Məhkəmə qərarları › İş №2(105)-1367/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1367/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1367/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1299/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 noyabr 2022-ci il tarixli, 283307 №-li akta əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanındakı abonent kodu **********17369 olan İddiaçı məxsus sayğaca baxış zamanı abonent sayğaca daxil olan 0 farasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırmışdır.

2. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (abonent kodu **********17369) elektrik enerjisindən istifadəyə görə 487.58 manat borc yazılmışdır. Ümumi borcun 468,52 manat hissəsi cərimə borcu, qalan hissəsi isə debitor borc təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən **********17369 abunə koduna hesablanmış 487.58 (dörd yüz səksən yeddi manat, əlli səkkiz qəpik) manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 1-də yaşayır. Ona məxsus **********17369 abonent koduna 487.58 (dörd yüz səksən yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində borc yaranmışdır. Həmin borcun hansı səbəblə yazılması barədə heç bir məlumatı yoxdur. Bununla bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Onun müraciətindən sonra 04 noyabr 2022-ci il tarixdə tərtib edilmiş akt verilmiş və həmin aktın yazılmasına səbəb E.E.İ.Q-yə uyğun sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent sayğaca daxil olan 0 farasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırılması göstərilmişdir. İddiaçı həmin akt və tərtib edilmiş cərimə pulu ilə qəti şəkildə razı deyildir. İddiaçı sayğaca müdaxilə etməmişdir. Sərf etdiyi enerjiyə görə hər ay vaxtlı-vaxtında ödəniş etmiş, sayğaca baxış keçirilən zaman guya tərəfindən müdaxilə olunduğu üçün onu cərimə ilə yüklü etmişdirlər. Bu ciddi məsələnin həllindən ötrü məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1299/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli, 283307 №-li akta əsasən hesablanan 468,52 manat cərimə borcunun 315 manat hissəsinin **********17369 saylı abonent kodundan silinməsi, cavabdeh "xxxx" ASC–dən dövlət rüsumuna görə 30 manatın tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 04 noyabr 2022-ci il tarixli, 283307 №-li aktın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanındakı abonent kodu **********17369 olan İddiaçı məxsus sayğaca baxış abonent sayğaca daxil olan 0 fazasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırmışdır. İddiaçı ünvan 1 ünvanındakı abonent kodu **********17369 olan sayğac üzrə 04 noyabr 2022-ci il tarixli, 283307 №-li akt əsasında 468,52 manat cərimə borcu hesablanmışdır. Cərimə borcunun məbləği abonentin elektrik enerjisindən aylıq istifadə üzrə reallığa uyğun olmadığından üç aylıq 468,52 manat cərimə borcunun 315 manat hissəsi **********17369 saylı abonent kodundan silinməli, iddia qismən təmin edilməlidir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri ilə əsaslandırmışdır.

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş aktda göstərilən pozuntunun təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuş, həmçinin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olmuşdur. Belə ki, qətnamədə də qeyd edildiyi kimi iddiaçının özü tərəfindən təqdim edilmiş R İ283307 saylı aktın məhkəmə tərəfindən təhlili zamanı iddiaçının elektrik enerjisi qaydalarını pozmaqla kənar xətdən istifadə etməsi aydın görsənir. Qeyd edilən fakt məhkəməyə təqdim edilən invoysda (saldo) öz əksini tapmışdır. Lakin talanan elektrik enerjisinin dəyərinin ödənilməsinə maneçilik yaradan sözügüdən qətnamə çıxarılaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Göründüyü kimi məhkəmə gəldiyi qərarı ilə akta əsasən hesablanmış (talama faktını) borc məbləğini lazımınca araşdırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cərimə borcunun məbləği abonentin elektrik enerjisindən aylıq istifadə üzrə reallığa uyğun olmadığından üç aylıq 468.52 manat cərimə borcunun 315 manat hissəsi **********17369 saylı abonent kodundan silinməli, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya taladığı elektrik enerjisinə görə cavabdeh tərəfindən 153.52 manat cərimə tətbiq edilməli idi. Tətbiq edilən cərimənin 468.52 manat olduğunu nəzərə alsalar, 315 manatın əsassız yazıldığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Əslində isə məhkəmə qətnaməsi ilə özünün birtərəfli mövqeyini nümayiş etdirərək, talama faktını yox kimi hesab etmiş, "xxxx" ASC-yə dəymiş ziyanı əhəmiyyətli dərəcədə kiçildərək, elektrik enerjisini talama müddətini çox kiçik bir müddətə uyğun olaraq hesablamışdır. Əslində isə "xxxx" ASC-nin əməkdaşları haqlı olaraq akt tərtib etmiş və həmin akta əsasən haqlı olaraq dəymiş ziyan hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrikenerjisindən istifadə Qaydaları”nda (bundan sonra EEİQ) dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 155 nömrəli Qərarının 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi EEİQ-nın tələblərinə əsasən, "xxxx" ASC əməkdaşlarının tərtib etdiyi akta əsasən dəymiş ziyan (talamanın) məbləğinin hesablanması tamamilə əsaslıdır. Lakin nədənsə məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən bu normanın tələblərinə nəinki əsaslanmamış, hətta görməzdən və bilməzdən gələrək həmin normanı yox kimi hesab edərək, məhkəmə özlüyündə dəymiş ziyanı hesablamaq üçün düstur tərtib etmiş və öz düsturuna əsasən, iddiaçı tərəfindən elektrik enerjisinin talaması nəticəsində "xxxx" ASC-yə dəymiş ziyanın 153.52 manat olmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, EEİQ-nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki hal şahidi tərəfindən imzalanmalıdır. EEİQ-na yuxarıda qeyd edilən dəyişikliyə əsasən, məhkəmənin əsaslandığı 8.33-cü bəndi ləğv edilmişdir. Əvəzində isə həmin Qaydaların 8.17-2-ci bəndi – enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci (istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda) bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır bəndi əlavə edilmişdir. Edilən dəyişikliyə əsasən, "xxxx" ASC əməkdaşları tərəfindən tərtib edilən aktın tamamilə qanuni və əsaslı olmasının bariz nümunəsidir. Mülki qanunvericiliyin tələblərinə əsasən, qətnamənin əsaslandırıcı hissəsi ilə yekun hissəsi uyğunsuzluq təşkil etdikdə həmin qətnamənin ləğvi üçün yetərli haldır. Bundan başqa məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə cərimə borcu tətbiq edilərkən abonentə yuxarı həddə, yəni 468.52 manat çox cərimə tətbiq etmişdir ki, bu da qanunsuzdur. Məhkəmənin qanunsuz hesab etdiyi 468.52 manat çox cərimə məbləği EEİQ-nın yuxarıda qeyd edilmiş 8.17-1-ci bəndinə əsasən tamamilə qanuna müvafiqdir. Lakin məhkəmə 468.52 manat çox cərimə məbləğini nə üçün qanunsuz hesab etməsinə dair qəbul etdiyi qətnamədə heç bir əsaslandırıcı fikir ortaya qoymamışdır. Bundan başqa, məhkəmə qəbul etdiyi qətnaməsi ilə 315 manat cərimə məbləğini silməklə bu cür halların, yəni elektrik enerjisinin talanmasının geniş vüsət almasına dolayısı ilə şərait yaratmış olur. Belə ki, qanunvericiliyin normalarını pozmağa meyilli olan şəxs yüksək məbləğdə cərimə ödəyəcəyindən ehtiyat etməyərək dövlətin elektrik enerjisini talamaqda davam edəcəkdir. Qətnamə qanunu pozan vətəndaşın islah edilməsi üçün maneə olduğundan, eləcə də prosessual və maddi hüquq normalarını pozmaqla qəbul edildiyindən ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 8. Enerji resurslarının, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər

3. Hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”

1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, 04 noyabr 2022-ci il tarixli, 283307 №-li aktın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanındakı abonent kodu **********17369 olan İddiaçı məxsus sayğaca baxış zamanı abonent sayğaca daxil olan 0 farasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırmışdır

20. Mülki iş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (abonent kodu **********17369) elektrik enerjisindən istifadəyə görə 487.58 manat borc yazılmışdır.

21. Abunə haqqında məlumat cədvəlindən görünür ki, abonent kodu **********17369 olan İddiaçı məxsus sayğac üzrə 487.58 manat ümumi borcun 468,52 manat hissəsi cərimə borcu, qalan hissəsi isə debitor borc təşkil edir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf deyil, cavabdeh özü daşıdığından, o cümlədən sayğacın dövriyyədən kənarlaşdırılmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə tələb əsaslı olmuşdur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

25. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1299/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar