar olunmadığı müəyyən edilmişdir. Cavabdeh təşkilat iddiaçının iddia tələbi ilə bağlı vaxtında məhkəməyə müraciət etmədiyi üçün iddia müddətinin keçdiyini qeyd etmişdir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı kimi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı payçı müqaviləsi ilə müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsində inşa edilmiş 80A saylı binanın, 233 saylı, 2 otaqlı mənzilə pay hüququnu xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Göründüyü kimi, iddiaçı üç illik iddia müddətini ötürməmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1876/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar