Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1369/2023 24.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(012)-462/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20170806 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” üçün Cavabdeh 1864,80 manat ödənilməmiş hissə, 186,20 manat dəbbə pulu olmaqla ümumilikdə 2051 manat borcu vardır.
3. İş materiallarında olan 07 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən “Hansa Soba” xx.xx.2020-ci il tarixdə təhvil alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə görə, “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” üçün 1864,80 manat ödənilməmiş hissə, 186,20 manat dəbbə pulu olmaqla, cəmi 2051 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,51 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Hansa Soba, “Samsung Led TV”, “Sonorous Asqı” almış və nəticədə 2051 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və müqavilədə qeyd olunan əşyaların ümumi dəyəri kimi 1864,80 manat ödənilməmiş hissə, 186,20 manat dəbbə pulu olmaqla cəmi 2051 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 25 yanvar 2023-cü il tarixli, 2(012)-462/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli, 20170806 saylı müqaviləyə əsasən, “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” üçün 1864,80 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 1874,80 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,51 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 20170806 saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab etmişdir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gələrək, xx.xx.2020-ci il tarixli, 20170806 saylı müqaviləyə əsasən, “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” üçün hesablanmış 186,20 manat məbləğində cərimə borcunun azaldılaraq, həmin məbləği 10 manat müəyyən etmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia əsassız və qanunsuzdur. Belə ki, "xxxx" MMC-dən xx.xx.2020-ci ildə “Hansa Soba”, “Samsung Led TV” və “Sonorous Asqı” kreditlə almışdır. Alqı-satqıdan 3 gün sonra avadanlıqlarda müəyyən nasazlıqlar olduğu üçün geri qaytarmaq qərarına gəlmiş, bu barədə iddiaçıya müraciət etmişdir. İddiaçı tərəf “Hansa Soba”nı təhvil aılmış, digər əşyaları da təhvil alacaqlarını bildirmişlər. Lakin aradan müəyyən müddət keçməsinə baxmayaraq, hər dəfəsində müxtəlif bəhanələr gətirərək əşyaları gəlib təhvil almamışlar. Yuxarıda adıçəkilən “Hansa Soba”-nın təhvil təslim aktı apellyasiya şikayətinə əlavə olunmuşdur. İddiaçının etinasız yanaşaraq, qərəzli şəkildə əşyaları gəlib vaxtında geri təhvil almadığı üçün hazırda ondan istismara yararsız, istifadəsində olmayan əşyalara görə pul tələb edirlər. Məhkəmə bu hallara qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən ona məhkəmə iclasları barədə məlumat verilməmiş, nəticədə o məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. İşə baxan məhkəmə yalnız iddia ərizəsində qeyd olunanlara uyğun qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, şikayət əsaslıdır. İşə baxan məhkəmə lazımi qaydada araşdırmadan əsassız qətnamə qəbul etmişdir. İddia ərizəsində qeyd olunan əşyalar qüsurlu olduğundan, o əşyaları iddiaçıya qaytarmaqla bağlı müraciət etmişdir və həmin əşyalardan “Hansa Soba”-nı iddiaçıya təhvil vermiş, bu barədə təhvil-təslim aktı da mövcuddur. Digər əşyaları isə iddiaçı tərəf təhvil alacaqlarını bildirsələr də, qərəzli şəkildə yubatmış və hazırkı iddia ilə əsassız şəkildə həmin əşyaların dəyərini tələb edirlər. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qismən qəbul edərək bildirmişdir ki, cavabdehlə qismən razılığa gəlmişlər. Belə ki, dəyəri 903 manat olan “Hansa Soba” ya dair iddianın təmin edilməməsinə etirazları yoxdur. Qalan iki məişət əşyasının isə pulunu tələb edirlər. Ona görə də apellyasiya şikayətinin qismən təmin olunmasına etiraz etmir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(012)-462/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “Hansa Soba”-ya aid hissədə ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.
20. Öyrənilən mülki işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi (və 1 saylı əlavə) bağlanmış, həmi müqaviləyə əsasən cavabdeh aldığı “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” markalı məişət əşyalarının dəyərini ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür
21. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” əşyalar verilmiş və həmin əşyaların ümumi dəyəri kimi 1864,80 manat məbləğin qrafik üzrə ödənilməsi razılaşdırılmışdır ki, bu hissə işin mübahisəsiz halını təşkil edir. Apellyasiya şikayətinin dəlillərindən isə məlum oldu ki, cavabdeh əşyaları təhvil aldıqdan qısa müddət sonra (xx.xx.2020-ci il) “Hansa” markalı sobanı, iddiaçıya qaytarmışdır. Bu barədə tərəflərin imzası ilə təstiq olunan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı mövcuddur.
22. Lakin iddiaçı hazırkı tələbində cavabdehdən dəyəri tutulmalı əşyalar sırasında “Hansa” markalı sobanı da qeyd etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iş üzrə tam araşdırma aparmamış, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, başqa sözlə yuxarıda qeyd olunan faktı aşkar etməmiş və iddianı qeyd olunan əşyaların hər üçünə aid hissədə təmin etmişdir ki, kollegiya birinci instansiya məhkəməsinin bu barədə mövqeyini qəbul etmir və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Apellyasiya kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, iddiaçı həmin müqavilənin predmeti olan əşyaları cavabdehə verməyi, cavabdeh isə əşyaların müqavilə üzrə razılaşdırılmış dəyərini aylıq ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qeyd olunan əşyalar eynitarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Cavabdeh isə apellyasiya şikayətində qeyd edir ki, müqavilə predmeti olan hər üç əşya qüsurlu olduğundan o əşyaların iddiaçıya qaytarılması barədə sonuncuya müraciət etdiyini, həmin əşyalardan “Hansa” markalı sobanı xx.xx.2020-ci il tarixdə iddiaçıya qaytardığını, digər əşyaların isə iddiaçı tərəfindən təhvil alınacağına dair iddiaçının vədinə əsasən gözlədiyini bildirmişdir.
24. Məhkəmə hesab edir ki, müqavilə üzrə tərəflərin qarşılıqlı öhdəlikləri iddiaçı tərəfindən əşyaların təhvil verilməsindən, cavabdeh tərəfindən isə həmin əşyaların dəyərinin ödənilməsindən ibarətdir. Cavabdehin apellyasiya şikayəti “Hansa” markalı sobaya aid hissədə öz təstiqini tapsa da, digər əşyalara aid hissədə qeyd olunanlar formal mülahizələrdən irəli keçməmişdir. Belə ki, cavabdeh digər əşyaların da qüsurlu olması səbəbindən iddiaçıya qaytarılmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarında sözügedən əşyaların iddiaçıya qaytarılmasını təstiq edən heç bir sənəd mövcud olmadığı kimi, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə cavabdeh tərəfin qanunauyğun şəkildə heç bir təşəbbüsü iş materialları ilə təstiq olunmur.
25. Sadalananların yekunu olaraq apellyasiya kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “Hansa Soba”-ya aid hissədə ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən müəyyən olunur ki, müqavilə predmeti olan “Hansa Soba”-nın dəyəri 903.60 manat təşkil edir.
27. Beləliklə apellyasiya kollegiyası qeyd edir ki, iddiada qeyd olunan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Hansa Soba”, “Samsung Led TV”, “Sonorous Asqı” əşyaların ümumi dəyəri olan 1864,80 manat məbləğdən “Hansa Soba”-nın dəyəri olan 903.60 manat çıxılmaqla yerdə qalan pul Cavabdeh tutularaq "xxxx" MMC-yə verilməlidir.
28. Kollegiya onu da qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(012)-462/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 903,60 manat (dəyəri 903 manat, 60 qəpik olan “Hansa Soba”ya münasibətdə) hissəsinə münasibətdə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə, yəni cəmi dəyəri olan 971.20 (doqquz yüz yetmiş bir manat 20 qəpik və 40.51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.