Məhkəmə qərarları › İş №2(105)-137/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-137/2021

23.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-137/2021 23.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh Söhbət qızının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Söhbət qızına qarşı dövlətin müstəsna mülkiyyətində olan Xəzər dənizinin sahilboyu zolağında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-292/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh Söhbət qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-292/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Söhbət qızı tərəfindən dövlətin müstəsna mülkiyətində olan Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində əhaliyə iaşə xidmətlərinin gösətrilməsi məqsədi ilə “Neptun” ailəvi istirahət mərkəzində müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir. (E.Məmmədov) Qətnamədən Cavabdeh Söhbət qızı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-292/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(105)-197/2019 saylı qətnaməsi ilə Cavabdeh Söhbət qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06.02.2018-ci il tarixli, 2(060)-292/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 50 manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(102)7644/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(105)-197/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Söhbət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Söhbət qızı tərəfindən dövlətin müstəsna mülkiyyətindəki Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində əhaliyə iaşə xidmətlərinin göstərilməsi məqsədilə müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Agentlik tərəfindən Xəzər dənizinin 20- 50 metrlik zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı “Neptun” ailəvi istirahət mərkəzində keçirilən növbəti monitorinq zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyəti Başçısının 03.05.1999-cu il tarixli, 282 saylı Sərəncamı ilə “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində 142 metr zolaq əhaliyə xidmət məqsədilə istirahət guşəsi yaratmaq üçün Sumqayıt şəhər Bələdiyyəsinin 20.12.2002-ci il tarixli, 62 nömrəli protokolu ilə vətəndaş Cavabdeh Söhbət qızının istifadəsinə verilmişdir. Həmçinin aparılan monitorinq zamanı qeyd edilən sənədlər əsasında Cavabdeh Söhbət qızı tərəfindən bələdiyyə qərarında torpaq sahəsinin göstərilən ölçüsündən (142 metr enində zolaq və 24000 kv.m) az, yəni 14200 kv.m torpaq sahəsindən istifadə edildiyi, həmin torpaq sahəsi üzərində cavabdehin hüququnun dövlət qeydiyyatına alınması barədə sənədinin olmadığı, torpaq sahəsinin tamet daşları və beton örtüklə döşəndiyi, üzərində daşdan tikilmiş 120 kv.m olan mətbəxin, 175 kv.m olan ikimərtəbəli otelin, taxta və parça materiallarından quraşdırılmış sahələri 60 kv.m və 96 kv.m olan 2 ədəd yarıqapalı iaşə-xidmət köşklərinin, sahəsi 230 kv.m olan hovuzun, sahəsi 240 kv.m olan taxta, şifer və dəmir profillərdən quraşdırılmış tikilinin (iaşə xidmət sahəsinin) və s. köməkçi tikililərin inşa edildiyi müəyyən edilmişdir. Eyni zamanda “Neptun” ailəvi istirahət mərkəzində dövlətin müstəsna mülkiyyətindəki və Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan 2200 kv.m torpaq sahəsinin qanunsuz olaraq istifadə edildiyi və orada əhaliyə iaşə və çimərlik xidmətlərinin göstərilməsi məqsədilə taxta və dəmir materiallardan istifadə edilməklə 80 ədəd günəşdən qorunmaq üçün çətirlərin quraşdırıldığı faktı da müəyyən edilmiş və bu barədə 06.09.2017-ci il tarixli monitorinq aktı tərtib olunmuşdur. Cavabdeh naməlum səbəbdən aktı imzalamaqdan imtina etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46, 111-ci, Azərbaycan Respublikası Torpaq İcarəsi haqqında Qanunun 23 və 27-ci, Azərbaycan respublikası Mülki Məcəlləsinin 155 və 157-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Göründüyü kimi, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmiş və orada əsaslı təmir-tikinti işləri aparmışdır və buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Söhbət qızı apelyasiya şikayəti verərək, göstərmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03.05.1999-cu il tarixli, 282 nömrəli sərəncamı ilə “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində 142 metr zolaq Sumqayıt şəhər bələdiyyəsinın 30.12.2002-ci il tarixli, 62 nömrəli qərarı ilə, "Bakı LTD” firmasının isə razılığı nəzərə alınaraq əhaliyə xidmət məqsədi ilə istirahət guşəsi yaratmaq üçün onun adına rəsmiləşdirilmiş, bu ərazi ölçülərək ona təhvil verilmişdir. Onun tərəfindən istifadə olunan torpaq sahəsi dənizdən 60-70 metr aralıda yerləşir. O, torpaq sahəsindən təyinatı üzrə istifadə edir və həmin sahədə tikinti obyektləri tikərək əhaliyə iaşə xidmətlərini həyata keçirir. İddiaçının isə monitorinqlə bağlı tərtib etdiyi 06 sentyabr 2017-ci il tarixli akt həqiqəti əks etdirmir. Yaranmış mübahisə ilə əlaqədar mütəxəssis, habelə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər bələdiyyəsi və “Bakı LTD” firması prosesə cəlb edilməmişdir. Məhkəmə tərəfindən obyektlərin dəniz sahilindən hansı məsafədə olması müəyyən edilməli idi, məhkəmə isə bütün bunları etmədiyinə görə gəldiyi nəticə işin hallarına uyğun deyildir və məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(060)-292/2018 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh Söhbət qızının vəkili və nümayəndəsi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinın 30.12.2002-ci il tarixli, 62 saylı qərarından görünür ki, “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində 142 metr zolaq “Bakı LTD” firmasının razılığı nəzərə alınaraq əhaliyə xidmət məqsədi ilə istirahət guşəsi yaratmaq üçün Cavabdeh Söhbət qızının adına rəsmiləşdirilmişdir. Yenə iş materiallarında olan tikinti üçün torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında 30.12.2002-ci il tarixli aktdan görünür ki, Novxanı istiqamətində 142 metr zolaq boyu ərazi yerində ölçülərək Cavabdeh Söhbət qızına təhvil verilmişdir. Yenə də iş materiallarında olan 06.09.2017-ci il tarixli aktdan görünür ki, X1 Təşkili üzrə Dövlət Agentliyinin sektor müdiri X5, ƏMDK yanında 5 saylı Ərazi şöbəsinin Sumqayıt şəhəri torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş X9 və ƏMDK yanında 5 saylı Ərazi şöbəsinin məsləhətçisi X4 həmin aktı tərtib edərək “Neptun” ailəvi istirahət mərkəzində onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün bələdiyyənin qərarında göstəriləndən (142 metr enində zolaq və ya 24000 kv. metr) az, yəni 14200 kv. metr təşkil etdiyi və həmin torpaq sahəsi üzərində Cavabdeh Söhbət qızının hüququnun dövlət qeydiyyatına alınması barədə sənədin olmadığı, qeyd olunan torpaq sahəsinin tamet daşları və beton örtüklə döşəndiyi, üzərində daşdan tikilmiş sahəsi 120 kv. metr olan mətbəxin, 175 kv. metr olan ikimərtəbəli otelin, taxta və parça materiallarından quraşdırılmış sahələri 60 kv. metr və 96 kv. metr olan 2 (iki) ədəd yarıqapalı iaşə-xidmət köşklərinin, sahəsi 230 kv. metr olan hovuzun, sahəsi 240 kv. metr olan taxta, şifer və dəmir profilərdən quraşdırılmış tikilinin və s. köməkçi tikililərin inşa edildiyinin müəyyən olunması, həmçinin “Neptun" ailəvi istirahət mərkəzində dövlətin müstəsna mülkiyyətindəki və Xəzər dənizinin sahilboyu 20- 50 metrlik zolağının altında olan 2200 kv. metr torpaq sahəsinin qanunsuz olaraq istifadə edildiyi və orada əhaliyə iaşə və çimərlik xidmətlərinin göstərilməsi məqsədi ilə taxta və dəmir materiallarından ıstıfadə edilməklə 80 (səksən) ədəd günəşdən qorunmaq üçün çətirlərin (zontiklərin) quraşdırıldığı faktının da müəyyən edilməsini öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli X6 Nəzarət (VÖEN) şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh Söhbət qızı ********** VÖEN-lə 02.02.2005-ci ildən sahibkarlıq fəaliyyətilə məşğul olur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-292/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Novxanı istiqamətində Xəzər dənizinin sahilboyu 142 metr zolaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh Söhbət qızına ayrılmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsində əhaliyə iaşə xidməti göstərmək üçün müxtəlif tikinti obyektləri inşa edilmişdir (“Neptun” ailəvi istirahət mərkəzi). İddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirərkən qanunla qadağan edilmiş mühafizə zonasında ictimai-iaşə obyektlərini inşa etməsini və buna görə də həmin zonadakı tikililərin sökülməsini xahiş etmişdir. Göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Cavabdeh Söhbət qızı ilə İddiaçı (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) arasında onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. AR MPM-in 26-cı maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən hazırkı mübahisənin həlli üçün o, Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən hazırki iddia ərizəsinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq baxılmasının təmin edilməsi məqsədi ilə apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-292/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 32.4, 44.2.2, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Söhbət qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-292/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh Söhbət qızına qarşı dövlətin müstəsna mülkiyyətində olan Xəzər dənizinin sahilboyu zolağında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar