Məhkəmə qərarları › İş №2(105)-1383/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1383/2023

24.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1383/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), və ibarət tərkibdə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X2 Bankı”na qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-8/2023 nömrəli qərardadından “X2 Bankı” tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X2 Bankı”na qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1382 reyestr nömrəli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, RX 12187073 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü ildə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iş üzrə icraatın dayandırılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-972/2021 saylı iş üzrə yenidən baxılıb yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən iddiaçının icraatın dayandırılması barədə ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı indiyə qədər əsassız iddiasını sübut edə bilməmiş və dəfələrlə həmin iş üzrə icraatın dayandırılmasına nail olmaq fikrinə düşmüşdür. Bundan başqa, ipoteka predmeti barədə iddia qaldırdığını və məhkəmə çəkişmələrinin getdiyini digər məhkəmələrdə dividend və imtiyaz qazanmaq üçün ortaya atmış və mülki hüquqdan suiistifadə edərək məhkəmələri yanlış istiqamətə yönəltmişdir. Ali Məhkəmənin 2(102)-1781/2023 saylı işi üzrə qərarı hələ ki, portala yerləşdirilməmiş və məzmunu, yəni Bakı Apellyasiya Məhkəməsinin 2(103)-972/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadının hansı əsaslarla ləğv edildiyini bilmədən tələsik ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edir və icraatın dayandırılmasını tələb edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-8/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı borcun qaytarılması və digər” tələbi barədə ilkin iddiası, "xxxx" MMC və Cavabdeh3 İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X2 Bankı”na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (hakim Emin Abdullayev). Qərardaddan cavabdeh “X2 Bankı” şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vidadi Məmmədov tərəfindən 2(102)-1781/2023 saylı iş üzrə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)-972/2021 saylı qərardadının tam ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Adıçəkilən qərar elektron məhkəmə sistemində yerləşdirilməmişdir və apellyasiya instansiyası məhkəməsinin qərardadının hansı əsaslarla ləğv olunduğu barədə nə iddiaçı, nə də Sumqayıt şəhər Məhkəməsi məlumatlı deyildilər. Bundan əlavə, apellyasiya məhkəməsinin qərardadı məhkəmə aidiyyəti məsələsi ilə bağlıdır və kassasiya instansiya məhkəməsinin qərarı ilə iddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayətinə baxılmışdır. Həmin qərar ipoteka müqaviləsinin etibarsızlığına dair iddia ərizəsinə baxılmasının qeyri-mümkünlüyünə əsas vermir, həmin işə baxılmasına heç bir formada maneə yaratmır. İddiaçı iddia tələbinin əsassız olduğundan və iddianın əsaslı olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən üçüncü dəfə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də bu xahişi (vəsatəti) heç bir qanuni əsaslandırma gətirmədən təmin etmişdir. İddiaçının "xxxx" MMC-yə və Cavabdeh3 qarşı borcun qaytarılması və digər tələbinə, "xxxx" MMC-nin və Cavabdeh3 hazırkı iş üzrə iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı hazırki iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb edən faktları müəyyən etməyəcək. Əks halda məhkəmə həmin preyudisial əhəmiyyət kəsb edən faktları qərardadında şərh edərdi. Məhkəmə bu məsələyə dair heç bir əsaslandırma gətirməmişdir. Qərardadda qeyd olunmuşdur ki, “.... iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi üçün, öncə cavabdehlərin iddiaçıya borclu olub – olmasmasının müəyyən edilməlidir.” Məhkəmənin gətirdiyi əsaslandırmanı qanunazidd və qərəzli hesab edirlər. Belə ki, məhkəmə iddiaçının iddianı irəli sürmək üçün müddətin ötürülməsinə, iddianın əsassız olmasına, ipotekadan irəli gələn kredit münasibətlərinin mövcudluğu barədə cavabdehlər tərəfindən təqdim olunan sübutlara qiymət vermədən gələcəkdə iddiaçı üçün subyektiv hüququn meydana gələcəyi ehtimalı ilə icraatın dayandırılmasını qərara almışdır. Hakim isə birtərəfli mövqeyini nümayiş etdirərək bütün bu sübutlara hüquqi qiymət verməkdən yayınmaq üçün əsassız olaraq İddiaçı nümayəndəsinin ərizəsi ilə icraatı dayandırmışdır. Məhkəmə yuxarıda qeyd edilən əsaslandırması ilə etiraf etmişdir ki, iddiaçının hal-hazırda qeyd edilən iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Lakin məhkəmə ümid edir ki, digər işə baxılıb qurtarandan sonra iddiaçının belə bir subyektiv hüququ yarana bilər. Bu halda məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməli idi, çünki özünün etiraf etdiyi kimi iddiaçının subyektiv hüququ yoxdur. Gələcəkdə, nə vaxtsa iddiaçının subyektiv hüququ yaranarsa o yeni açılmış hallar üzrə hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarını mübahisələndirə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(060)-8/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 8/2023 nömrəli qərardadı ləğv edilməli, vəsatət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən ona əsaslanmışdır ki, hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, "xxxx" MMCnin mülkiyyətində olan ünvan 1 ünvanında olan yaşayış binası “X2 Bankı” qarşısında ipoteka müqaviləsinə əsasən yüklü edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı olan məbləğ həmin əmlaka yönəldilə bilmir. Bu səbəbdən iddiaçı həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Yəni, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi üçün, öncə cavabdehlərin iddiaçıya borclu olub-olmamaları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının "xxxx" MMC-yə və Cavabdeh3 qarşı borcun qaytarılması və digər tələbinə, "xxxx" MMC-nin və Cavabdeh3 hazırkı iş üzrə iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmədən hazırkı işə baxılması mümkün deyildir. Bu səbəbdən həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qərardadla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələblərinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. İşdən görünür ki, hazırkı iş üzrə iddiaçının cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı borcun qaytarılması və digər tələbinə dair ilkin iddiası, "xxxx" MMC-nin və Cavabdeh3 hazırkı iş üzrə iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlərdən əsas borc üzrə 7 547 750 manat, dəbbə pulu üzrə 1 000 000 manatın müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-972/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023- cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı borcun qaytarılması və digər tələbinə dair ilkin iddiası, "xxxx" MMC-nin və Cavabdeh3 hazırkı iş üzrə iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddiasına dair mülki iş həll edilməyincə hazırkı iş üzrə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və “X2 Bankı”na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair işə baxılmasının mümkün olmaması müəyyən edilmədiyindən iş üzrə icraat davam etdirilməli və mahiyyəti üzrə baxılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vаrdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-8/2023 nömrəli qərardadı ləğv edilməli, iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməli, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-8/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iş üzrə icraatın dayandırılması barədə ərizəsi təmin edilməsin. İşə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar