Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1366/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı Etibar oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Etibar oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı nisyə alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1213/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Babayev) iddianın təmin edilməsi, İddiaçı Etibar oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və hüquqi nəticələri aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı Etibar oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Etibar oğlu iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC ilə aralarında olan 25 noyabr 2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən müqavilənin ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 25 noyabr 2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, “TAUBE TB55S2RBK 4K UEİD” markalı, satış qiyməti 630 manat olan televizor ona satılmışdır. Müqaviləyə əsasən ilk olaraq 30 manat tərəfindən ilkin ödəniş edilmiş və borclu qaldığı 599.99 manat məbləğin hər ay 100 manat ödənilməklə, 6 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. “TAUBE TB55S2RBK 4K UHD” markalı televizoru alıb Quba rayonu, Zərdabi kəndində yerləşən evinə quraşdırdıqdan 2 saat sonra televizorun daxili, gözlənilməyən və gözlə görünməyən qüsurların olduğu aşkara çıxmışdır. Belə ki, televizorda xətlər yarandıqdan sonra onun sağ küncündə ləkələr yaranmışdır. Təbii ki, bu istismar qüsurudur. Bu barədə müqavilənin 3.2.8-ci bəndinə əsasən rəsmi servis mərkəzinə dərhal məlumat verilmiş, xx.xx.2023-cü il tarixdə isə televizor təhvil verilmişdir. Bu günə qədər televizor Quba fılialındadır. Cavabdehin ona satdığı qüsurlu televizor nəticəsində o ziyana düşmüşdür, hüquqları pozulmuşdur. MKR-də adına gecikmə düşmüş, kredit almaq imkanından məhrum olmuşdur. Cavabdeh MMC-tərəfindən 25 noyabr 2023cü il tarixli Nisyə alqı- satqı müqaviləsini 3 gün ərizində ləğvini və ödənilmiş 30 manat ilkin ödənişin geri qaytarılması barədə pretenziya məktubu cavabdehə göndərilmiş, cavabdeh ona əsassız cavab göndərmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, müddətli alqısatqı müqaviləsinin 3.1.2-ci bəndinə əsasən satılan mal yoxlanılıb təhvil verilmiş və müqavilənin 3.2.7-ci bəndinə əsasən mal yoxlanılıb qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə servis mərkəzi tərəfindən cihaz qəbul olunmuşdur. Təhvil verilmiş cihaz şirkətin mütəxəssisləri tərəfindən yoxlanılmış və texniki rəy verilmişdir. Rəyə əsasən cihazda mexaniki və fiziki zədələr aşkar olunmuşdur. Təqdim olunmuş zəmanət talonun 4-cü bəndinə görə şəxsi istifadə üçün nəzərdə tutulan məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədələrə görə şirkət zəmanət vermir. “Taube TB55S2RBK 4K UHD" televizor aparatının qüsurları, keyfiyyətsizliyi ona sonradan məlum olmuşdur. Cihaz ilk gündən etibarən qüsurludur və heç bir formada qüsuru aradan qaldırılmamaqla hələ də istifadəyə yararsız haldadır. Cihaz hələ də cavabdehin özündədir. Hazırda isə müxtəlif bəhanələrlə ödənilən vəsait qaytarılmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Quba Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan mülki iş üzrə tam ətraflı şəkildə araşdırma aparmadan yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, məhkəmə qətnamənin 4-cü vərəqinin 6-cı abzasında obyektiv vəziyyəti düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 596.1-ci maddəsinə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə Cavabdeh MMC ilə İddiaçı Etibar oğlu arasında bağlanılmış müddətli alqı-satqı müqaviləsinin predmeti olan əşya ilə bağlı keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğunu əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmə tərəfindən düzgün, obyektiv, hərtərəfli araşdırılma aparılmamış, Cavabdeh MMC tərəfindən təqdim edilmiş sübutlar gözardı edilərək, cavabdehin şifahi, heç bir sübut təqdim etmədən yalnız izahatına əsaslanaraq qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən verilmiş servis rəyinə əsasən, “Taube” markalı televizorun təmir üçün Cavabdeh MMC-nin Servis Mərkəzinə təqdim olunması zamanı cihazda fiziki zədələrin aşkar olunduğu qeyd olunmuşdur. Bu isə iddiaçının istehsalçı qüsuru olduğunu iddia etdiyi nasazlıqların fiziki zədə ucbatından baş verə biləcəyinə əsas gətirir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Etibar oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının müvafiq əqddən imtina etmək hüququnun olmasına əsas verən halların müəyyən edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 6 ay müddətinə 630 manat dəyərində “TAUBE TB55S2RBK 4K UEİD” markalı televizorun alınması üçün İddiaçı ilə "xxxx" MMC arasında müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 581.1, 587.2.1, 588.2-ci maddələri təşkil edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). İşdən göründüyü kimi "xxxx" MMC İddiaçı müqaviləyə uyğun gələn əşyanı verməyə borclu olduğu halda, buna əməl etməmiş, alqı-satqı müqaviləsinə uyğun keyfiyyətli əşyanı iddiaçıya verməmiş, nəticədə sonuncu aldığı məhsulu "xxxx" MMC qaytarmaqla müqavilənin ləğvini tələb etmişdir. Həmçinin işdən müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə aldığı məhsulu növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin texniki servis mərkəzinə təqdim etmiş və aldığı “TAUBE TB55S2RBK 4K UEİD” markalı televizorda xətlər əmələ gəldiyi, sonra sağ yuxarı küncündə qara ləkələrin əmələ gəldiyi barədə bildirmişdir. Qeyd olunan hal müştəri müraciətinə dair № ********* sənədlə də öz təsdiqini tapmışdır. Cavabdehin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş texniki rəydə ekranda xətlər əmələ gəldiyi iddia olunan qüsurun cihazda mexaniki və fiziki zədələrdən əmələ gəldiyi kimi göstərilib. Lakin iddia olunan qüsurla bağlı məhsula baxış keçirilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Bu həm də onun üçün zəruridir ki, qeyd olunan qüsurun məhsulun istehsal qüsuru, yoxsa məhsulun yoxlanılaraq alıcıya verildiyi vaxtdan sonra sonuncunun həmin əşyaya hər hansı müdaxiləsi nəticəsində əmələ gəldiyini müəyyənləşdirilməsinə də obyektivliyi təmin etmiş olur. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (Mülki Məcəllənin 581.1., 587.2.1-ci maddələri). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları; lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 1, 2, 3, 4-cü bəndləri). Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtinə əsasən cavabdeh iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun mal satmamaqla üzərinə düşən öhdəliyi lazimi qaydada yerinə yetirmədiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və nəticədə İddiaçı ertəsi günü məhsulu cavabdehə qaytarmaqla müqavilənin ləğvini tələb etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1366/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1366/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver