Məhkəmə qərarları › İş №2(105)-1375/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1375/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1375/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-340/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X11 İdarəsi ilə İddiaçı arasında qazın alqı-satqısı barədə 15 fevral 2023-cü il tarixli 8913 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. İddiaçı məhkəmədə iddia qaldıraraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən ona əsassız və artıq olaraq hesablanmış 4135.68 (dörd min yüz otuz beş manat, altmış səkkiz qəpik) manat məbləğində borcun (ziyanın) **********01240 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qaz istehlakçısıdır. O, həmin ünvanda yerləşən fərdi yaşayış evində 20 dekabr 2022-ci ildə kombi quraşdırmışdır. Bundan əvvəl evdə yalnız 4 göz qaz peçindən istifadə etmişlər. Kombi quraşdırılan zaman tənzimləyicinin gücü çatmadığına görə atdığı üçün tənzimləyicini açıb qaz xəttini şlank vasitəsi ilə evinin qaz xəttinə müvəqqəti olaraq qoşmuşdur. O, bundan yalnız 2022-ci ilin dekabr ayının 21-i gecə və 21-i gündüz istifadə etmişdir. Maksimum 24 saat. Qeyd edir ki, o, 2022-ci ilin dekabr ayının 22-si səhər evinin qazının bağlandığını və xəbərnamə yazılıb qoyulduğunu görmüşdür. Bundan sonra o, həmin gün Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsinin satış müdiri Təranə xanıma yaxınlaşmışdır. Təranə xanım ona heç bir ciddi problem olmadığını, narahat olmamağını bildirmiş və ona akta imza etdirmişdir. O, 2022-ci ilin dekabr ayının 22-ci tənzimləyicini yerinə bağlayaraq qazdan istifadə etməyə başlamışdır. Bu yaxınlarda Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsindən sənədləri əldə edəndən sonra ona məlum olmuşdur ki, Şabran rayonu TQQSX-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, Şabran xidmət sahəsinin əməkdaşları tərəfindən keçirilən gecə reydi zamanı abonentin fərdi tənzimləyicisinin kənar hissəsindən əlavə qoşulu vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edildi, dəymiş ziyan hesablansın və ziyanın ödənilməsi təmin edilsin. Həmin aktın əsasında X11 İstismarı İdarəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilmişdir ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x360=34560 m3. Nəticədə ona 4147.20 (dörd min qırx yeddi manat manat, iyirmi qəpik) manat məbləğində ziyan (borc) hesablanmışdır. Aktda adları qeyd olunan Şabran rayonu TQQSX-nin nümayəndələri ümumiyyətlə onun fərdi yaşayış evinə gəlməmişlər. Həmin akt Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsində tərtib edilmişdir. Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsinin əməkdaşları akt tərtib edən zaman onu evdən çağırıb onun iştirakı ilə akt tərtib etməli idilər. Lakin, bunu etməmişlər. Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsinin satış müdiri Təranə xanım öz xidməti otağnda onu aldadaraq akta imza etdirmişdir. Bundan əlavə o, tənzimləyicini çıxarmaqla təbii qazdan yalnız 2022ci ilin dekabr ayının 21-i gecə və 21-gündüz istifadə etmişdir ki, bunu da qarşı tərəfin hesablama metodu ilə hesablasaq 24 saat üçün maksimum 11.52 AZN təşkil edir. (4 m3/saat x 24 saat=96 m3. 96 m3 x Q.12AZN=11.52AZN). X10 Qaz İstismarı İdarəsi tərəfindən ona hesablanmış borcun (ziyanın) 4135.68 manatı şişirdilmiş, artıq borcdur. Cavabdeh qurumun nümayəndələri tərəfindən tərtib olunmuş aktda və tələbnamədə göstərilənlər yalandır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında ona hesablanmış borc (ziyan) əsassız və şişirdilmişdir. Sual olunur hansı fakt əsasında onun təbii qazdan 360 gün müddətində istifadə etməyi qərarına gəlmişlər? Əgər o, 360 gün qeyri-qanuni şəkildə qazdan istifadə etmişdirsə onda qarşı tərəfin əməkdaşları niyə görə vaxtında tədbir görməmişdirlər. Belə ki, hər ay evinin qaz sayğacına baxılaraq qaz pulu yazılmış və ona bu barədə bildirişlər verilmişdir. O da hər ay qaz pulunu vaxtı-vaxtında ödəmişdir.

4. Cavabdeh nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz, qurğusundan istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Şabran xidmət sahəsində qeydiyyatdadır. Abonentin sayğacının son üç ay ərzində (xüsusi ilə də qış aylarında, sentyabrda-8,40 manat, oktyabrda-3,60 manat, noyabrda-6,80 manat) hava tempraturunun aşağı düşməsinə baxmayaraq az ödəniş etməsinə görə qaz xətlərinə və qaz işlədici cihazlarına 22 dekabr 2022-ci il tarixdə saat 23-30-da Xaçmaz RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin və Şabran xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı qaz xəttinin üzərində quraşdırılmış fərdi tənzimləyicidən sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin həm fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Abonent İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı oğlk üçün 34560 m3 və ya hər kübmetr qaz üçün 12 qəpik hesabı ilə 4147,20 m3 və ya itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı iddia ərizəsində sayğacdan kənar qaz xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf edir. Lakin o itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazıdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qazdan qanunsuz, istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz, qoşulma hallarında qanunsuz xəti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması İddiaçı qaz sayğacı G-4 tipli olduğu üçün Təlimata uyğun olaraq 4 m3 x 24 saat x 360 gün (1 2 aydan çox otmayan müddət) =34560 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4135,68 manat edir. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə qanunsuz, təbii qazdan istifadəyə görə ziyan təlimata tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır. X2 öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı bir həyətdə köhnə evin 3-4 metrliyində eyni hasarın içində təzə ev tikmişdir. Onlar yeni il axşamı təzə evlərinə köçmüşlər. Onlarla yaxın qonşudur, mütəmadi olaraq bir-birlərinin evlərinə gedişgəlişləri olmuşdur. Ədalətin təzə evinə əlavə xəttin çəkildiyini görməmişdir. Yeni ildən 1-2 gün qabaq həmin evə stol-stul daşındığını görmüşdür. 6 ay qabaq təzə evin damı olmamışdır, orda qaz xəttinin olub-olmamasını bilməmişdir. Qaz İdarəsinin əməkdaşları tez-tez gecələr yoxlama keçirirlər. Hər ay da gəlib yoxlayıb bildiriş verirlər. Əgər əlavə qaz xətti olsaydı təzə evə çəkilən qaz xəttini qaz idarəsinin əməkdaşları bildiriş verərəkən və ya yoxlama apararkən görərdilər. Bildirişlər ayın 5-10 arası verilir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı ilə qonşudurlar. Aralarındakı münasibət həmişə yaxşı olmuşdur. Ədalətgil dekabr ayının 31də həyətdə təzə tikdikləri evə köçmüşlər. Həmin evə köçmələrinə o da köməklik etmişdir. Bir ildir ki, evi tikməyə başlamışlar. Təzə tikiliyə əlavə qaz xəttinin çəkilməsi barədə heç bir məlumatı yoxdur. Qaz idarəsinin əməkdaşları tərəfindən gecələr yoxlamalar keçirilir, onun da evində yoxlama aparmışlar. Hər ayın əvvəllərində bildirişlər verilir.

7. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-340/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia qismən təmin edilərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən İddiaçı əsassız və artıq olaraq hesablanmış 3939.84 (üç min doqquz yüz otuz doqquz manat səksən dörd qəpik) manat məbləğində borcun (ziyan) **********01240 saylı abonent kodundan silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 560-cı maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 106-cı maddəsinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, Şabran Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-340/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilərək iş üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Şabran XS-nin satış xidmətinin işçiləri Rəşad Cəbrayılov, Nemət Dünyamalı və Eldəniz Güləliyev xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı evə gələrək qaz sayğacına baxmış və sayğac işləmədiyinə görə abonentin qaz xəttlərinə baxış keçirmiş və abonentin təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə halı aşkar etmişlər və bu barədə müvafiq akt tərtib edilmişlər. İddiaçı heç bir irad bildirmədən həmin akta imza etmişdir. Sayğacdan kənar xətt aşkar edilərkən bütün prosesin video çəkilişi aparılmış, çəkiliş diskə köçürülmüşdür. Lakin buna baxmayaraq Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-340/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, abonent İddiaçı hesabından 3939,84 manat məbləğində borcun silinməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kombidən təzə tikilmiş evin suvaq və şpaklyovkasının quruması üçün istifadə etdiyini etiraf etsə də məhkəmə bu hala qətnamədə qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:

5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Qaz paylayıcısı və istehlakçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

21. İş materiallarında olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir. Göstərilən müqavilənin 2.3.6-cı bəndinə əsasən istehlakçı müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. İşdə olan Cavabdeh İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 34560 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur.

25. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Şabran XS-nin əməkdaşları tərəfindən keçirilən gecə reydi zamanı abonentin fərdi tənzimləyicinin kənar hissəsindən əlavə qoşulu vasitəsilə təbii qazdan qeyri qanuni istifadə etməsi aşkar olunmuşdur.

26. **********01240 saylı abonentin saldosuna əsasən təbii qazdan istifadəyə görə İddiaçı 2022-ci il üzrə 4173.96 manat qalıq borcu qalmışdır.

27. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, “Qazdan istifadə Qaydaları” haqqında qanuna əsasən, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz, qoşulma hallarında qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığın və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İşin faktiki hallarından görünür ki, digər vətəndaşlarda olduğu kimi İddiaçı evində də sonuncu dəfə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, həmin vaxt onun sayğacdan kənar qazdan istifadə etməsi halı müəyyən olunmamışdır. xx.xx.2022-ci il tarixdə isə İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. Belə halda, məhkəmə hesab edir ki, İddiaçı qaz xəttindən qeyri-qanuni istifadə etməsi on yeddi günə münasibətdə hesablanmaqla, 4 x 24 x 17=1632 m3 x 0.12=195.84 manat təşkil edir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

30. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-340/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar