Məhkəmə qərarları › İş №2(105)-1384/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1384/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1384/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(067)-763/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(067)-763/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Sadıqov Anar). İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(067)-763/2022 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu ildə cavabdehlər arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3,5218 ha torpaq sahəsi 1998-ci ildən onun istifadəsində və sahibliyindədir. 1998-ci ildən 2004-cü ilə kimi həmin torpaq sahəsindən icarə müqaviləsinə əsasən istifadə etmişdir. Cavabdeh1 2004cü ildə torpaq sahəsini ona satmaq istədiyini və torpağı almağı təklif etmişdir. O, torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həmin vaxtlarda yerli icra hakimiyyəti orqanları alqı-satqı aparmışlar. Bu yolla o cavabdehin pulunu ödəyib mübahisəli torpaq sahəsini ondan satın almışdır. Sonradan ona məlum olmuşdur ki, aralarında olan alqı-satqı rəsmiləşdirilməlidir. Dəfələrlə alqı-satqını rəsmiləşdirmək üçün cavabdehin yanına getmiş, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək alqı-satqını yubatmışdır. Sonradan ona məlum olmuşdur ki, torpaq sənədinin əsli onda ola-ola cavabdehlər hansı yolnansa mülkiyyət sənədi əldə edib torpağı xx.xx.2019-cu ildə digər Cavabdeh4 satmışdır. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən ona satılıb və həmin torpaq sahəsi uzun illərdir ki, onun faktiki istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsinə dair xeyli xərc çəkmişdir, orada təsərrüfatı və malqarası var. Torpaq sahəsini almaq üçün cavabdehə 1400 ABŞ dolları, yəni hazırki pula nisbətdə 10000 manat pul vermişdir. Torpaq sahəsindən istifadə etdiyi müddətdə hər hektara görə 90 manatdan hər ildə subsidiya almışdır. Torpaq sahəsi onun istifadəsində və sahibliyində olmasına baxmayaraq cavabdehlər onun xəbəri olmadan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddia onunla əsaslandırılır ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3,5218 ha torpaq sahəsi 1998-ci ildən İddiaçı istifadəsində və sahibliyində olmuşdur. İddiaçı 1998-ci ildən 2004-cü ilə kimi həmin torpaq sahəsindən icarə müqaviləsinə əsasən istifadə etmişdir. Cavabdeh1 2004-cü ildə torpaq sahəsini satmaq istədiyini bildirmiş,həmin vaxtlarda yerli icra orqanlarında iddiaçı ilə alqı-satqı aparılmışdır. Xaçmaz Rayon Məhkəməsi 2(067)-763/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməməsini əsas gətirərək iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarım və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə, təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(067)- 763/2022 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(067)-763/2022 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli 18 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətlərində olan Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3,5218 ha torpaq sahəsini Cavabdeh4 satmışlar. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2019-cu il olan, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 3,5218 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)2493/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-418/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2493/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3241/2020 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)319/2021 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbi və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1981/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-319/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2 maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Birinci instansiya məhkəməsində iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(067)-763/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar