Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1376/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(031)-278/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən ona əsassız və artıq olaraq hesablanmış 4354 (dörd min üç yüz əlli dörd) manat məbləğində borcun (ziyanın) **********08880 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran rayonu TQQSX-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək həmin aktda yaşadığı Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə olunmasının aşkarlandığı, dəymiş ziyanın hesablanması və ziyanın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Həmin aktın əsasında X16 İstismarı İdarəsi tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”də PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 kubmetr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, 28 kv-lik kombinin maksimal saatlıq qaz sərfi 3 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir (1.2x24x360=10368. 3x24x360=25920). Nəticədə ona 4354.56 (dörd min üç yüz əlli dörd manat, əlli altı qəpik) manat məbləğində ziyan (borc) hesablanmışdır. Yaşadığı Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evini qismən, yəni 1 otağını orta şəkildə təmir etdirərək 31 avqust 2022-ci il tarixində evin avadanlıqlarını yerləşdirmək üçün ailəsi ilə birlikdə həmin evə gəlmişlər. Həmin vaxt evə qaz turbaları çəkilmədiyindən, qaz sayğacı quraşdırılmadığından uşaqlar üçün çay qızdırmaq üçün evdəki dörd göz qaz peçini şlanq vasitəsilə müvəqqəti olaraq qaz xəttinə qoşmuşdur. 31 avqust 2022-ci il tarixində Şabran rayonu TQQSX-nin nümayəndələri Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evində olarkən evdə 2 azyaşlı övladları olmuş, həmin vaxt həyat yoldaşı və o evdə olmamışlar. Bu zaman Şabran rayonu TQQSX-nin nümayəndələri uşaqlarına hədə-qorxu gələrək məcburi şəkildə evə daxil olmuşlar. Həmin vaxt övladı anası ilə əlaqə saxlamış və həyat yoldaşı evə getmişdir. xx.xx.2022-ci il tarixli akta isə həyat yoldaşı imza etməmiş, aktda həyat yoldaşının adını yazmaqla onun adının qarşısında Şabran rayonu TQQSX-nin nümayəndəsi imza etmişdir. Bir daha qeyd edir ki, 31 avqust 2022-ci il tarixində evin avadanlıqlarını yerləşdirmək məqsədi ilə həmin evə getmişdilər. Həmin tarixədək Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evində yaşayış mövcud olmamış, təbii qazdan istifadə edilməmişdir. O, ailəsi ilə birlikdə 01 sentyabr 2022-ci il tarixində 1 otağını orta şəkildə təmir etdirdiyi həmin evə köçmüşlər. 31 avqust 2022-ci il tarixində 3-4 saat müddətinə qazdan istifadə edilmişdir ki, bu da hesablansa 0.57 qəpik pul təşkil edir (maksimal saatlıq qaz sərfi 1.2m3/saatx4saat=4.8, 4.8x0.12AZN=0.57AZN). X15 Qaz İstismarı İdarəsi tərəfindən ona hesablanmış borcun (ziyanın) 4354 manatı şişirdilmiş, artıq borcdur. Belə ki, fərdi yaşayış evində aktda göstərilən axımlı su qızdırıcısı, tələbnamədə göstərilən kombi olmamış, yalnız xx.xx.2022ci il tarixində 3-4 saat müddətinə 4 göz qaz peçindən istifadə edilmişdir. Həmin evdə 4 göz qaz peçindən başqa heç bir qızdırıcı soba olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixində onun evinə heç qaz turbaları belə çəkilməmişdi. Belə olan halda o, kombidən necə istifadə edə bilərdi. Hal-hazırda da yaşadığı evdə kombi sistemi quraşdırılmamışdır. Daha sonra qaz paylayıcısı ilə aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və abonent kodu verilmişdir. Cavabdeh qurumun nümayəndələri tərəfindən tərtib olunmuş aktda və tələbnamədə göstərilənlər hamısı yalandır. xx.xx.2022-ci il tarixli akt əsasında ona hesablanmış borc (ziyan) əsassız və şişirdilmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən ona əsassız və artıq olaraq hesablanmış 4354 manat məbləğində borcun (ziyanın) **********08880 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı onların qonşularıdır. 31 avqust 2022-ci il tarixdə Fərid evinə köçmüşdür. Həmin gün Fərid əşyaları daşımaqda kömək edənlərə çay vermək məqsədi ilə qaz xəttinə rezin boru keçirməklə dörd göz qaz peçindən istifadə etmişdir. Onun əvvəllər qazdan belə istifadə etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İddiaçı onun qonşusudur. 31 avqust 2022-ci il tarixdə avtobazanın yanındakı evindən təzə tikdiyi evə əmlakının daşınmasında Fəridə köməklik etmişdir. Həmin ev təzə təmirli ev olmuşdur, əmlakı boşaltdıqdan sonra onlara çay vermişlər. Evdə qaz yanmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, İddiaçı tanıyır. 31 avqust 2022-ci il tarixdə onun maşını ilə həmin evə yük daşımışlar. Ev təzə idi, orada yaşayış hiss olunmurdu, yəni, yaşayış olmamışdır. Evdə qaz yanmasını görməmişdir. Əvvəllər həmin evdə qazın olubolmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən günorta vaxtı ona zəng edib bildirmişlər ki, onun xidmət göstərdiyi ərazidə əlavə xətt çəkilməklə qazdan istifadə edilir. O, da demişdir ki, dünən həmin ərazidə olmuşdur, əlavə xətt çəkilməklə qazdan istifadə edilməsini görməmişdir. Sonra həmin əraziyə gedib baxmışlar, həqiqətən də İddiaçı tərəfindən əlavə xətt çəkilməsi aşkar edilmişdir. Akt hadisə yerində tərtib olunmamışdır, akt idarədə yazılıb, onlar tərəfindən evə baxış keçirilməmişdir. Aktdakı imza onundur. Həmin akta idarədə qol çəkmişdir. Şabran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(031)-278/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən İddiaçı əsassız və artıq olaraq hesablanmış 4351.1 (dörd min üç yüz əlli bir manat 10 qəpik) manat məbləğində borcun (ziyanın) **********08880 saylı abonent kodundan silinməsi qət edilmişdir ( hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(031)-278/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran XS-nin satış xidmətinin işçiləri Təranə İsaqova, Ülkər Süleymanova və Raiq Muradov xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı evə gələrək qaz sayğacına baxmış və sayğac işləmədiyinə görə abonentin qaz xətlərinə baxış keçirmiş və abonentin təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə halı aşkar etmişlər və bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı həyat yoldaşı X4 heç bir irad bildirmədən həmin akta imza etmişdir. Sayğacdan kənar xətt aşkar edilərkən bütün prosesin video çəkilişi aparılmış, çəkliş diskə köçürülmüşdür. Lakin buna baxmayaraq Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-278/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək abonent İddiaçı hesabından 4351,10 manat məbləğində borcun silinməsi qət edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 17 oktyabr 2022-ci il tarixli 10/1154-22 saylı müqavilədən görünür ki, X16 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 25920 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş təbii qazandan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evində istehlakçı kimi qeydiyyata alınmadan təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar olunmuşdur. Dəymiş ziyan hesablanması və qazın dəyərinin ödənilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus yaşayış evinə Elster tipli G-4 markalı **********7 №-li yeni sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş **********08880 saylı abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2022-ci il üzrə 4354.56 manat qalıq borcu qalmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********08880) xx.xx.2022-ci il tarixində baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmiş və bu barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuş və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəyəri ödənilmədən 26288 kub/metr təbii qazın istehlak edildiyi müəyyən olunmuş və abonentə 4351.1 (dörd min üç yüz əlli bir manat 10 qəpik) manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, İddiaçı məxsus Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evinin qaz xətlərinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş və itirilmiş qazın dəyəri olaraq abonentə 4351.1 (dörd min üç yüz əlli bir manat 10 qəpik) manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulmasını, bunun əsasında sözügedən aktın tərtib edilərək cərimə yazıldığını qeyd etmiş olsa da, qazdan qeyri-qanuni istifadə nəticəsində 26288 kub/metr təbii qazın istehlak edildiyini və bunun nəticəsində Cavabdehnə 4351.1 (dörd min üç yüz əlli bir manat 10 qəpik) manat məbləğində ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə kollegiyasının araşdırması zamanı, eləcə də birinci instansiya məhkəməsinin baxışı zamanı şahidlərin ifadələri əsasında müəyyən edilmişdir ki, İddiaçı Şabran şəhəri 5 sotlar massivində təzə ev tikdirmiş, 31 avqust 2022-ci il tarixdə ev əşyalarını həmin evə daşımış, həmin günədək evdə yaşayış olmamış, qonaqlara isti çay vermək məqsədilə evdə olan dörd göz qaz peçinə şlanqla qeyri-qanuni yolla qaz çəkib istifadə etmiş, həmin qaz xəttindən cəmi bir gün istifadə etmiş, evdə kombi aparatı olmamış, eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh İB-nin Şabran rayon TQQSX-nin nəzarətçi çilingəri vəzifəsində işləyən X14 ifadəsində xx.xx.2022-ci il tarixdə təxminən günorta vaxtı ona zəng edib onun xidmət göstərdiyi ərazidə əlavə xətt çəkilməklə qazdan istifadə edildiyi bildirilmiş, o isə dünən həmin ərazidə olduğunu, əlavə xətt çəkilməklə qazdan istifadə edilməsini görmədiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(031)-278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1376/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1376/2023
26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver